AXCP sədrinin müavini Əbülfəz Qurbanlı partiyadan istefa verdi

Ə.Qurbanlı bu barədə Facebook səhifəsində bildirib:

“Dostlar, dərin bağlı olduğum AXCP-dən istefa verirəm. Düz yolda olmuşam, dəyərlər uğrunda savaşmışam, bundan sonra da düz bildiyim yolda olacam. Var gücümlə sıralarımızın genişlənməsi, gənclərin AXCP-də təşkilatlanması, genişlənməsi- ali məqsəd üçün çalışmışam. İndi isə istefa verirəm, çünki bacardıqlarımı gerçəkləşdirməyə əngəllər var.

Bundan sonra davam edənlərə uğur arzu edirəm. Bu addımımdan məyus olanlar, ümid verdiyim hər kəs, gənc dostlarım, məhbəsdəki dostlarım- haqqı üçün savaşdığım xalqımız məni bağışlasın.”

AXCP sədrinin digər müavini Fuad Qəhrəmanlı isə Əbülfəz Qurbanlının istefasından xəbərsiz olduğunu bildirib.

Ə.Qurbanlı özü istefa verdiyini təsdiqləyib.

AXCP sədrinin sabiq müavini Razi Nurullayev vaxtilə partiyada həmkarı olan Əbülfəz Qurbanlının istefasına münasibət bildirib.

R. Nurullayev azvizion.az-a açıqlamasında deyib ki, Ə. Qurbanlının istefası AXCP-dəki daxili narazılıqlarla bağlıdır: “Bu gün AXCP-dəki vəzifəli şəxslər üçün bərabər şərait yaradılmır, partiya resursları bərabər bölünmür. Əbülfəz Qurbanlının istefasının da bu məsələlərdən qaynaqlandığını düşünürəm”.

AXCP sədrinin sabiq müavini istefa verən zaman Ə. Qurbanlının onu tənqid etməsindən də danışıb: “Mənim partiyadan istefa verməyə məcbur olunmağımı özümə qarşı haqsızlıq sayıram. Hərçənd ki mən AXCP üçün əlimdən gələni edirdim. Ancaq, bunu dəyərləndirmədilər. Əksinə şəxsimə qarşı qısqanclıq halları çoxaldı, əsassız ittihamlarla üzərimə gəldilər və sonda isə istefaya məcbur olundum. Çünki, partiyaya sərf etməyən ifadələri işlədirdim. Bu isə demokratik cəmiyyətlər üçün vacib şərtdir.”

R. Nurullayev hesab edir ki, partiyadan gedənlərin hər birinin üzərinə vurulan damğalar Əbülfəz Qurbanlıya da vurulacaq.

Məsələ ilə bağlı partiyanın sədri Əli Kərimli hələlik mətbuata açıqlama verməyib.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button