Avstriyalı idmançıları vuran sürücü cəzalandırıldı

Bakıda avstriyalı idmançıları vuran avtobus sürücüsü həbs edilib. Bu barədə Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin yaydığı birgə məlumatda deyilir.

xural.com xəbər verir ki, məlumatda deyilir: “2015-ci il iyun ayının 11-də, saat 8.30-da, I Avropa Oyunlarının “Atletlər kəndi”nin nəqliyyat deposunda, “Bakubus” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Pacerə bədən xəsarətləri yetirib.
Adları çəkilən idmançılar dərhal xəstəxanaya yerləşdirilərək onlara bütün zəruri tibbi yardımlar göstərilib, sonradan isə müalicələrini davam etdirmələri üçün Azərbaycan hökuməti tərəfindən Vyana şəhərinə göndərilmələri təmin edilib.
Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi (ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) ilə cinayət işi başlanılıb.
Yol-nəqliyyat hadisəsini törətmiş avtobusun sürücüsü Vəli Əhmədov elə həmin gün şübhəli şəxs qismində tutulmuş və ona ittiham elan edilməklə məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Prosessual araşdırmalar çərçivəsində, həmçinin yüksək ixtisaslı sürücülərin işə götürülməsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyən «Bakubus» Məhdud Məsuliyyətli Cəmiyyətin aidiyyəti vəzifəli şəxslərinin hüquqi məsuliyyət məsələsinə də baxılır.
İş üzrə istintaq hərəkətləri davam etdirilir.

xural.com 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button