Ayaz Mütəllibov vətənə bir nəfər qurbanlıq istədi!

Əmirxan İsmayılov: «Sırxavəndin ağır vaxtlarında Rahim Qazıyev Cəbhəyə silah vermədi!»

İki KamAZ silahın birinin pulunu Şamaxının, digərinin pulunu Qobustanın icra başçılarından aldım!

Əmirxan İsmayılov Milli Azadlıq Hərəkatının önəmli simalarından biridir. Azadlıq qığılcımlarının alovlandığı illərdə ilk gündən bu alovun üzərinə özünü atanlardan olub. AXC Müdafiə Komitəsində Şirvan zonası üzrə əlaqələndirici, AXC-də Ümumi Şöbənin baş təlimatçısı, Azərbaycan Müdafiə Şurasında Tahir Əliyevin müavini olub. Bütün kritik mərhələlərdə millətin vurucu güclərindən biri olub. Başı olmazın bəlalar çəkib. Hələ sovet imperiyasının yaşadığı o mənhus illərdə yaşadığ Şamaxı şəhərindən repressiya olunub. Yaşadığı doğma şəhərini tərk etməli olub.

Əmirxan müəllim uzun və mənalı bu illər boyu maraqlıdır ki, bir dəfə də mətbuata danışmayıb. Xüsusilə, Əbülfəz Elçibəyin hakimiyyətdən getməsindən sonra bir çox hərəkatçılar kimi olmazın işgəncələrə məruz qalıb. Onu elə günə salıblar ki, başını götürüb ölkədən qaçıb. Rusiyanın Moskva şəhərində yaşayır və orada fəaliyyət göstərir.

Uzun illərdir insan hüquqları sahəsində fəaliyyət göstərən Əmirxan İsmayılov qonağımızdır. Bu fədakar, cəfakeş, milli mənafelər uğrunda yorulmaz mübarizə aparan millət oğlunu sən də tanı, Əziz «Xural» Oxucusu…

Əmirxan İsmayılovla söhbətə 1980-ci illərin əvvəllərindən körpü salırıq… KQB-nin başına açdığı oyunlardan danışır…

Əvvəli ötən sayımızda


– AXC-nin hansı qanadında işiniz?

– Mən liberallarla bir yerdə idim. İsa Qəmbər, Elçibəy, Sabit Bağırov, Tofiq Qasımov və s. Hərəkat başlanandan Cəbhə radikallara, liberallara bölündü. Radikallarda da Rahim Qazıyev, Etibar Məmmədov, Nemət Pənahlı, Xaliq Bahadır – o zaman İsgəndər Həmidov onlarla deyildi, Bakatinə əl verməyəndən sonra məşhurlaşdı və onlara qoşuldu – vardı. Baxdım ki, radikallar «qan-qan» deyirlər, amma liberallar bir qədər inkişaf etmiş kimi görünürdülər. Ancaq liberallarla olmağıma baxmayaraq, onların da yanında idim. Ölümə gedəndə bunlarla idim. 1991-ci ildə məni Tahir Əliyev çağırdı ki, prezident Ayaz Mütəllibov deyir ki, vətənə bir nəfər qurbanlıq insan lazımdır. Dedim, mən! Tahir Əliyev o vaxt Daxili İşlər nazirinin Qarabağ üzrə müavini, həm də Müdafiə Şurasının üzvü idi. Mən də onun referenti idim. Dedilər ki, Türkmənistanın Nebetdağından 3 maşın silah gəlməlidir, çox təhlükəli vəziyyət olacaq, istənilən vaxt vurula bilərsən. Ağaisa adlı oğlanla məni gizli olaraq «benzinavoz»un içində «paromdan» keçirdilər. Nebetdağdan 4 maşın tanka və piyadalara qarşı mina gətirdik, gəminin içinə saldıq, Krasnovodskda bizi erməni Quqasyan dəstəsilə tutdu və türməyə saldı. Sonra dövlət səviyyəsində bu məsələ həll olundu, iki sutkadan sonra bizi buraxdılar. Malımız Bakıya çatmışdı, hamısı da silah-sursat. Qarşılayıb təhvil də götürmüşdülər.

– Belə çıxır ki, Ayaz Mütəllibov səviyyəsində o silah-sursat Bakıya gətirilmişdi?

