AXCP üzvü saxlanıb

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Baba Süleyman bu gün, fevralın 26-da Bakıda Xocalı faciəsi ilə bağlı ucaldılan “Ana Harayı” abidəsini ziyarət edib çıxdıqdan sonra saxlanıb.

AXCP-dən verilən məlumata görə, B.Süleymanın saxlanma səbəbi ondan bir şəxsin polislərə şikayəti olub: “Deyib ki, guya Baba ona iynə batırıb”.

Partiyadan hesab edirlər ki, bu, sadəcə bəhanədir və B.Süleyman şərlənib.

Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanov “Turan”a B.Süleymanın saxlanmasını təsdiq edib. Deyib ki, o, tədbir iştirakçılarının birinin şikayəti əsasında saxlanılıb, araşdırma aparılır.

Xocalı faciəsinin bundan əvvəlki ildönümlərində də anım mərasimlərində AXCP üzvləri ilə polis və ya başqa şəxslər arasında müəyyən insidentlər yaşanıb. AXCP belə halları onlara qarşı təzyiq kimi dəyərləndirib. Amma rəsmi qurumlar belə dəyərləndirmələri qəbul etmirlər.

Azərbaycanda hər il fevralın 26-da Xocalı faciəsi yad edilir.

1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal edib. İşğal nəticəsində 613 nəfər dinc sakinin qətlə yetirildiyi, min 275 nəfərin əsir götürüldüyü, 150 nəfərin isə itkin düşdüyü açıqlanıb.

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycan Xocalı şəhəri də daxil, Qarabağ bölgəsi və ətraf yeddi rayona nəzarəti itirmişdi. Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bak həmin ərazilərin böyük bir hissəsinə nəzarəti bərpa edib. Ötən il sentyabrın 19-20-də isə Qarabağda “lokal antiterror tədbirlər” elan edib. Yerevan bunu “etnik təmizlənmə” kimi dəyərləndirib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button