Axınla “Axına qarşı!”

elxan şükürlüElxan Şükürlü

Rəsul Quliyevin romanı haqda oxucu təəssüratı

İnsan Allahın yaratdığı ən gözəl əsərdir. Yaradılışın sirri, Allahın sifətlərinin dərki məhz bu «əsər»də gizlənib. Bu «əsər»i diqqətlə «oxumaqla», mükəmməl öyrənməklə bütün kainatı, onun Yaradıcısını dərk etmək, anlamaq mümkündür. Antik fəlsəfənin banilərindən sayılan Sokrat, bəlkə də elə buna görə, hələ 2500 il əvvəl deyirdi: «Həqiqi biliyə çatmaq istəyirsənsə, özünü dərk et!».

Ola bilsin, şəriət hökmləri baxımından çox qüsurlu yanaşmadır, ancaq belə bir məşhur bənzətmə də var: «Həqiqi yaradıcı insan, əsl yazıçı Allah kimidir – onu görmədən dərk etmək, tanımaq üçün yazdığını, yaratdığını oxumalısan, öyrənməlisən». Təsadüfi deyil ki, uzun illər bu məsələ istənilən elmi-ədəbi məclislərin geniş diskussiya mövzusu olub – yazıçının şəxsiyyətinə münasibət əsəri ilə ölçülməlidirmi? Və həmişə də sonda o fikrin üzərində dayanılıb ki, bəli, insanın yazısı özüdür, onun mahiyyəti, istəməsə belə, əsərində öz əksini tapır. Necə ki, İslam aləminin ən böyük şəxsiyyətlərindən sayılan Əli ibn Əbu Talib deyirdi: «İnsan dilinin altında gizlənib, danışmalıdır ki, onu görəsən».

Doğrudan da, bu gün bizim hər hansı yazıçının şəxsiyyətinə münasibətimiz məhz onun əsərləri ilə formalaşır. Viktor Hüqonu tanımırıq, ancaq «Səfillər»i kamil olmayan insan yarada bilərmi?! Əlbəttə, yox! Yaxud, «Cinayət və cəza»sız Dostoyevski haqqında danışmaq mümkündürmü?! Yox! Eləcə də «Hərb və sülh»süz Tolstoy, «Dahi»siz Drayzer, «Martin İden»siz Cek London, «Dəri Corab»sız Kuper, «Yüz il tənhalıqda»sız Markes… və saymaqla bitmək bilməyəcək bu nəhənglərin şəxsiyyəti barədə əsərlərini oxumadan danışmaq, hər hansı fikir yürütmək yanlışlıq və böyük ədalətsizlik olar.

Elmi ədəbiyyatdan fərqli olaraq, bədii əsərlərdə yazıçının şəxsiyyəti daha yaxşı açıldığından, onun təkcə ağlının imkanlarını, düşüncələrini deyil, həm də hisslərini, emosiyalarını, həyat hadisələrinə baxışlarını daha yaxşı öyrənmək olduğundan, xüsusən siyasətçilərin bu yöndə kitab yazmaq cəhdi həmişə cəlbedici sayılıb və müsbət qarşılanıb. Axı sadə vətəndaş bilmək istəyir ki, onu idarə edən və ya idarə edəcək şəxs necə insandır – onun yaşadıqlarını rəhbəri və ya rəhbəri olacaq şəxs də yaşayıbmı, onun keçirdiyi hisslər ona da xasdırmı, o da aclığın-toxluğun, yoxsulluğun-zənginliyin, sağlamlığın-xəstəliyin, doğrunun-yalanın, sevginin-nifrətin, dostluğun-düşmənçiliyin, həyatın-ölümün… nə olduğunu bilirmi?! Bəlkə də, bu gün ABŞ prezidenti Barak Obamaya təkcə öz ölkəsində deyil, bütün dünyada böyük inam, ümid və hörmət hissi yaradan əsas amillərdən biri məhz onun «Atamın arzuları» kitabıdır. Çünki bu kitabı oxuyan istənilən oxucuda yaranan ilk təəssürat odur ki, öz fikir və duyğularını səmimi şəkildə ortaya qoyan və zəngin daxili aləmə malik olan belə bir əsər müəllifi əlindəki imkanları, nəhayətsiz gücü heç zaman Şərin xidmətinə verməz, həmişə haqqın, ədalətin yanında olar. Hazırda «domino effekti» ilə yıxıla-yıxıla gedən və canlarına vəlvələ düşmüş Yaxın və Orta Şərq tiranları, bəlkə də, vaxtında «Atamın arzuları»nı oxusaydılar, Obamanın iç dünyasından daha yaxşı xəbərdar olar, onun öz xalqlarına qarşı qənim kəsilmiş diktatorlara aman verməyəcəyini ilk gündəncə anlayardılar…

