AXCP sədri: “Necə ola bilər ki, ömrünü AXCP-yə həsr eləmiş şəxs İlham Əliyev guşəsi yaratsın?”

Əli Kərimli ona qarşı açılmış məhkəmə prosesini siyasi sifariş sayıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin cinayət məsuliyyətinə cəlb olunması tələbilə oktyabrın 14-də növbəti məhkəmə iclası keçirilib.

Partiyadan xaric olunmuş Aydın Əliyevin xüsusi ittiham qaydasında qaldırdığı iddiaya Nəsimi Rayon Məhkəməsində baxılır.

Aydın Əliyev iddiasında göstərib ki, Əli Kərimli müxtəlif internet kanallarında çıxışlarında ona böhtan atıb.

O, AXCP sədrinin Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsilə cəzalandırılmasını tələb edir.

Hakim Babək Pənahovun sədrliyilə keçirilən budəfəki məhkəmə prosesində Əli Kərimli və vəkili Fəxrəddin Mehdiyevin məhkəməyə təqdim etdiyi vəsatət və sənədlər müzakirə olunub.

Vəsatət və sənədlərdə göstərilib ki, əvvəllər AXCP-nin Nəzarət-Təftiş Komissiyasının sədri olan Aydın Əliyev sonradan hökumətyönlü təşkilata – İctimai Nəzarət Koalisiyasına qoşulub.

Bu da partiyanın siyasi xəttinə zidd olub. Bu səbəbdən də 2019-cu ildə partiyadan xaric edilib.

Vəsatətə Aydın Əliyevin koalisiyaya üzvlüyü və müxtəlif tədbirlərdə iştirakı barədə fotoşəkillər əlavə edilib.

Aydın Əliyevin nümayəndəsi Elvin Əliyev vəsatət və sənədlərin, fotoların qəbul olunmasına etiraz edib.

O bildirib ki, fotoların mənbəyi bilinmir, həm də İctimai Nəzarət Koalisiyasının bu işə birbaşa aidiyyəti yoxdur.

Əli Kərimlinin vəkili Fəxrəddin Mehdiyev isə bildirib ki, əksinə, İctimai Nəzarət Koalisiyasının bu məsələyə birbaşa aidiyyəti var:

“Çünki Aydın Əliyev o qurumda departament rəhbəri olub. Bu isə partiyanın siyasi kursuna zidd olub. Koalisiyada təmsil olunduğunu özü də məhkəmədə təsdiqlədi. Belə olan halda, heç fotoşəkillərə də ehtiyac yoxdur, özü etiraf edir”.

AXCP sədri deyib ki, bu məhkəmə prosesi siyasi xarakterlidir.

Onun sözlərinə görə, əməlində heç bir cinayət tərkibi yoxdur və qarşı tərəf də indiyədək bununla bağlı sübut ortaya qoymayıb.

Məhkəmə prosesində Əli Kərimlinin vəkili Fəxrəddin Mehdiyev ilə Aydın Əliyevin nümayəndəsi Elvin Əliyev arasında mübahisə yaranıb.

Elvin Əliyev mübahisə zamanı Nəsimi Rayon Məhkəməsinin qarşısına Əli Kərimlinin tərəfdarlarının toplaşmasına etirazını bildirib.

O, hakim Babək Pənahovdan bunun qarşısının alınmasını tələb edib.

Əli Kərimli isə nümayəndəni səlahiyyətinə aid olmayan məsələlərə qarışmaqda ittiham edib.

Bundan sonra Elvin Əliyev hakim Babək Pənahova yazılı şəkildə etiraz verib.

O bildirib ki, məhkəmənin qarşısına çoxsaylı adamlar gəlir, bunun qarşısı alınmır.

Əli Kərimli və vəkili Aydın Əliyevin sözünü kəsir, məhkəmə zalında olan şəxslər ona atmaca atır.

Əli Kərimli etiraza münasibət bildirərkən deyib ki, hakim Babək Pənahovdan qətiyyən ədalətli qərar gözləntisi yoxdur. Əgər ədalətli olsaydı, bu iş ümumiyyətlə, icraata götürülməzdi:

Əslində, nümayəndə özü səsini qaldırır, özü hakimdən nələrsə tələb edir, səlahiyyət həddini aşır. Məhkəmə zalında kameralar var, çəkir, hər şey də görünür. Aydın Əliyev məni diktator adlandırır. Əgər Aydın Əliyev haqqında “hakimiyyətlə əməkdaşlıq etməsi” fikri məhkəmə predmeti olursa, “diktator” ifadəsi niyə olmasın? Mənim üçün fərqi yoxdur ki, bu məhkəmə prosesini hansı hakim aparır. Çünki mahiyyət üzrə son nəticədə baxıb qərar verən İlham Əliyev olacaq”.

Əli Kərimlinin məhkəməsi. Foto: AXCP

Hakim Babək Pənahov qərar qəbul edib ki, etiraz baxılmamış saxlansın. Daha sonra Elvin Əliyev çıxış edib.

O bildirib ki, Aydın Əliyev ömrünün böyük hissəsini AXCP-yə həsr edib. Lakin Əli Kərimli 2023-cü ildə müxtəlif internet kanallarına müsahibələrində onu partiyaya sədaqətli olmamaqda, hakimiyyətpərəst mövqe nümayişində ittiham edib.

Bu da Cinayət Məcəlləsinin 147.1 maddəsinin tərkibini formalaşdırır:

Necə ola bilər ki, ömrünü AXCP-yə həsr eləmiş şəxs Heydər Əliyev, İlham Əliyev guşəsi yaratsın?”.

Əli Kərimli isə deyib ki, çıxışlarında böhtan, insan ləyaqətini aşağılayan heç nə olmayıb.

Onun sözlərinə görə, dedikləri həqiqətdir və korrekt şəkildə ifadə olunub:

Açıq-aşkar partiyanın siyasi kursuna qarşı çıxıb. Rəyasət Heyəti də buna görə onu uzaqlaşdırıb. Əks halda, onun Heydər Əliyev muzayində nə işi vardı? Onun partiyaya bərpası üçün 3 dəfə bizi təhdid məktubu ilə hədələyiblər. Gah həbslə, gah əmlakımızla. Bu, zorla bərpa etmək deyil, bəs nədir?”.

Aydın Əliyevin nümayəndəsi bildirib ki, məhkəməyə təqdim etmək üçün yeni vəsatətləri olacaq.

O, vəsatətləri hazırlamaq üçün vaxt istəyib.

Məhkəmə prosesi oktyabrın 22-də davam edəcək.

Aydın Əliyevin Əli Kərimliyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddianı məhkəmə sentyabrın 12-də icraata götürmüş, beləliklə, AXCP sədri təqsirləndirilən şəxs qismində tanınmışdı.

AXCP bu məhkəmə prosesinin hakimiyyətin sifarişilə başladıldığını bəyan edib.

Hazırda hakimiyyət AXCP-ni qanundan kənar qoymaq, onun sədri Əli Kərimlini siyasi fəaliyyətdən məhrum etmək üçün bir neçə istiqamətdə iş aparır. Bu işlərdə isə vaxtilə partiyanın fəal üzvü və Nəzarət-Təftiş Komissiyasının sədri olmuş, sonralar hakimiyyətyönlü ictimai fəaliyyətə başladığı üçün partiyadan xaric edilmiş Aydın Əliyevdən istifadə edir”, – partiyanın bəyanatında bildirilir.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button