Avropadan öyrənməli kral toyu!

Hüseyn Xəzər

Hüquqşünas

Həmişə geri qalmağımızdan xəcalət çəkirdik, bu dəfə isə geridə qoymağımızdan…

Hələ də xəcalətini çəkdiyim bir məsələylə əlaqədar fikrimi sizlə bölüşməyə tələsdiyimə görə, keçirəm birbaşa mətləbə.

Bu günlərdə İngiltərə şahzadəsinin toy mərasimini Azərbaycan telekanalları hətta birbaşa efirlə gün ərzində tamaşaçılara kifayət qədər geniş təqdim etdilər. Fikrimcə, bundan onların özləri də zövq alır, gördükləri işə görə Azərbaycan tamaşaçısından “təşəkkür”gözləyirdilər. Bilmirəm, bunu ala bildilər, ya yox, amma mən bir tamaşaçı olaraq rəsmi mətbuat vasiətislə həmin telekanalların rəhbərlərinə bu canlı yayıma görə dərin təşəkkürümü bildirirəm. Bu hadisəyə, yəni ingilis toy mərasiminin Azərbaycanda bu cür təmtəraqla yayımlanmasına iki müxtəlif rakursdan baxmağı və əhəmiyyətini çözməyi təklif edirəm.

Birincisi odur ki, bu bir şou idi. Özü də ingilislərin özlərinə və kral ailəsinə bütün dünya ictimaiyyətinin diqqətini cəlb etmək üçün şou. Bu şoudan gələn maddi gəliri, qazancı qoyaq bir tərəfə. Yəni bu toy dünya ictimaiyyətinin dqqətini özünə bu dərəcədə çəkməmək şərtilə adi qaydada təşkil oluna bilərdi. Dünyada belə səviyyəli toylar çox olsa da, əksər hallarda heç bu qədər qabardılmır. Fikrimcə, bu məsələdə ingilislərin əsas məqsədi dünya ictimaiyyəti arasında əlavə rəğbət qazanmaq, nüfuz artırmaq, eləcə də özlərinin ali irqə, yüksək mədəniyyətə və tarixi köklərə mənsub əsl zadəgan, nümunəvi millət olduqlarını sübut etmək idi. Bunun arxasında isə bəlkə də özlərinin əsasən, Şərq və Afrika ölkələrində ümumbəşər faciələrinə səbəb olan əməllərinə bəraət qazandırmaq və hər işdə haqlı olduqlarını sübut etmək niyyətləri dayanırdı.

Elə ikincisi də şou idi. Ancaq bizim toy şoularından çox-çox tərbiyəli və əxlaqlı.

Məhz elə bu məsələ məni vadar etdi ki, ürəyimi boşaldım. Azərbaycanda az adam tapılar ki, bu günlərdə İngiltərə şahzadəsi Uilyamla Keytinin toy mərasimini hissə-hissə efirdən izləmiş olmasın. Mən də baxırdım. Amma onlara baxdıqca, özümüzdən – öz toylarımızdan xəcalət çəkirdim. Sanki hər şey tərsinə idi.

Gəlinin paltarı, kosmetikası, bəzək-düzəyi mənə bizlərin 1970-80-ci illərdəki kənd toylarını xatırladırdı. Efirdən bunu izləməyənlər üçün bildirim ki, paltarın qolları əlin üzünədək uzun, sinə və kürək görünmür və s.  Eləcə də toyda iştirak edən bütün xanımların geyimi abırlı. Xatırladıram ki, bu İngiltərə idi, qonaqlar isə kral ailəsinə uyğun səviyyəli təbəqə. Ancaq nə gəlinin, nə də qonaq xanımların geyimlərində açıq-saçıqlıq, hərəkətlərində şitlik görmədim. Elə bil ki, toydakılar lap zəngin milli mentalitetə məxsus və islam əxlaqlı azəri xanımları idi, öz  qeyrət simvolu olan ərən qardaşlarının, ərlərinin, atalarının yanlarında dayanmışdılar. Kilsəyə də gedib bizim sayağı desək, kəbin kəsdirəndə yenə kilsə qanunlarına ciddi riayət olunaraq gəlinin üzü örtülü idi.

