AYAZ MÜTƏLLİBOVLA NƏ ETMƏLİ?!

Əvəz Zeynallı

Adam ömrünün qalan hissəsini Azərbaycanda rahat yaşamalıdır…

İlham Əliyev Kral kimi…

Təbii ki, ölkə mətbuatının son bir həftədə dartışdığı ən önəmli mövzu birinci prezident Ayaz Mütəllibovun ölkəyə gəlməsi və 49 yaşında rəhmətə gedən oğlunun yas mərasimində iştirak etməsi oldu. Bu məsələyə bir çox yanaşmalar var və hələ olmağa davam edəcək. Amma Azərbaycan siyasətinin və mətbuatının, o cümlədən idarəetməsinin bəzi yanlışlıqları və hələ tam oturuşmaması burada da özünü göstərdi. Mütəllibovu ölkəyə buraxmaqla prezident İlham Əliyev Qənimət Zahidlə Mirzə Sakiti atalarının yas mərasiminə buraxdığı zamanda olduğu kimi, təqdir topladı. Amma dərhal da davamı gəldi və haqlı suallar soruşulmağa başlandı:

Əgər Ayaz Mütəllibovu ölkəyə buraxırsansa, bəs qanunlara niyə riayət etmirsən? Axı sən bu adam haqqında açılmış cinayət işini öz dönəmində bağlamadın? Onu bu ölkəyə buraxmadın?

Birinci prezidentin bu ölkəyə gəlməsi, buraxılması nə qədər xoş oldusa, o qədər də hüquqi nihilizmin və savadsızlığın təntənəsinə çevrildi. İlham Əliyev bu addımı ilə bir prezidentdən daha çox, bir kral olduğunu göstərdi və bizim ölkəmizdə Şahın Qanundan ucada dayandığını sübut etdi. Demokratik ölkələrdə bu, olmur, yaramır…

Mehriban Əliyeva elektorata oynayır…

O qədər də müzakirə olunmayan önəmli bir informasiya daha diqqətlərdən kənarda qaldı. Sən demə, birinci xanım Mehriban Əliyeva Ayaz Mütəllibovun xəstə oğlunu müalicə etdirib. Bəri başdan deməliyəm ki, əgər belədirsə, Mehriban xanımı ancaq alqışlamaq lazımdır. İnformasiyanın təkzib olunmamasından belə ortaya çıxdı ki, belədir. Xub…

Amma dərhal fikirləşməli olursan, «xeyir ola?» Belə çıxır ki, bir tərəfdən insanları ölkədən didərgin salacaqsan, sonra da ölüm ayağında onu müalicə etdirəcəksən? Bu, nə siyasi anlayışdır belə? Atasını yanına gəlməyə qoyma, amma oğlunu müalicə etdir! Ya bu ölkəni idarə edirsən, ya da etmirsən. Deməli, səndən yuxarı bir iradə var ki, atasını oğluna qovuşdura bilmirsən.

İşin mənəvi-psixoloji tərəfindən ayrı, bir siyasi tərəfi də var. Mehriban Əliyevanın Mütəllibovun oğlunu müalicə etdirməsi xəbərinin ictimaiyyətə sızdırılması, həm də Mehriban xanımın Mütəllibovun elektoratına bir həmləsidir. Yoxsa kim, niyə bilməli idi ki, bu xeyirxah missiyanı? Axı Həzrəti Əlidən gələn bir ənənə var: «Sağ əlin verdiyini sol əl bilməməlidir». Mehriban xanım nədənsə istəyib ki, «sağ əl»in verdiyini «sol» əl bilsin. Deməli, Mütəllibov həm də siyasi alver predmetidir və 2013-cü ilə hesablanan bir şeylər var…

Şeyx Mütəllibovla niyə görüşməyib?!