… Bu günlərdə Azərbaycan siyasətinin ən maraqlı fiqurlarından sayılan, 15 ildir doğma Vətənindən kənarda mühacirət həyatı yaşayan parlamentin keçmiş sədri Rəsul Quliyevin «Axına qarşı» adlı roman yazdığını eşidəndə, çox sevindim. Çünki bu hal Azərbaycan siyasətçilərinə yeni nümunə olmaqla bərabər, həm də Rəsul Quliyevi daha yaxşı tanımaq, yaşadığı keşməkeşli həyatın ona nələri öyrətdiklərini bilmək, ən azı, 15 illik mühacirət dövrünün onun düşüncələrində, baxışlarında nə kimi dəyişikliklər yaratdığını anlamaq üçün yaxşıca bir fürsət idi. Doğrudur, buna qədər Rəsul Quliyevin «Demokratiyaya doğru yol» və «Neft və siyasət» kitablarını da oxumuşdum. Ancaq hər ikisində daha çox «iddialı siyasətçi və peşəkar iqtisadçı, mütəxəssis Rəsul Quliyev» göründüyündən, elə hər iki əsərə də məhz siyasi iddiadan doğan yaradıcılıq məhsulları kimi baxmışdım. Mənə isə onun əsərində «bəs, sadə bir insan kimi, Rəsul Quliyev necə adamdır?» sualına cavab lazım idi ki, bunu da məhz «Axına qarşı» romanında tapdım…

… Oxumayanlar üçün qısaca olaraq deyim ki, kitab bir nöqtədə birləşən çox maraqlı iki süjet xətti üzərində qurulub: birində uzun illər bir-birinə qənim kəsilmiş iki xalqın övladının – ərəb mənşəli oğlanla yəhudi mənşəli qızın tanışlıq, sevgi macəraları və bir-birinə qovuşmaq üçün göstərdiyi səylər, o birində isə bu hadisələr fonunda müəllifin, yəni, Rəsul Quliyevin müasir dünya tarixinin ən əhəmiyyətli hadisələrinə dair dərin analizə, faktlara söykənən özünməxsus baxışları, fikirləri əks olunub.

Hər iki süjet xətti üzrə ilk nəzərə çarpan detal isə müəllifin həm adi həyat hadisələri, məişət problemləri, həm də dünyada gedən geosiyasi, geoiqtisadi, geostrateji məsələlər, demoqrafik yerdəyişmələr, müasir texnologiyaların tətbiqi mexanizmləri barədə kifayət qədər məlumatlı, yetkin və hazırlıqlı bir adam olması təəssüratının yaranmasıdır. O dəqiqə hiss olunur ki, əsərin sərlövhəsindən tutmuş, ta qəhrəmanların adlarına, doğulduqları, yaşadıqları ölkələrə, seçdikləri həyat-tərzlərinə, adət-ənənlərinədək heç nə elə-belə, təsadüfən seçilməyib, hər birində xüsusi məna – bir məqsəd, missiya, hədəf var. Bu mənanı açacaq, onun izahını verəcək ümumi «açar kod» isə kitabın ideyasındadır. Tərəddüdsüz deyə bilərik ki, kitab xoş bir məqsədə – bütün bəşəriyyətin can atdığı sülh, əmin-amanlıq, hər kəsin və hamının dinc, bərabərhüquqlu və firavan yaşamaq, birinin digərindən üstün olmamaq haqqının tanınması ideyasına xidmət edir.

Məsələn, əsərin əsas qəhrəmanı olan mühacir ərəb gəncə bir çox dinlərdə və səmavi kitablarda, o cümlədən «Qurani-Kərim»də ehtiramla xatırlanan Davud peyğəmbərin adı verilib. «Davud» əksər millətlərdə indi də çox geniş yayılmış addır. «Qurani-Kərim»in «Səbə» surəsində Davud peyğəmbərlə bağlı belə bir ayə var: «Həqiqətən, biz Davuda öz tərəfimizdən bir lütf və rəhmət əta etdik, dağları və quşları ona ram etdik… Həmçinin dəmiri onun üçün yumşaltdıq ki, geniş zirehlər toxu və onların toxunmasında ölçünü gözlə…».

