AXCP-nin rayon təşkilatının sədri qətlə yetirilib

Yayımlandı: 26 İyun 2022 18:41

DİN: “Hadisəni törədən şəxs saxlanılıb”

İyunun 26-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Вərdə rayon təşkilatının sədri Çapay Sadıqlının qətlə yetirildiyi bildirilir.

Hadisənin Bərdənin Samux kəndində qeydə alındığı deyilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məlumatı Meydan TV-yə təsdiqləyib.

Elşad Hacıyevin sözlərinə görə, Çapay Sadıqlıyla qonşusu, 1968-ci il təvəllüdlü Xazər Məmmədov arasında mübahisə yaranıb:

“Mübahisəyə səbəb hazırda məhkəmə çəkişməsində olan 2 hektarlıq torpaq sahəsi olub. Nəticədə Xazər Məmmədov Çapay Sadıqlını dəryazla vuraraq öldürüb”.

DİN rəsmisi deyib ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Xazər Məmmədov saxlanılıb:

“Onun barəsində cinayət işi başlanıb”.

O, Çapay Sadıqlının ölümündə hər hansı siyasi motivin olmadığını əlavə edib.

AXCP Rəyasət Heyətinin üzvü Nemət Əliyev partiyadaşının qətlindən bir neçə dəqiqə əvvəl xəbər aldığını söyləyib:

“Çapay müəllimlə çox yaxın olmuşuq. O, rayonda həm riyaziyyat müəllimi, həm də fəal cəbhəçi kimi nüfuz qazanmışdı. Ölümü hamımızı sarsıdıb, hələ də inana bilmirik”.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button