Ayaz Mütəllibov bir daha Azərbaycan qayıda biləcəkmi?

«Eks-prezidentlər haqqında» qanun nə zaman Milli Məclisə təqdim olunacaq?

Oğlunun hüzr mərasiminə görə avqustun 8-dən sentyabrın 18-dək Bakıda olmuş sabiq prezident, Sosial Demokrat Partiyasının həmsədri Ayaz Mütəllibov yenidən mühacirət həyatına başlayıb. O, 1992-ci ildən yaşadığı Rusiya paytaxtı Moskvadadır. Üstündə ağır cinayət işləri olan eks-prezident Azərbaycana bir də nə vaxt dönə bilər?

Sosial Demokrat Partiyasının həmsədri Araz Əlizadə açıqlamasında Ayaz Mütəllibov Bakıda olan zaman Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərovun mediaya verdiyi müsahibəni xatırladıb: “Fuad Ələsgərova Ayaz Mütəllibovun Azərbaycana birdəfəlik qayıtmasının mümkün olub-olmadığı sualı verilmişdi. Şöbə müdiri bildirmişdi ki, Milli Məclisin payız sessiyasında “Eks-prezidentlərin statusu haqqında” qanun qəbul olunacaq və Ayaz Mütəllibovun qayıtması həmin qanunla həllini tapa bilər. Mən də buna əsasən deyirəm ki, Ayaz müəllimin qayıtması qanun qəbul edildikdən sonra mümkün ola bilər”.

Araz Əlizadə qeyd edib ki, qanunla bağlı nə iş görüldüyü haqda heç bir məlumatı yoxdur: “Eks-prezidentlərin statusu haqqında” qanunun qəbulu ilə bağlı ən böyük səhvə prezident olan zaman Ayaz Mütəllibov yol verib. Əgər ölkədə prezident vəzifəsi yaradılırdısa, prezidentin statusu, səlahiyyəti müəyyənləşdirilirdisə, onda gərək vəzifədən gedəndən sonrakı dövr üçün də status müəyyənləşdiriləydi. Bunu o dövrdə fikirləşmək lazım idi. Mən onda bu haqda danışanda heç kim bunu qəbul etmirdi. İndi 20 ildir bir qanun üzərində iş gedir”.

Ana Vətən Partiyasının sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı “Media forum” saytına bildirib ki, komitənin payız sessiyası üçün qanunvericilik işi planı deputatlara paylanıb: “İş planında komitədə müzakirə olunub Milli Məclisin plenar iclasına çıxarılacaq məsələlər öz əksini tapıb. Payız sessiyası müddətində hüquq siyasəti və dövlət quruculuğu komitəsində prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərdiyi layihələr üstünlük təşkil edəcək. Biz bir qayda olaraq belə bir praktikaya malikik və düşünürəm ki, payız sessiyasında da belə olacaq. Çünki bizim komitə aparıcı komitə sayılır”.

“Eks-prezidentlərin statusu haqqında” qanun layihəsinin iş planına daxil edilməməsinə gəlincə, Fəzail Ağamalı bildirib ki, bir sıra qanun layihələrini prezident İlham Əliyevin təqdim etməsi gözlənir: “Komitə olaraq bizim iş prinsipimizdə bir qayda olaraq daha çox prezidentin təqdim etdiyi qanun layihələrinin müzakirəsi üstünlük təşkil edir. Payız sessiyasında da belə olacaq. Hesab edirəm ki, həm “Eks-prezidentlərin statusu haqqında”, həm də “Siyasi partiyalar haqqında” qanun layihələri də payız sessiyasında Milli Məclisə təqdim olunacaq. Bir müddət əvvəl Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bununla bağlı açıqlamalar veriblər. Onlar deyiblər ki, “Eks-prezidentlərin statusu haqqında” qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq. Qanun layihəsi Milli Məclisə göndərilsə, ilk növbədə hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə olunacaq. Digər komitələr də müzakirələrə dəvət oluna bilər”.

Fəzail Ağamalı deyib ki, “Eks-prezidentlər haqqında” qanun konstitusiya qanunu olacaq: “Qanunvericiliyə görə, konstitusiya qanunu statusuna malik olan layihələr Milli Məclisdə iki səsvermədə qəbul olunmalıdır. Birinci oxunuşda qəbuldan altı ay sonra qanun ikinci səsverməyə çıxarılmalıdır”.

“Xural” qəzeti,

il 9, sayı: 041 (449), 24 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button