Rəsul Quliyevin Davudu isə Livanda dünyaya göz açmış ərəb olsa da, Avropanın ən yaxşı universitetlərindən birində təhsil alan, bütün millətlər üçün yaxşı işlər görməyi qarşısına hədəf qoyan, Allahın lütfü və mərhəməti sayəsində zəlzələdən sağ çıxardığı və böyük istedad bəxş etdiyi gözəl bir arxitektordur. O da adını daşıdığı Davud peyğəmbər kimi «dəmir»lə işləyir, ancaq zireh üçün yox; o, metal konstruksiyalarla müharibələrin dağıtdığı bölgələrdə insanların rahat yaşaması üçün binalar «toxumağı» qarşısına məqsəd qoyub və elə bütün işlərində, o cümlədən insan münasibətlərində də məhz «ölçünü gözləməsi» səbəbindən həm müəllimlərinin, dostlarının ən sevimlisinə çevrilib, həm də Suzan kimi ərəblərə düşmən yəhudi qızın qəlbini fəth edib…

Davudda minnətdarlıq duyğusu o qədər güclüdür ki, altında qaldığı daşlar arasından onu xilas edən üzünü görmədiyi qadına vurulur, min bir zəhmətlə onu axtarıb tapır və Suzanın bu yaxşılığının əvəzini onu dəlicəsinə sevməklə – bütün həyatını ona təslim etməklə qaytarmaq istəyir…

Suzanın timsalında isə Rəsul Quliyev, sanki, yəhudi yox, ailə ənənələrinə, dəyərlərinə hədsiz bağlı müasir azərbaycanlı qız obrazı yaradıb: Suzan valideynlərindən xeyli kənarda – Nyu-Yorkda təhsil alsa da, valideynlərinin nəzarətini daim öz üzərində hiss edən, sevgisini büruzə verməyə çəkinən əxlaqlı, atasının bir kəlmə sözünü xoşbəxt həyatından üstün tutan gənc bir qızdır…

Suzanın atası – MOSSAD-ın polkovniki Albert Yanuş isə sionist dəyərlərinə və peşəsinə sadiq, bütün çətin situasiyalardan məharətlə çıxmış kəşfiyyatçı, həm də gözəl ailə başçısıdır. Ancaq o, indi ən əziz övladının xoşbəxtliyini, yoxsa illərdir beyninə yeridilmiş «yəhudi millətçiliyi»ni seçmək dilemmasında acizdir. Kəşfiyyatçı ata üçün belə çıxılmazdan çıxış yolu isə yapon samuraylarının əl atdığı son silahdır – xarakiri. Yəni, nə peşəyə xəyanət edirsən, nə ailəyə – qurbanlıq kimi başqasını yox, özünü seçirsən. Rəsul Quliyev əsərində Polkovnik Yanuşun gələcək taleyini konkretləşdirməsə də, ancaq ona bundan başqa yol da qoymayıb…

Ümumiyyətlə, Azərbaycanın indiki şəraitini – xüsusən də 23 ildən çoxdur həll olunmamış Dağlıq Qarabağ probleminin mövcudluğunu nəzərə alanda, Rəsul Quliyevin bu kitabında təsadüfən ərəb-yəhudi münaqişəsini mövzu olaraq seçmədiyi də aydın olur. Əsərdə açıq-aşkar göstərilir ki, ərəb-yəhudi münaqişəsinin yaradıcısı, ondan faydalananlar bu xalqlar deyil, kənar güclərdir – xüsusən də ABŞ, İngiltərə, SSRİ, İran kimi dövlətlər. Eynən Ermənistan-Azərbaycan münaqişəsində olduğu kimi… Əsərdə ərəb-yəhudi ailələrinin müharibədən əvvəlki yaşayış tərzləri, münasibətləri barədə oxuduqca, istər-istəməz, göz önündə erməni-azərbaycanlı ailələri arasında da müharibədən öncəki münasibətlər canlanır, paralelliklər aparmalı olursan və düşünürsən: İlahi, bu müharibələr, bir-birləriylə düşmənçilik edən qonşu xalqların taleləri necə də oxşardır! (Görünür, elə bu səbəbdəndir ki, «Axına qarşı»nın ardınca Rəsul Quliyev yeni kitabını Dağlıq Qarabağ probleminə – Ermənistan-Azərbaycan münaqişəsinə həsr edib. Kitabın «Qarabağ faciəsi» adlandırılması da təsadüfi sayılmamalıdır, böyük ehtimalla, bu, «Axına qarşı»dakı ideyanın davam etdirilməsi olacaq – E.Ş.)

