AXCP funksionerləri məhkəmədə ağlasığmaz işgəncələrdən danışıblar

Həbsdə olan AXCP funksionerləri – Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, partiyanın Nərimanov şöbəsinin sədr əvəzi Babək Həsənov, Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirov, Xalq Cəbhəsinin hakimiyyəti dövründə Gədəbəyin icra başçısı olmuş Saleh Rüstəmov və onun qardaşı oğlu Vidadi Rüstəmlinin işi üzrə məhkəmə istintaqı tamamlanmaq üzrədir. Artıq şahidlərin dindirilməsi mərhələsi yekunlaşıb.

Təqsirləndirilən şəxslər ötən məhkəmə iclaslarında ifadə verəndə demişdilər ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində onlara işgəncə altında müəyyən ifadələrə imza atdırmaqla yanaşı, həm də videoçəkiliş aparıblar.

Rusiyadan Saleh Rüstəmov vasitəsilə Bakıya – AXCP sədri Əli Kərimliyə yüzminlərlə dollar pul göndərilməsi barədə ifadədə yazılan sözləri kamera qarşısında da təkrarlamaq tələb olunub.

Fevralın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə keçirilən iclasda sübut kimi cinayət işinin materiallarına əlavə olunmuş videogörüntülər nümayiş etdirilib. Görüntülərdən birində Saleh Rüstəmov ailəsinin onun üçün tutduğu vəkil İlhamə Həsənovadan imtina etmək istədiyini bildirir.

Başqa bir videogörüntüdə Ruslan Nəsirov külli miqdarda göndərilən pulların Əli Kərimliyə çatdırılmasından danışır.

Məhkəmədə nümayiş etdirilən görüntülərdə Ruslan danışarkən onun tez-tez bir nöqtəyə baxıb, sonra fikrini davam etdirməsi onun vəkili Fariz Namazlının diqqətini çəkib. Vəkil ondan hara baxdığını soruşub.

Ruslan Nəsirov bildirib ki, bu işin istintaqını aparmış Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi Sənan Paşayev öncədən bir vərəqə onun kamera önündə danışmalı olduğu cümlələri yazmışdı. Çəkiliş aparılanda həmin vərəq onun qarşısına qoyulmuşdu: “Sənan Paşayevin yazdığı vərəqə baxıb, orada olanları kamera qarşısında təkrarlayırdım”.

Saleh Rüstəmov da ağlasığmaz işgəncələr altında vəkilindən imtinaya məcbur edildiyini bildirib. Bunun hansı şəraitdə baş verməsi barədə ətraflı danışmaq istəsə də, hakim imkan verməyib. Bildirib ki, sərbəst ifadəsində bu haqda geniş danışmışdı.

Videogörüntülərin nümayişindən sonra cinayət işinin materiallarında olan sənədlərin tədqiqi mərhələsi başlayıb. Fevralın 12-də sənədlər elan ediləcək.

Azadlıq radiosu 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button