Ayaz Mütəllibov oğlunun cənazəsini Təzəpir məscidindən götürüb və heç bir təntənə etməyib. Xüsusi yas çadırları qurulmayıb. Keçmiş prezident təziyələri elə burada da qəbul edib. Amma mətbuata çıxmayan, lakin kuluarlarda pıçıltılarla danışılan bir hadisə vicdanlı insanları xeyli üzüb. Ayaz Mütəllibovun Təzəpir məscidində oğlunun vidalaşma mərasimni keçirdiyi zaman Şeyxülislam Allahşükür Paşazadə həzrətləri də orada olub. Amma düşüb keçmiş prezidenti ilə görüşməyib. Nə qədər qorxaqca və mərdcə olmayan bir hərəkət. Hamının yaxşı yadındadır Şeyx Ayaz Mütəllibova necə qulluq edirdi. Bu qulluq bəzən qul kimi itaət etmək səviyyəsinə belə çatırdı. İndi dünyanın işinə bax, birinci prezident, bir zaman əmrinə müntəzir dayandığı siyasi xadim oğlunu oradan haqq dünyasına yola salır, Şeyx tənəzzül edib bir salam belə vermir. Bunun adı nədirsə, siyasi səbatsızlıqdır. Şəxsən mən inanmıram ki, prezident İlham Əliyev Şeyxə belə bir qadağa qoysun. Qadağa qoyacaqdısa, daha niyə onu ölkəyə buraxırdı? Mehriban xanım da belə qadağa qoymaz! Qoyacaqdısa, Mütəllibovun oğlunu niyə müalicə etdirirdi!? Deməli, bu, Şeyxin öz qərarıdır və bu da o deməkdir ki, Şeyx həzrətləri həm də etibarsız və vəfasız bir insandır. İslamda isə bu əməllər o qədər də xoş qarşılanmır…

Əli Kərimli və İsa Qəmbər yenə…

Xüsusilə, Əli Kərimlinin Ayaz Mütəllibovun cinayət işi haqqında verdiyi «zamanaşımı» bəyanatı biabırçılıq idi. İsa Qəmbər isə lap həyəcan yaratdı. O, Mütəllibovun nəvəsinin toyunda iştirak etmək arzusunu bildirərək nə qədər səbatsız və Azərbaycan xalqının maraqlarından uzaq olduğunu göstərdi. İnanın, bu siyasi müxalifətin sədrləri İlham Əliyevin komandasına çox layiqdirlər. Onlar sanki bir çox parametrləri ilə mərhum Heydər Əliyevin siyasi sisteminin bir parçasıdırlar. Ayaz Mütəllibovun etdiyi cinayətlər Azərbaycan xalqının taleyi və tarixi ilə bağlıdır və bunu heç bir zamanaşımı və hüquq müddəası ortadan qaldıra bilməz. Mən iqtidarın hələ o arqumentini demirəm ki, Ayaz Mütəllibova cinayət işi də elə onun nəvəsinin sünnət toyunu görmək istəyənlər tərəfindən açılmışdı.

Mütəllibovun bu gəlişində müxalifət sədrlərinin səsləndirdiyi bəyanatlar onların apardıqları mübarizədə nə qədər bacarıqsız və qeyri-səmimi olduğunu göstərdi. Bunların prinsipləri yoxdur. Bunlar hətta Ayaz Mütəllibovla o zamankı koalisiya təklifləri kimi absurd təkliflərini belə müzakirəyə çıxarmağa başladılar. Bunların məntiqi ilə sən hər cinayəti edə bilərsən, çünki üstündən 19 il keçən kimi bağışlanacaqsan.

Bir tək Lalə Şövkət Hacıyevanın duruşu siyasətçiyə xas idi. Sadə, səmimi, prinsipial. Oğlun ölüb, başın sağ olsun! Amma prinsip prinsipdir!

Neynirsən, bu Siyavuşu İlham Əliyev, neynirsən?

