AXCP Rəyasət Heyətinin üzvü konstitusiya quruluşunu zorla dəyişmək ittihamı ilə həbs edilib

İyulun 24-də Bakını Nəsimi rayon Məhkəməsi hakim Azər Tağıyevin sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı barədə Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (özgə əmlakına ziyan vurulması), 233-cü (ictimai qaydanın pozulması) və 315-ci (polisə tabe olmamaq) maddələri ilə açılmış cinayət işi və əlavə olaraq Cinayət Məcəlləsinin 278-ci maddəsi ilə (Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Bu barədə AXCP məlumat yayıb.

AXCP sədri Əli Kərimli bildirib ki, AXCP Rəyasət Heyətinin dünən həbs edilən üzvü Fuad Qəhrəmanlı barəsində 3 maddə ilə açılmış məlum cinayət işi üzrə 3 aylıq həbs qətimkan tədbiri seçilib.

“Ona qədər eyni cinayət işi üzrə Rəyasət Heyətinin daha 3 üzvü – Asif Yusifli, Bəxtiyar İmanov və Ayaz Məhərrəmli barəsində həbs qətimkan tədbiri seçilib. Fuad bəylə AXCP-dən 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib, onlardan 13 nəfər barəsində həbs qətimkan tədbiri seçilib,” Kərimli bildirib.

AXCP sədrinin müavini Seymur Həzi AXCP funksionerlərinin həbsini “repressiya və dövləti dünyada biabır etmək” kimi qiymətləndirir.

“Azərbaycan Xalq Cəbhəsi dünyanın dörd bir yanında təqibə məruz qalan, əzilən Azərbaycanın, azərbaycanlıların sözün bütün mənalarında ayrılmaz hissəsidir. Bu olayların birbaşa əlaqəsi var. Bu mütləq açılacaq. Biz belə çılpaq texnologiyaların fərqindəyik. Ancaq bir daha bilmək və yadda saxlamaq lazımdır ki, Xalq Cəbhəsi konkret adamlar çoxluğudur, amma həm də o deyil. O adamları tutmaqla onu sıradan çıxarmaq mümkün deyil. Bunu 11-ci qanlı ordu edə bilməyib. Heç kim də edə bilməz. Bizə atılan hər daş, bizi yaralayan hər daş demokratiya qalamızın ucalmasına xidmət edəcək!” AXCP sədrinin müavini qeyd edib.

AXCP 14 iyulda Azərbaycan Ordusuna dəstək məqsədi ilə keçirilən aksiya zamanı yaranmış insident üzrə qaldırılmış cinayət işi üzrə otuzdan çox fəalınlın saxlanıldığını bildirir.

Rəsmu qurumlar Fuad Qəhrəmanlının həbsi ilə bağlı hələ məlumat yaymayıb.

Fuad Qəhrəmanlının vəkili və ailə üzvləri də onun həbsinin səbəbləri ilə bağlı açıqlama verməyib.

Bundan əvvəl, Fuad Qəhrəmanlı 2015-ci ilin noyabrında Nardaranda keçirilmiş xüsusi əməliyyatdan sonra həmin il dekabrın 8-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 281-ci (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283-cü (milli, irqi, sosial, dini nifrət və ya düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb. O 10 il azadlıqdan məhrum edilib və 2019-cu il martın 16-da prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.

2019-cu ilin oktyabrında Avropa İnsan Hüquqları Məhkəməsi Fuad Qəhrəmanlının şikayətini təmin edib. Avropa Məhkəməsi hesab edib ki, dövlət onun konvensiya ilə təminat altına alınan azadlıq və toxunulmazlıq (maddə 5), ədalətli məhkəmə araşdırması (maddə 6) və ifadə azadlığı hüquqlarına müdaxilə edib.

“Amnesty International” beynəlxalq insan haqları təşkilatı Fuad Qəhrəmanlını “vicdan məhbusu” elan edib.

Fuad Qəhrəmanlı 2019-ci ilin oktyabrında AXCP-nin mitinqi öncəsi inzibati qaydada həbsə də məhkum edilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button