– Bəli… Respublika Müdafiə Şurasının sədri Ayaz Mütəllibov idi. 4 kommunist idi, 4 demblok. Aralarında Rahim Qazıyev, Etibar Məmmədov, Tahir Əliyev, Araz Əlizadə də var idi. Mən Tahir Əliyevin referenti idim. Həmin vaxt o silahların hamısını Müdafiə Şurasının qərargahına – indiki Binəqədi İcra Hakimiyyətinin binasına yerləşdirmişdik. Sonra mənə dedilər ki, LPQ 7 qranatamyotu çatmır. Evimdə bir qədər pul var idi, ev-eşiyimi satmışdım. Həmin pulu götürdüm. Gürcüstandan Viktor İvanov adlı bir polkovnik tapdım, ona bir qonaqlıq verib dedim ki, onsuz da SSRİ dağılır, mənə də LPQ 7 lazımdır. Soruşdu, nə qədər? Dedim, nə qədər var. 3 gün məndən vaxt istədi. 3 gündən sonra Rustavidə mənim Məhəmməd adlı bir dostum var idi, orada qaldım, mənə xəbər verdi ki, 2 KamAZ hazırlamışam. Qiyməti də hər birinə 2 milyon 500 manat, ikisi 5 milyon manat. Dedim, siz adamlarınızı verin, əgər mən o pulu verməsəm, o adam təpəmə bir dənə güllə vursun. Çünki həmin vaxt pul dəyərdən düşmüşdü, mənim də yanımda cəmi 400 min manat pul var idi. Bir sutka fikirləşəndən sonra öz adamlarından birini də mənə qoşdu. 2 KamAZ sursatı Şamaxı İcra Hakimiyyətinin binasının qarşısına gətirdik. Ora girəndə prokurordan tutmuş bütün vəzifə adamlarınadək hamı narahat olmağa başlamışdı ki, yenə bu bəlamız gəldi. İcra başçısına dedim ki, bu KamAZ-ları görürsən? Onun birinin pulunu sən verəcəksən, o birinin də pulunu Qobustan (Mərəzə) rayon icra başçısı Gülabbas Qasımov verəcək. Cəmi bir saatın içində bankla danışdı, kişi oğlu kimi 2 milyon 500 min saydı verdi mənə, mən də rusa verdim. O da geriyə zəng vurub hesabat verib ki, birinci maşının pulu təhvil verildi. Maşınları Gülabbas Qasımovun yanına sürdürdüm, o da kişi oğlu kimi çıxarıb 2 milyon 500 min manatı sayıb verdi. Sonra hər iki maşını sürdürdüm düz Müdafiə Nazirliyinin qapısının ağzına. Həmin vaxt da Tahir Əliyev müdafiə naziri idi, ona dedim ki, iki KamAZ priseplə LPQ 7 qranatamyotu gətirmişəm. Etibar Məmmədov da otağında idi. Etibar Məmmədov, Tahir Əliyev, Rahim Qazıyev – üçü də çox yaxın idilər. İnanmadılar.

Yəni mən hər zaman Vətənimdən ötrü canımı fəda etməyə hazır olan adam olmuşam. Amma AXC hakimiyyətə gələndə mən heç kimin yadına düşmədim. Heç kimin. 1992-ci il mayın 15-16 hadisələrində də oldum. O vaxt artıq Müdafiə Nazirliyində şöbə müdiri, Rahim Qazıyevin əməkdaşı idim. O vaxt o Elçibəyin əlindən mikrofonu alıb, ona qarşı hörmətsizlik edəndə etiraz etmişdim, işdən çıxmağım haqqında ərizə yazıb vermişdim. O da ərizəyə baxıb cırmışdı.

– Bu gün cəmiyyətdə Rahim Qazıyevin müdafiə naziri olduğu dönəmlə bağlı fikirlər birmənalı deyil. Siz bu hadisələrin içində olan adam kimi deyə bilərsinizmi ki, Rahim Qazıyev bu gün dediklərində haqlıdır, yoxsa yox?

