AXCP fəalına 6 il həbs cəzası kəsildi

O.Baxışlının anası K.Rəhimli

AXCP Gənclər Komitəsinin üzvü Orxan Baxışlıya 6 il həbs cəzası verildi. Sentyabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində Mahmud Ağalarovun sədrlik etdiyi hakimlər kollegiyası belə hökm çıxarıb.

Hökm elan olunmamışdan öncə O.Baxışlının vəkili Elçin Sadıqov çıxış edib. Cəbhəçi gəncə bəraət verilməsini istəyən vəkil bildirib ki, ittiham əsassızdır, O.Baxışlı təqsirsizdir.

Müdafiəçi deyir ki, əvvəla, Orxanın üzərində narkotik olmayıb: «Hətta narkotik olsaydı belə, ona satış ittihamı verilə bilməzdi. Ali Məhkəmənin qərarı var ki, narkotik ayrı-ayrı bükümlərdə olduqda bu, satışı ehtiva edə bilər. Orxanın üzərindən isə bir bükümdə narkotik tapıldığı iddia olunur».

Cinayət işinin materiallarında çoxsaylı qanun pozuntularının, ziddiyyətlərin olduğunu deyən vəkil çıxışının sonunda O.Baxışlı haqqında bəraət hökmü çıxarılmasını xahiş edib.

«Sevgilim və mübarizə arasında seçim etmək məcburiyyətində qaldım…»

O.Baxışlı özü də məhkəmədə son sözünü deyib. Bildirib ki, bu həbs onun üçün mübarizənin növbəti mərhələsidir. Ölkənin azadlığı, demokratikləşməsindən ötrü mübarizəyə qoşulduğunu və başına gələnlərə baxmayaraq, bundan peşman olmadığını deyən cəbhəçi gənc valideynlərə də müraciət edib. Onları övladlarını mübarizədən çəkindirməməyə çağırıb: «Bizdə Seymur Həzinin ailəsi, Yaqublular ailəsi kimi möhtəşəm nümunələr var… Mən həbsdə olan əqidədaşlarım Gözəl Bayramlımın, Fuad Qəhrəmanlının, Babək Həsənovun, Ruslan Nəsirlinin və digərlərinin yanında olduğuma görə fəxr edirəm. Mən bu vətənin uğrunda tərəddüd etmədən ölümə gedərəm. Mənim sevgilim vardı, qarşımda «ya mən, ya mübarizə» seçimi qoydu. Baxmayaraq ki, onu çox sevirdim, amma yenə də mübarizəni seçdim…».

O.Baxışlının son sözündən sonra hakimlər müşavirəyə gedib. Təxminən üç dəqiqəlik müşavirədən sonra hökm elan olunub.

O.Baxışlı haqqındakı hökmə «Azadlıq!» şüarlarıyla reaksiya verib.

«Oğlumu şərləyənləri bağışlamayacağam»

O.Baxışlının anası Kəmalə Rəhimli AzadlıqRadiosuna bildirib ki, oğlu şərlənərək həbs olunub və bu işdə əli olanları bağışlamayacaq: «Narkotiki atanlardan tutmuş, hökmü çıxaranlara qədər, heç birini bağışlamayacağam. Allah da bağışlamayacaq. Ancaq mən bu mübarizədə Orxanın yanındayam. Oğlumla fəxr edirəm».

Xatırlatma

AXCP Gənclər Komitəsinin üzvü O.Baxışlı mayın 7-də saxlanıb. Onun üzərindən 6 qram heroin tapıldığı iddia olunur.

Gənc fəal ittihamı rədd edir, narkotikin cibinə polislərin atdığını deyir.

AXCP-dən isə bildirilib ki, O.Baxışlı həbsindən bir neçə gün öncə – mayın 3-də Beynəlxalq Söz Azadlığını Müdafiə Günü ilə əlaqədar mərhum jurnalist Elmar Hüseynovun məzarı önündə etdiyi çıxışa görə cəzalandırılıb. Həmin çıxışda gənc fəal E.Hüseynovu bu hakimiyyətin qətlə yetirdiyini bildirib. Hakimiyyət rəsmiləri isə belə iddiaları yalanlayırlar və E.Hüseynovun qətilində günahkar olanların tapılıb cəzalandırılmasında maraqlı olduqlarını deyirlər. Həmin qətldən 13 il keçib.(azadliq.radiosu)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button