Siyavuş Novruzova qulaq asanda İlhamə Quliyevanın məşhur mahnısı yadıma düşür. Bu adam İlham Əliyevin nəyinə lazımdır, mən bunu çözə bilmirəm. Onun yersiz açıqlamaları, mənasız arqumentləri, hikkəli duruşu bu xalqa xoş gəlmir. Gərəsən, bunu Siyavuşun özünə deyiblərmi, bilmirəm, amma mən dəqiq bilirəm ki, Siyavuş kimi adamlar İlham Əliyevin gəlişən komandasına lazım deyil. Siyavuş Novruzov təxminən bilgisayarda «Norton» proqramı kimi bir şeydir. Necə ki, özünə hörmət edən bütün redaksiyalar bu proqramdan imtina edir, İlham Əliyev də bu tip adamlardan imtina etməlidir. Təsəvvür edin ki, hazırda «Norton» proqramından heç bir qəzet redaksiyası istifadə etmir. «Word» proqramm çıxıb, İlham Əliyev!

Ayaz Mütəllibov məsələsində bütün dövlət qurumları iflas etdi. Baş Prokurorluq bəxtsiz bir açıqlama yaydı ki, hələ tutmaq fikrimiz yoxdur. Hüquq-mühafizə orqanları ilə iş üzrə PA rəsmisi Fuad Murtuzoğlu bəyan etdi ki, müvəqqəti olaraq cinayət işini dayandırmışıq. Niyə? Kim sizə belə bir tapşıırıq verib? Siz kimsiniz? Bu sualların cavabı verilmədi, çünki hamı nələrin baş verdiyini bilirdi. Ona görə də hərə öz sahəsində batmaqda idi. Prezidentin, daha doğrusu, hörmətli kralımızın icazə əmri var idi ya… Ta… kimsə bu icazə əmrini heç olmasa qanunlara uydurmaq zəhmətinə belə qatlaşmadı. Bunlar artıq işləmək də istəmirlər.

Əslində necə olmalı idi?

Ayaz Mütəllibovun gəlişi Azərbaycanda məhkəmələrin nə qədər önəmsiz və əhəmiyyətsiz bir qurum olduğunu bir daha gözlər önünə sərdi. Bu məhkəmələr məzhəkədirlər və yalnız yuxarıdan gələn sifarişləri yerinə yetirməklə məşğuldurlar.

Əslində isə elə bir mürəkkəb prosedur da yoxdur. Ayaz Mütəllibov ölkəyə enən kimi həbs olunmalı, prosedur işləməli, məhkəmə qarşısına çıxarılmalı və cinayət işinə xitam verilməli, ya da möhlət hüququ tanınmalı idi. Vəssalam. Ta… özünüzü niyə həlak edirsiniz? Bütün hallarda Ayaz Mütəllibova açılan cinayət işi siyasi mahiyyətlidir, bunu bilməyən yoxdur. O, zamanında həbs oluna və həbsxanada yata da bilərdi. Amma birinci prezidentimiz dabanına tüpürüb qaça bildi və bu illərdə himayəsində olduğu Rusiyada başını daldalaya bildi. O baxımdan, artıq bu işi qurdalamağa ehtiyac olmaya bilər. İqtidar, ya da müxalifət istəyirsə, o zaman bu adamı sərbəst buraxa bilər. Bir şərtlə… qanunun sifətini göstərməklə.

Hakimiyyət cinayət işinin AXC hökuməti zamanında qaldırıldığı arqumentini irəli sürür. Düzdür. Amma AXC-nin hakimiyyəti təhvil verməsindən də 18 il keçir. Bu 18 il ərzində bu məsələni niyə həll etmədiniz? Səhv idisə, o səhvi siz düzəldəydiniz barı…