– Əgər o illərdə Rahim Qazıyev mənim əlimə silah verib desəydi ki, qardaşını güllələ, güllələyərdim. O qədər inanırdım. Tək ona yox, Etibar Məmmədova, İsgəndər Həmidova da o səviyyədə inanmışam. Kəndlərə ermənilərin hücumları başlamışdı, top lazım idi. Dedim, mənə maşın Verin, gətirim. Şamaxıdan hərbi hissədən gecəynən top oğurladıq. 15-20 nəfərlə keşikçini sıradan çıxardıq, 2-3 «Uran» götürdük. «Alazan»lar haqqında da məlumatım var idi. Katibə də xəbərdarlıq etmişdim ki, o topları aparacağıq. Dedi, balalarına qurban olum, heç olmasa ikisini saxla, dedim, yox, 11 ədəddir, hamısı gedəcək. Avtobazanın həyətinə aparmaq üçün ondan KamAZ aldım. Topları 123 dərəcədə atırsan, 10 min dərəcə istilik verir, buzu əridib, su edir – buluddağıdan toplardır. Şamaxının yüksək nöqtələrindən yığıb avtobazaya gətirdim. Səhəri gün Rahim Qazıyevdən soruşdum ki, hara aparım? Dedi, Yevlaxın avtobazasına. Rəhmətlik Allahverdi də orada idi, ona təhvil verdim. Snaryadlar da yox. Anbarın müdiri Tofiqin yanına getdim, qohumum idi, o yanına, bu yanına keçdim, bir qonaqlıq, bir araq, dilindən söz aldım, məlum oldu ki, 1400 ədəd snaryad var. İki böyük yeşikdə yerləşdiriblər. Hərəsində də iki dənə. Bunlara da çatdırdım ki, axşam iki keşikçi olacaq, onları təmizləyib, bu snaryadları oradan götürmək lazımdır. Qabaqda, arxada 2 Villis – biri Tahir Əliyevin özünün idi, 3 dənə də «URAL» gecə saat 2-dən sonra tərpəndik. Keşikçini götürüb, səhər saat 6-da, hava açılmamış Şamaxıdan Bakıya çıxdıq. 1 «URAL»-da «Alazan» raketləri, əlimdə də Müdafiə Nazirliyinin daşdan keçən sənədi. Təsəvvür edin, mən Müdafiə Şurasının işlərini həyata keçirirdim, başında da prezident. Bu, nə deməkdir? Tahir Əliyev də həmin vaxt Müdafiə Şurasının üzvü olmaqla yanaşı, Sumqayıtda rəis müavini işləyirdi.

–  Neçənci il idi?

– 1991-ci ilin payız ayları idi. Hava sərinləşirdi. O snaryadları da Bakıya ona görə gətirmişdik ki, döyüş başlıqlarında nəsə dəyişikliklər edib cəbhə bölgəsinə göndərəcəkdilər. Ondan sonra rəhmətlik Elçibəy mənə bir məktub yazmışdı, bu günə qədər də arxivimdə saxlayıram: «Hörmətli Əmirxan bəy! Sırxavəndin vəziyyəti çox ağırdır. Xahiş edirəm, Xeyrulla bəyə kömək edəsiniz». Xeyrulla bəy də Əbülfəz bəyin köməkçii idi. Həmin vaxt Müdafiə Şurasında otururdum. Elə bil bu məktub mənə Cəbhədən gizli göndərilmişdi. Rahim Qazıyev ora gələndə dedim ki, xahiş edirəm, mənə bir az sursat verəsiniz, Sırxavənddə vəziyyət çətindir, ora göndərmək lazımdır, Bəy məktub göndərib. Rahimin əsl simasını onda gördüm. Dedi ki, Bəy qələt eləyir. Dedim, siz nə danışırsınız, mən həyatımı o kişiyə görə oda atmışam, Vətənə görə buradayam. Mənə dedi, xoşun gəlmir, sən də get onun yanına. Hər nəsə sursat vermədi. Özümün ayrı kanallarım vasitəsilə Bəyə bir az köməklik elədim.

– Rahim Qazıyev müdafiə naziri idi?

– Yox, Müdafiə Şurasının üzvü idi. Sonradan nazir oldu.

– 1991-ci ildən Rahim Qazıyevlə Bəyin aralarında xoş olmayan münasibət var idi?