Bəli, biz Avropanın ən inkişaf etmiş ölkəsinin ən ali ailəsinin – kral ailəsinin toyunda bunları və daha bir sıra örnək olası məqamları gördük və şahidi olduq. Ancaq görəsən, bunlardan xəcalət çəkib, örnək götürməli olan “müasir” və yaxud “daha sürətli inkişaf etmişlərimizə” bir balaca müsbət təsiri oldumu. Televiziyanın bu toy mərasiminin belə geniş yayımlamasında ola bilər ki, məqsəd bizlərin öz “çərçivəmizə” qayıtmağımıza bir işarə, bir çağırış idi. Əgər bu belə idisə, onda mən televiziyaçılara təkrarən təşəkkür edirəm.

Özümüz kimisi heç yerdə yoxdur. Kimdə pis nə varsa, onu tez qəbul edib, bərk-bərk də yapışırıq. Fərqinə varmadan ifratadək girişirik. Əgər hələ 80-ci illərdə toylarımızda gəlinlərimiz arını, abırını, həyasını, ismətini qoruyaraq böyük-kiçik sayıb toyda uzaqbaşı (restoran toylarında) bir dəfə oynayardısa, geyimində bir açıq-saçıq yer olmazdısa, cəmi 30 il sonra “gəlinlərimiz” yarıçılpaq geyimdə toy başlanandan qurtaranadək gah “bəylə”qol-boyun, gah dost-qohumla bütün musiqiləri tər tökə-tökə oynayır, özü də elə geyimdə ki, görünməyən əzası qalmır. Özünü 300-500 nəfərlik toy əhlinə tam nümayiş etdirir. Bundan sonra onun namusunu və qeyrətini qoruyacaq “ər” də yanında. Belə sürətlə ki biz “inkişaf” edirik deyəsən, daha bir 20-30 ilə artıq toylarımızda “gəlinlə bəy” dəniz paltarında əyləşəcəklər. Nə olub bizə?.. Bəy yanındakı gəlinin, ata yanına salıb toya gətirdiyi qızının, qardaş bacının, ər arvadın və s. geyindiyi paltara, oynadıqları rəqslərə baxıb heç utanmır? Fikrimcə yox. Əksinə fəxr edirlər. Ancaq belələri oturub-durduqları əhatədə həmişə qeyrətdən, namusdan, kişilikdən dəm vurur, başqalarını müzakirə edirlər. Təəssüf …

Beləliklə, Avropa növbəti dəfə bizə dərs verdi. Ancaq bu dərs həmişəkindən fərqli olaraq xeyrimizə idi. Görək, bu dərsdən biz müsbət nəticə çıxara biləcəyikmi? Yoxsa özümüzü daha “sovremenni” hesab edib onları geri qalmışlıqda qınayacayıq?

Yaxşı, əgər Avropanın, qərbin “mədəniyyətinə” meyl ediriksə, daha doğrusu, edirsinizsə, danışığınızı, geyiminizi, rəftarınızı və s. desək də, deməsək də onlarınkına oxşadırsınızsa, “bəylər və xanımlar”, onda sizdən bir xahişim var: Heç olmasa toylarda da özünüzü Avropanın ən inkişaf etmiş ölkələrindən birinin kral ailəsinin toy mərasimindəki kimi aparın. Axı bu gedişlə biz uçuruma yuvarlanırıq…

Sözsüz ki, məni “boğan” bu iradlar hamıya aid deyil. Bizdə ar-abırını qoruyan qeyrətli insanlar çoxdur. Yəqin ki, toxunduğum bu məsələ onların da ürəyincədir. Ancaq razılaşın ki, bu cür abırını gözləyən, geyiminə və hərəkətlərinə fikir verən insanlar ümumi toy iştirakçılarının 10%-dən çoxu deyil. Bu da o deməkdir ki, bu cəmiyyətin ümumi bəlasıdır ki, düşmüşük. Təəssüflər olsun ki, bu faiz də get-gedə azalmaqdadır. Bəs bu millətin faciəsi deyilmi? Niyə bu faciəni görmürük? Niyə dayanmırıq?

Əminəm ki, məqaləni oxuyan hər bir kəs bunların səbəbini və qarşısının alınma yollarını kənarda axtaracaq. Ancaq belə deyil. Bu rüsvayçılıqla hər kəs özü mübarizə aparıb, ərki, nüfuzu və gücü çatan dairəyə təsir etsə, qısa müddətdə “özümüzə qayıda” bilərik. Yoxsa…

“Xural” qəzeti,

Il: 9, sayı: 019(429), 15-21 may 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button