Qorxaq və cəsarətsiz Mütəllibov…

Nə zamansa belə bir prezidentim, ölkəmin belə bir prezidenti olduğuna görə xəcalət hissi keçirirəm. Mən bu fikirləri hələ Türkiyədə təhsil aldağım illərdə – uzaq 1991-ci ildə də demişəm. Ayaz Mütəllibov çıxış edəndə etiraz etmişəm, olay çıxarmışam. Rəhmətlik Çingiz Mustafayev o olaydan sonra məndən geniş müsahibə də almış və «215 KL»də yayınlamışdı. Mən həmin hadisədən düz 10 il sonra Moskvaya getdim və Qənimət Zahidlə bir daha şahid olduq ki, Ayaz Mütəllibov Rusiya Xüsusi Xidmət orqanlarının nəzarətindədir. Taleyin ironiyasına baxın ki, 10 il sonra, bu gün də Ayaz Mütəllibovun cəsarətsiz və qorxaq duruşunu yenə müşahidə edirəm. Bu adam qorxusundan atasının yasına gələ bilmədi. İndi də görünən odur ki, şərtlə gəlib. Buna şərt qoyublar ki, ağzını açıb danışma. Bu adam Rusiya Xüsusi Xidmət orqanlarının qorxusundan «qlazok» yeyə bilməyən adamdır. Sən Allah, hövsələyə bax. Ələbaxan olsa da, bir sürü mətbuat adamı var – birinə bir kəlmə demədi. Adam, heç olmasa dərdindən danış, Azərbaycan xalqına bir salam ver, Ramazanını təbrik elə. Hər qalxanın yanında birini görmüşük. Bunun da yanında biri var – Araz Əlizadə. «Mən onun yerinə cavab verəcəm suallara» deyir. Sən hansı suala cavab verəcəksən, verə bilərsən, Araz!?

Onu bağışlamaq olmaz!

Ayaz Mütəllibov bu millətin ən qara günlərinin baiskarlarından biridir.

Ayaz Mütəllibov millətimizin maraqlarını ayaqlar altına atan, ona ən böyük zərbə vuranlardan biridir.

Ayaz Mütəllbiov bu milləti xəstə etmişdi, unutmaq olarmı? İndi çox şey deyilə bilər, amma bu adamla bir addım yol gedilə bilməzdi, çünki bu adam qətiyyətsiz, cəsarətsiz, bacarıqsız və səbatsızın biri idi. O, bir milləti televizorun qarşısına dikib ağladır, vərəmlədirdi. AXC-nin və millətin yüksələn dəmir yumruqları olmasaydı, Ayaz bu millətə verdiyini də verməyəcəkdi.

Bəlkə onun 1991-ci il sentyabrın 8-də necə prezident seçildiyini unutmuşuq?!

Bəlkə qanlı 20 Yanvar yaddan çıxıb?!

Bəlkə Xocalının ahı bizi tərk edib?!

Bəlkə bircə gün də hakimiyyətdə qalsaydı, dəhşətli repressiya dalğasına başlamayacaqdı Ayaz Niyazoviç?! Kim tərsini söyləyə bilər?!

Bütün bu sualların cavablarında Ayaz Mütəllibovun dəhşətli əməlləri atır. Mütəllibov həm də icazə alıb bu suallara cavab verməlidir.

Onu bağışlamaq olmaz!

Biz onu bağışlasaq, Azərbaycan və onun Əziz Şəhidləri bizi bağışlamaz!!!

Azərbaycanın xatirinə…

Amma…

Azərbaycanın xatirinə, yaşının, qorxaqlığının və cəsarətsizliyinin xatirinə onun üzərindən cinayət işləri götürülməli və Ayaz Mütəllibova ölkədə yaşamağa imkan verilməlidir. Nə də olsa o, Azərbaycanın birinci prezidentidir və biz istəsək də, istəməsək də ona sahib çıxmalıyıq. Ayaz Mütəllibov ömrünün qalan hissəsini Azərbaycanda, dövlət təminatı ilə yaşamalıdır. Heç bir qorxusuz, ürküsüz…

 

Xural” qəzeti,

İl: 9, sayı: 031 (439),14-20 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button