Avropadan İntiqam Əliyevə yüksək mükafat – FOTO

intiqamaliyev2

Vyanada keçirilən tədbirdəhüquq müdafiəçisinin həbsxanadan göndərdiyi məktub elan olunub

«Bizim dəyərlərimiz sülh, demokratiya və insan haqları, onların dəyərləri isə hakimiyyət hərisliyi və zorakılıqdır»

Fevralın 4-də Vyanada Avropa Vəkillər Birliyinin (CCBE) 124-cü fövqəladə sessiyasında Azərbaycanda həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevə CCBE-nin ali insan haqları mükafatı təqdim olunub. Təqdimat mərasimində İntiqam Əliyevin həbsxanadan göndərdiyi çıxışın mətni təqdim olunub. Çıxışın mətnini vəkilin oğlu Nəcmin Kamil elan edib. İntiqam Əliyev yazır:

İntiqam Əliyev həbsxanadan yazır…

Dəyərli dostlar, yüksək etimada, bu xoş hissləri mənə və yaxınlarıma yaşatdığınıza görə namizədliyimi irəli sürənlərə, dəstəkləyənlərə təşəkkürümü çatdırıram.

XXI əsrdə hələ də elə ölkələr qalmaqdadır ki, orada insan haqları ziyanlı, bu fəaliyyətlə məşğul olan insanlar təhlükəli sayılırlar, onları təqib edirlər, öldürürlər, həbsə atırlar. Təəssüf ki, mənim ölkəmdə də bu durum ağır olaraq qalır.

Bu anlarda ölkəmdə əqidələrinə görə həbsə atılmış onlarla dostlarımı – jurnalistləri, gənc fəalları, siyasiləri, hüquq müdafiəçilərini qürur hissi ilə xatırlayıram.

Bu mükafatda adımı hansısa mənada simvolik sayıram: bunu həm həbsdə olan dostlarıma, həm də çox ağır duruma baxmayaraq, fəaliyyətini davam etdirən vətəndaş cəmiyyətinin fəaliyyətinə verilən dəyər, dəstək kimi qiymətləndirirəm.

Mən bu xoş anlarda həmçinin peşə fəaliyyətlərini həyata keçirdiklərinə görə dünyanın müxtəlif guşələrində həbsə atılmış həmkarlarımı xatırlayıram.

Bəzi ölkələrdə vəkillik riskli peşələrdən birinə çevrilib. Mənim ölkəmdə də həyatlarını, azadlıqlarını risk altına alaraq, son illərin ağır siyasi məhbus yükünü öz çiyinlərinə götürmüş vəkillər var, onlar əsl qəhrəmandılar. Bu mükafatda onların da payı var.

Həbs olunandan sonra dostlarımdan birindən dəstək məktubu almışdım. Məktub bir fikirlə bitir: “Bizim sevgimiz onların nifrətindən güclüdür”. Az sonra onun özünü də həbs etdilər. Bu şəxs təkcə Azərbaycanda yox, onun hüdudlarından çox-çox uzaqlarda söz azadlığının, igidliyin simvoluna çevrilmiş jurnalist Xədicə İsmayılovadır. Sərt senzuraya baxmayaraq, Xədicədən, həbsdə olan digər dostlarımdan, həmçinin azadlıqda olan çoxsaylı dostlarımdan, tanıdığım və tanımadığım insanlardan sevgi dolu məktublar almaqdayam və onlara eyni məzmunlu cavablar yazmaqda davam edirəm: “Möhkəm olun dostlar. Bizim sevgimiz onların nifrətindən güclüdür! Çünki bizim söykəndiyimiz dəyərlər sülh, demokratiya və insan haqlarıdır, onların dəyərləri isə hakimiyyət hərisliyi və zorakılıqdır”.

Bir daha əməyimə verilən bu yüksək dəyərə görə CCBE təşkilatına ən dərin minnətdarlığımı və ehtiramımı çatdırıram”.

Əli Kərimlinin təbriki

AXCP lideri Əli Kərimli tanınmış vəkili yüksək mükafata layiq görülməsi münasibətilə təbrik edib. Əli Kərimli təbriki “facebook” səhifəsində paylaşıb:

Tanınmış hüquqşünas, vicdan məhbusu İntiqam Əliyevə görün, Avropada necəyüksək dəyər verirlər? Intiqam bəy bir milyondan çox vəkilin təmsil olunduğu Avropa Vəkillər Birliyinin Ali İnsan Haqları Mükafatına layiq görülüb. Demokratik toplumlar Intiqam bəy kimi peşəkar, ziyalı vətəndaşlarına dəyər verərək, özləri də inkişaf edir. Avtoritarizmin əsarətində olan ölkələrdə isə İntiqam bəy kimi ictimai-siyasi xadimlərənəinki qiymət verilir, əksinə, belə işıqlı insanlar çox vaxt cəmiyyətdən təcrid edilir.

Həbsdə olan 100-dən artıq siyasi məhbusun mütləq əksəriyyəti olduqca qabiliyyətli, xalqını sevən insanlardır. Onları ictimai maraqları müdafiə etdikləri üçün həbs ediblər. Xalqımız həbsxanalarda necə qiymətli xəzinənin ondan gizlədildiyini bilməlidir.

İntiqam bəyi təbrik edirəm! Allah Intiqam bəyin və bütün digər siyasi məhbusların qapısını açsın!”

Xatırladaq ki, Intiqam Əliyev 2014-cü il avqustun 8-də həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay azadlıqdan məhrum edilib.

İntiqam Əliyev ona qarşı irəli sürülmüş vergidən yayınma, qanunsuz sahibkarlıq və s. ittihamları rədd edir. Yerli və beynəlxalq ictimaiyyət də onun insan haqlarının müdafiəsi sahəsində gördüyü işlərə görə siyasi sifarişlə həbs olunduğu qənaətindədir. Təsadüfi deyil ki, “Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatı IntiqamƏliyevi “vicdan məhbusu” elan edib.

azadlıq.info

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button