– Bəli, əvvəldən Bəylə Rahim Qazıyevin fikirləri üst-üstə düşmürdü. Bütün toplantılarda, iclaslarda Rahim Qazıyev fərqli fikir söyləyərdi. Bəy nə deyirdisə, Etibar Məmmədov, Nemət Pənahlı və Rahim Qazıyev çalışırdılar ki, fərqli fikir söyləsinlər. Bir qədər sonra da Bəy mənə dedi ki, Ağdərə tərəflərdə vəziyyət pisdir, çalış, Şamaxıdan ora özünümüdafiə batalyonlarından göndər. Mən də Şamaxıdan 50 nəfər adam götürüb, Ağdərənin dörd kəndinə apardım. Şamaxıda elan etdim ki, «camaat, kimdə silah varsa, pulu ödənilmək şərtilə bizə versin». Bir-bir kəndlərə düşdüm, silah topladım…

– Maraqlı bir məqam yaranır. Belə çıxır ki, Müdafiə Şurası AXC-yə silah verməyib.

– Verməyib. Gizli şəkildə silah yığıb əldə edirdik – çəkinə-çəkinə…

– Belə çıxır ki, konkret Əbülfəz Elçibəyə silah verilmirdi?

– Yox, verilmirdi. Bizə də deyirdilər ki, özümüz bilirik, vəziyyət harada pisdir. Ora özümüz göndərəcəyik. Elçibəy haradan biləcək ki, vəziyyət harada pisdir? Silah-zad da yoxdur sizə… Etibar Məmmədov yanında oturub, başı ilə təsdiqləyirdi. Ona baxıb soruşdum ki, bəs siz nə deyirsiniz, sizin fikriniz nədir? Dedi, bizim qrupun başında Rahim Qazıyev durur, vermirsə, deməli vermir. Dedim, olsun, nə olar. Qobustanda bir dostum vardı, yeznəmin qardaşı oğlu, dedi, ruslar gedib, onlardan bir BMP qalıb, həyətdədir, üstünü də örtmüşəm. Dedim, gedirəm onu gətirəm, verəm Elçibəyə. Dedi, sən onu apara bilməzsən, mən onun qabağını yolda kəsib, əlinizdən alacam. Dedim, baxarıq. Rəhmətlik Rövşən Cavadovun yanına getdim. Onunla çox yaxın münasibətlərimiz var idi, elə bil bir ailənin üzvü idik. Ona dedim, bir BMP gətirmək istəyirəm, deyəsən, bunlar əlimdən alacaqlar. Nə etmək olar? Dedi, qələt eləyirlər, harada gözləyəcəklər? Dedim, Bakının girəcəyində. Bir nəfəri yanına çağırdı, tapşırdı ki, oradan BMP-ni sürüb gətirsin. Getdim, gətirdim, verdim Rövşən Cavadova. Ondan sonra bunlar mənimlə lap düşmən oldular.

– Onda Rövşən Cavadov hansı işlə məşğul idi?

– Rövşən Cavadov da onlarla bir yerdə idi. Bir tərəfdə o idi, bir tərəfdə də bunlar. Elə bil orta hissədə biz OMON-la dayanmışdıq. Müdafiə Şurası dövlətin idi, AXC millətin, OMON da hər ikisinin arasında əlaqələndirici.

– Deməli, bunların hamısı ayrılıqda güc idilər? Və… bir-biriləri ilə rəqabət aparırdılar?

– Ona görə milləti bədbəxt elədilər də… Binanın baş tərəfindəki 4-5 otaq onların idi, aşağı tərəfində AXC-nin, ortada da OMON-nun. Müşavirə və toplantılar orada keçirilirdi. Semipalatinskdən mənim keçmiş tələbə yoldaşım İsgəndərov İsmayıl bir gün mənə evə zəng vurdu. O zaman Vidadi 145-də yaşayırdım. Dövlət Rövşən Cavadovla yaxın münasibətlərim olduğu üçün o ikimərtəbəli evi əlimdən aldı. Heydər Əliyev Sarayının arxa tərəfində… Evim də mart hadisələrinin qurbanı oldu. Özümə də CM-nin 57-si ilə cinayət işi qaldırdılar.

– Mart hadisələrindən sonra nələr oldu ki?

Davamı gələn saylarımızda

Hazırladı:

XuralTAC

 

Xural” qəzeti,

İl: 9, sayı: 031 (439),14-20 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button