Qeyd edim ki, «Axına qarşı» romanını oxunaqlı edən daha bir mühüm məqam əsərdə adları çəkilən bir neçə tanınmış şəxs – İranın dini lideri Ruhullah Xomeyni, ABŞ prezidenti Ronald Reyqan, Fələstin Azadlıq Təşkilatının rəhbəri Yasir Ərəfat haqqında ayrıca bölmələrdə müəllifin geniş müzakirələrə yol açacaq düşüncələridir. Məsələn, o, Ruhullah Xomeyninin əsas ideologiyasının «mənəviyyata əsaslanan demokratiya» olduğunu, ancaq ciddi şəkildə fars millətçiliyinin təsiri altına düşərək özünün rəhbərliyi altında üç qitəni əhatə edən transkontinental imperiya yaratmaq istədiyini, hətta şiələrin yaşadığı ölkələri işğal etməyə çalışıdığını yazıb və onun diliylə faktiki, müasir İran rejiminin «İslam dövləti» adı altında bugünkü siyasətinin mahiyyətini də açıqlayıb: «…Bir mərkəzdən idarə olunan Böyük İslam dövlətinin qarşısında cırtdan İsrail bir gün də duruş gətirə bilməz. Neft-qaz resurslarının 80 faizinə sahib Böyük İslam dövləti istər Avropa, istərsə də Çinlə tandemdə çıxış etsə, ABŞ-ın hegemonluğuna nöqtə qoyulacaq, yeni bir superimperiya yaranacaq və onun da əsas iştirakçısı biz olacağıq…».

Kitabın «Prezident Reyqan» bölməsində isə müəllifin ABŞ-a və prezident Reyqana rəğbəti, onun SSRİ-yə qarşı planlarını açıq şəkildə müdafiə edən fikirləri yer alıb. «Bu ölkədə and qəbul edib yalan danışmaqdan betər mənəviyyatsızlıq təsəvvür etmək mümkün deyildi – xüsusən siyasətçilər üçün», – deyən R.Quliyev ABŞ prezidenti Reyqanın əsas ideologiyasının insanların azadlığını əlindən alan tiran rejimlərin axırına çıxmaq olduğunu və bu yolda da əsas maneə kimi SSRİ-ni gördüyünü yazıb. Kitabın bu bölməsində o vaxtkı ABŞ iqtisadiyyatı ilə SSRİ iqtisadiyyatının rəqabət imkanları konkret rəqəmlərlə müqayisə edilib.

Yasir Ərəfata gəldikdə isə, Rəsul Quliyev onu «ekstremal vəziyyətlər yaradıb, liderlik etməkdən başqa əlindən bir iş gəlməyən şəxs» kimi xarakterizə edərək, on minlərlə günahsız insanın qətlə yetirilməsinin əsas baiskarı olaraq göstərib…

Kitabda qəhrəmanlarının dili və davranışlarıyla Rəsul Quliyevin ən müxtəlif məsələlər barədə bilgi və baxışlarını, yanaşmalarını öyrənmək mümkündür ki, bu da onun necə bir insan olması haqda aydın təsəvvür yaratmaqla, müəllifi sadə oxuculara daha da yaxınlaşdırır, doğmalaşdırır.

Və nəhayət, bir neçə kəlmə də kitabın adı barədə… Niyə məhz «Axına qarşı»?!

Doğrudur, əsərin ideyası ərəb-yəhudi düşmənçiliyinin nümunəsi əsasında dini və milli zəmində qarşıdurmaların, münaqişələrin nəticə etibarilə insanlıq əleyhinə sayısız cinayətlərə zəmin yaratdığı, xalqlara xoşbəxtlik yox, bədbəxtlik gətirdiyi olmaqla, əslində bu tip münaqişələrin yaradıcıları sayılan «güc mərkəzləri»nin ənənəvi siyasətinə qarşı çıxmaq kimi qiymətləndirilməlidir. Ancaq fikrimcə, romanın məhz «Axına qarşı» adlandırılması həm də Rəsul Quliyevin özünün xarakteri, eləcə də qəhrəmanları vasitəsi ilə insanlarda görmək istədiyi mühüm bir xüsusiyyətlə bağlıdır: yəni, hamının düşündüyünün və etdiyinin əleyhinə vaxtında atılan bircə cəsarətli addım, bəzən, hər şeyi kökündən dəyişmək gücündədir! Xüsusən də indiki zamanda və məhz Azərbaycanda belə addımı ata biləcək, yəni həqiqət və ədalət naminə, doğrunun dalınca axına qarşı getməyi bacaracaq insanlara daha çox ehtiyac var!

Gəlin, axınla «Axına qarşı» getməyi bacaraq!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button