Ay sənin ağrın alım…

Babalıq

Etirazım yox, dadaş, sən ağa, mən qul qalım

Qul payımı kəsmə da, ay sənin ağrın alım!

Yaxşı, canım, qoy duraq, mən haçan oldum azad,!

Ağlımı kəsdirməyə, sözdü, ediblər icad,

Haqqıma əl qoymasan, əsla çıxarmam fəsad,

Hər kəsin öz qisməti; mən fəqirəm, sən zalım

Qul payımı kəsmə da, ay sənin ağrın alım!

Mən də qulam, sən də qul; mən sənə, sən nəfsinə,

Mən ha deyim düz yeri, sən çəkəcən əksinə,

Nola, o kor vicdanın bircə dəfə diksinə,

Ta bulaşa ət-yağa bir dəfə bığ-saqqalım

Qul payımı kəsmə da, ay sənin ağrın alım!

Qul ki durur üsyana, bil ki bir əmması var,

Bilməlisən, millətin hansı təmənnası var,

Doğrudu, hər zümrənin şeytanı, xənnası var,

Qulda bu şey hardadı, kəllənə mən daş salım?!

Qul payını kəsmə da, ay sənin ağrın alım!

Sən qanuni oğrusan, rəsmi icazən də var,

Həm cinayət eləyir, həm də salırsan havar,

Xalqı qatıb xalxala, eyləmisən mal-davar,

Mən necə daş fırlaram, durmağa yoxdur halım?!

Qul payımı kəsmə da, ay sənin ağrın alım!

Sən elə zənn eləmə, mən Babalıq sarsağam,

Daş da, olar, qovzaram; haqsıza darqursağam,

Mən nə qədər mütiyəm, bir elə qov-çaxmağam,

Çox məni dəhmərləmə, çınqı çıxardar nalım

Qul payını kəsmə da, ay sənin ağrın alım!

Kəsmə da, qoy dinc durum, sən ağa, mən qul qalım!

“Xural” qəzeti
il: 9, sayı: 015(423), 17-23 aprel 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button