“Avroviziya məhbusları”nın valideynləri yenidən işə baxılmasını tələb etdilər – VİDEO/FOTO


“Eurovision -2012” yarışlarının Azərbaycanda keçirilməsi 30 nəfərə yaxın “siyasi məhbus”un yaranması ilə nəticələndi. Həmin ərəfədə keçmiş MTN tərəfindən müxtəlif vaxtlarda həbs olunan bu məhbuslar iddia olunduğu kimi bir-birini tanımasalar da qrup şəklində cinayət məsuliyyətinə cəlb olundular. Artıq 7 ildir ki, ağır cəzaçəkmə müəssisələrində məhkum həyatı yaşayan bu gənclərin valideynləri ölkə rəhbərliyini müraciət edərək, övladlarının “Eldar Mahmudovun şər maşını”ndan qurtarmağa çağırır, işə yenidən baxılmasını tələb edirlər.

15 Saylı cəzaçəkmə müəssisəsində məhkum olan, İqtisadiyyat universitetini qırmızı diplomla bitirmiş Həsən Zəlimxanovun anası Xatın Zəlimxanovanın sözlərinə görə, 2012-ci ildə Avroviziya yarışlarının Azərbaycanda keçirildiyi vaxt keçmiş MTN-nin sabiq naziri Eldar Mahmudov 29 gənci şərləyərək həbs etdirdi.

Halbuki o gənclərin heç biri nə adam öldürmüş, nə təxribat törətmiş, nə də ciddi cinayət törətməyiblər.  Biz demirik ki, onlar günahsızdrlar. Amma o gənclərin arasından 3 nəfərə ömürlük, qalanlarına isə 10 ildən 15 ilədək cəza hökmü çıxarılıb.  Heç adam öldürənə, ressidivistlərə o qədər cəza vermirlər. Xatın Zəlimxanovanın sözlərinə görə son 7 ildə döymədikləri məmur qapısı qalmayıb. Dəstə-dəstə məktublar göndəriblər.Xatın xanım onu da qeyd etdi ki, bütün valideynlər ötən illər ərzində ağır xəstəliklərə tutulublar.

Ömürlük məhkum Əmir Muradovun atası, II qrup əlil, xərçəng xəstəsi Zəkrulla Muradovun sözlərinə görə, Avroviziya yarışmasına qarşı təxribat törətməkdə ittiham olunan bu gənclərin müxtəlif vaxtlarda qrup şəklində həbs olunması da cinayətin qarşısının alınmasına yox, MTN-nin antiterror idarəsinin quraşdırdığı əməliyyata əsaslanır.

Ən hiddətdoğuran haqsızlıq da odur ki, Əmir Muradovun yanında ölüm hadisəsi baş verdiyi üçün ona da ömürlük həbs cəzası veriblər. Halbuki onun oğlunun ölüm hadisəsilə bağlı nə brbaşa, nə də dolayısı ilə heç bir əlaqəsi olmayıb.

Zaur Əliyev bildirir ki, qardaşı  Ağasadıq Əliyev gecə vaxtı yatdığı yerdə MTN əməkdaşlar tərəfindən qoluna qandal vurularaq aparılıb. İstintaqın aparıldığı 2 il müddətində müxtəlif təzyiq və zorakılıqla üzləşdikdən sonra qardaşına qarşı məhkəmə hökm çıxarıb və Zaur Əliyevin işi  heç bir zaman üz-üzə gəlmədiyi, ümumiyyətlə tanımadığı 29 nəfərlik qrup cinayətinin işinə daxil edilib və 15 il azadlıqdan məhrum edilib. İstintaq materiallarında göstərilib ki, Ağasadıq Əliyev texniki fənlər üzrə mütəxəssis olduğu üçün çox güman ki, partlayış qurğuları düzəldə və ondan istifadə edə bilərdi. Əsaslı dəlil olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ən ağır maddələri işə daxil edilib.

Zaur Əliyev qardaşının Qobustan qapalı tipli ağır cəzaçəkmə müəssisəsinə yerləşdirilməsini də haqsızlıq hesab edir. Onun sözlərinə görə, qarşılaşdıqları bu qədər haqsızlıqdan sonra bütün ümidləri yoxa çıxıb. Dəfələrlə müvafiq orqanlara etdikləri şikayəti də heç kim dinləmir. 29 ailənin bütün üzvləri ötən illər ərzində bütün orqanlara müraciət edib, işə yenidən baxılmasını istəsələr də, fəryadlarını eşidən olmayıb.

74 yaşlı Nəzakət Əsgəroğlu Nəriman Abbasoğlunun xalasıdır. O, ailədə yeganə adamdır ki, Nəriman Abbasoğlunun hüquqlarını müdafiə etmək üçün ayaqda dura bilir. Çünki ailənin bütün üzvləri bu və digər xəstəliklərdən əziyyət çəkirlər və yerimək qabiliyyətlərini itriblər.

Nəzakət xanım bizimlə söhbətdə bildirdi ki, Nəriman Abbasoğlu  qeyri-rəsmi Nərgiz Paşayevaya məxsus Üns teatrında çalışıb. Eldar Mahmudovun əmri ilə MTN-nin Antiterror İdarəsinin əməkdaşları ondan tələb ediblər ki, Nərgiz Paşayevaya məxsus kompyuterin parolunu sındırıb, onun içərisinə daxil ola bilsinlər. Bu əməliyyatı aparmaqdan imtina edən Nəriman Abbsoğlu ilə MTN əməkdaşları arasında mübahisə yaranıb və ona hədə-qorxu gəlinib. Nəzakət xanım hesab edir ki, MTN –nə həmin dövrdə hansısa məluatları toplamaq üçün Nərgiz Paşayevanın kompyuterinə girmək lazım olub. Lakin Nərimanın onlara tabe olmaması nəticəsində Eldar Mahmudovun əməkdaşları bu məlumatları əldə edə bilməyiblər. Bu isə onları çox əsəbləşdirib. Nərimanı günahsız olaraq həbs etməklə sübut ediblər ki, MTN-nin əmrlərinə tabe olmayan adama qarşı hansı qanunsuz tədbirlərə əl atıla bilər, törətmədiyi cinayətlərə görə ən ağır maddələrlə necə cinayət işi açılar və hətta işi böyüdüb qrup cinayətinə də daxil edərək ən ağır cəzaya məhkum edə bilər.

Günahsız yerə həbs olunduqları iddia olunan 29 gəncin valideynləri adından danışan Xatın Zəlimxanova işə yenidən baxılmasını xahiş edir.

Redaksiyadan: Reportajda adı çəkilən hər bir şəxsin mövqeyini dərc etməyə hazırıq.

 

Xural.com

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button