AVROPADAN HAKİMİYYƏTƏ SƏRT CAVAB

2012-01-15

Strasburq Bakıya son mesajını verdi

 AŞ PA İnsan Haqları və Hüquq Məsələləri üzrə Komitənin iclasının gündəliyinə siyasi məhbuslar məsələsi də daxil edilib; Ştrasserin səfərinə icazə verilməməsi iqtidara baha başa gələ bilər…

“Bu il yanvarın 26-da Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyası çərçivəsində keçiriləcək İnsan Haqları və Hüquq Məsələləri üzrə Komitənin iclasının gündəliyinə Azərbaycanda siyasi məhbuslar məsələsi də əlavə olunub”.

Bu haqda məlumatı qəzetimizə “İnsan Haqları Uğrunda” İctimai Birliyinin sədri Eynulla Fətullayev verib. Hüquq müdafiəçisinin sözlərinə görə, bu təşəbbüslə AŞ PA-nın siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasser şəxsən özü çıxış edib və onun təşəbbüsü komitənin rəhbərliyi tərəfindən təsdiq edilib.
“Artıq Azərbaycanda siyasi məhbuslar məsələsi komitənin gündəliyindədir. Və yanvarın 13-də AŞ PA-nın müvafiq komitəsinin rəhbəri mənə rəsmi dəvətnamə göndərərək iclasda məruzə ilə çıxış etmək üçün Strasburqa dəvət edib. Mən də artıq bu dəvəti qəbul etmişəm və məruzəmin üzərində işləyirəm”, – deyə E.Fətullayev bildirib.
Hüquq müdafiəçisinin verdiyi məlumata görə, komitə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovu da məruzəçi qismində komitəyə dəvət edib.
Bəs məhbuslar məsələsinin komitənin gündəliyinə K.Ştrasserin Azərbaycana gözlənilən səfəri ərəfəsində, birdən-birə salınmasının siyasi səbəbi nədir?
Bu sualla üz tutduğumuz diplomatik qaynaqlara yaxın mötəbər mənbələrimiz iddia edir ki, Azərbaycan hökuməti əvvəlki mövqeyinə sadiq qalıb və K.Ştrasseri Azərbaycana dəvət etməkdən qəti şəkildə imtina edib; çünki iqtidar rəsmiləri əvvəlki platformanı əsas götürməkdə bu gün də davam edirlər. Hökumət hesab edir ki, öncə siyasi məhbus statusunun bütün Avropa ölkələrinə şamil ediləcək vahid meyarları müəyyən edilməlidir, sonra Avropa Şurasına daxil olan Rusiya, Ukrayna, Ermənistan, Moldova kimi problemli ölkələrlə yanaşı Azərbaycan da yeni məruzəçi institutunun monitorinqi altına düşə bilər.
Bu fikri davam etdirən E.Fətullayev də bir müddət öncə səsləndirdiyi mövqeyinə qayıtdı: “Avropa Şurasının rəsmiləri sentyabrda buraxdıqları səhvin girovuna çevriliblər. Artıq Ştrasserin mandatı yalnız Azərbaycanla məhdudlaşmır. Azərbaycan iqtidarı da elə bu amildən yararlanır və manipulyasiyalar edir”.
Bəs bu müzakirələr Azərbaycana nə vəd edir? Ölkəmizlə bağlı hər hansı bir qətnamənin qəbulu real görünürmü? Hökumət AŞ PA-dakı müzakirələri qabaqlayaraq siyasi məhbusların bir qismini azad edə bilərmi? Yaxud Ştrasserin Azərbaycana buraxılmasına nəhayət, icazə verərmi?
Bir neçə ay ərzində komitənin eksperti kimi fəaliyyət göstərən hüquq müdafiəçisi E.Fətullayev son proseslərə istinad edərək inanır ki, Azərbaycan hakimiyyəti bu məsələdə çox prinsipial və barışmaz mövqe tutur. Qeyd edək ki, ekspertlərin qənaətinə görə, AŞ PA noyabrın 17-də Parisdə təyin edilən müzakirələri təxirə salmaqla növbəti yanlışlığa yol verib; çünki AŞ bu müzakirələrdən sanki bir təzyiq vasitəsi kimi istifadə etməyə cəhd etdi və bu müzakirələrin təxirə salınacağının əvəzinə Ştrasserin Bakıya dəvət olunacağını güman etdi. Amma bəlli olduğu kimi, bu, baş vermədi. Nəticədə üç aya yaxın müddət itirildi.
Lakin E.Fətullayev bu komitədə hansısa ciddi sənədin qəbul olunacağına inanmır: “Məncə, bu dəfə çox gərgin müzakirələr olacaq. Ola bilər ki, bir xəbərdarlıq tipli bəyanat qəbul edilsin, növbəti iclasda isə qətnamə verilsin. Yalnız komitə qətnamə qəbul etməlidir ki, məsələ artıq AŞ PA-nın gündəliyinə çıxarılsın. Zənnimcə, bu yaya qədər Ştrasser Bakıya gələ bilməsə, AŞ PA-nın müvafiq qətnaməsini gözləməyə dəyər”.
Siyasi şərhçilər də Strasburqla Bakı arasında gedən bu gərgin prosesə əsaslanaraq siyasi məhbusların yaxın zamanlarda azadlığa buraxılması ehtimalına bir qədər skeptik yanaşırlar. Onların qənaətinə görə, hələ dekabr əfvindən öncə xüsusilə aprelçilərin azadlığa buraxılacağı haqda anonslara inanmağa əsaslar görünmürdü ki, bu da özünü təsdiqlədi. Yəni siyasi məhbuslar həbsxanada qaldı. Ölkədəki siyasi situasiyanı, eyni zamanda hökumətin bu məsələdə nümayiş etdirdiyi mövqeyi nəzərə alan ekspertlər də bildirir ki, bu ilin sonuna qədər əsas məhbusların azadlığa buraxılacağına ümidlər zəif görünür. Lakin pozitiv olan budur ki, Avropa Şurası üçün ən prinsipial məsələ aprelçilərin və Fərhad Əliyevlə Rafiq Əliyevin azadlığa çıxmasıdır. Rəsmi Bakının dirənişi də elə bu üzdəndir…

Kamran ABBASBƏYLİ

“Yeni Müsavat”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button