AXCP fəalının məhkəməsi vəsatətlərin təmin olunmaması ilə başladı FOTO VİDEO

Bu gün Bakı Apellyasiya məhkəməsində AXCP Xətai rayon Gənclər Komitəsinin sədri Fuad Əhmədli barədəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə ilkin baxış iclası kecirilib. Prosesə Rizvan Səfərovun sədrliyi ilə məhkəmə kollegiyası baxıb.
Vəkil Əsabəli Mustafayev apellyasiya şikayətini müdafiə etdiyini bildirərək əlavə olaraq vəsatətlər verib. O, bildirib ki, məhkəmə barədə ona gözlənilmədən xəbər verilib, vəsatətləri şifahi şəkildə verir, lakin sonradan yazılı təqdim edəcək.
Vəkilin ilk vəsatəti Fuad Əhmədlinin dəmir barmaqlıqlar arasından çıxarılaraq müdafiəçinin yanında əyləşməsi barədə olub. Hakim bu məsələnin konvoyun ixtiyarında olduğunu deyib. Konvoy isə buna lüzum olmadığını bildirdikdən sonra vəsatət təmin olunmayıb.
İkinci vəsatət məhkəmə prosesinin audio və video çəkilişləri ilə aparılması barədə olub. Vəkil bunu məhkəmə iclas protokolllarının sonradan təhrif olunması ilə əlaqələndirsə də, hakim yerində müşavirə edərək vəsatəti təmin etməyib.
Digər vəsatətlər isə işə bəraətverici əsaslarlarla xitam verilməsi, həbs qətimkan tədbirinin dəyişdirilməsi və məhkəmənin qismən istintaqla aparılması barədə olub.
Dövlət ittihamını müdafiə edən Ceyhun Əliyev həm əvvəlcə təmin olunmamış iki vəsatətə, həm də sonrakı üç vəsatətə münasibət bildirərək onların təmin olunmamasını istəyib.
Hakimlər müşavirədən qayıdaraq vəsatətlərin təmin olunmamasını bildirərək, məhkəmə baxışının avqustun 16-sı saat 15:00-a təyin olunmasını elan edib.

(azadliq.info)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button