Ayaz Mütəllibovun adamı “Xural”a məktub göndərdi…

Ölkənin 1-ci prezidenti Əvəz Zeynallının müəllif yazısından narahat olub…

Ayaz Mütəllibov Mehriban Əliyevaya elektorat qazandırdığını etiraf etdi!..

 Redaksiyadan:

Əzizağa Süleymanov heç əlaqəsi olmadan Ayaz Mütəllibov haqqındakı müəllif yazısına görə Əvəz Zeynallıya cavab yazıb. Özünü A.Mütəllibovun tərəfdarı kimi təqdim edən Ə.Süleymanov bu məktubu ilə də bütün məsələləri baş-ayaq salıb. Gah Mütəllibovu müdafiə edən, gah heç kimin vəkili olmadığını deyən müəllif, əlaqəsi olmadan həm Şirvan əhlinin Mehriban xanımı müdafiə etməsindən, həm də naxçıvanlılarla qərbi azərbaycanlıların təşkilatlanmalarının verdiyi narahatçılıqdan bəhs edir. Mütəllibovun Milli Şura haqqında verdiyi fərmanı cavab məktubuna daxil etmək isə heç anlaşılmazdır. Bütün bu məqamların Əvəz Zeynallının yazdığı müəllif yazısı ilə uzaqdan-yaxından heç bir əlaqəsi yoxdur. O zaman ortaya sual çıxır – Əzizağa Süleymanov bu yazını niyə yazıb? Yəqin ki, “hamam suyu ilə özünə dost tutmaq”dır bunun adı. Belə çıxır ki, hörmətli “hərbi hüquqşünas” Əvəz Zeynallının yazdığı müəllif yazısına cavab verməklə özünü pisikmiş Ayaz Mütəllibovun nəzərində hörmətə mindirmək istəyib. Ümumiyyətlə, A.Mütəllibova bir şeylər olur. O, bir qəzetə adamını göndərib kitabının yayımını dayandırmağı xahiş edir, digər qəzetin baş yazarına isə öz adamı vasitəsilə uğursuz cavab məktubu hazırlatdırır.

Aldığımız məlumatlara görə, Ə.Süleymanovun A.Mütəllibovu müdafiə etməsinin özəl səbəbləri var. Onlardan biri də eks-prezidentin Azərbaycana qayıdışında oynadığı roldur. A.Mütəllibovu hava limanında qarşılayanların başında sən demə, Ə.Süleymanov dayanıb. Yəni o, Mütəllibovun ölkəyə qayıtmasından sonra bir növ özünü bir zamanların “Rövşən Cavadov”u kimi aparmaq və kimlərinsə diqqətinə gəlmək istəyir.

Nə deyirik, olsun. Amma biz “Rövşən Cavadov”ların aqibətini gördük…

İndi isə Ə.Süleymanovun israrla dərcini istədiyi yazını dərc edirik…

“Xural” qəzetinin baş redaktoru hörmətli Əvəz Zeynallıya!

Hörmətli Əvəz müəllim! Sizin 14 avqust 2011-ci il tarixli “Xural” qəzetinin 5-ci səhifəsində “Ayaz Mütəllibovla nə etməli?” başlığı altında qələmə aldığınız məqalənizdə səslənən bəzi fikirlərnizlə bir Azərbaycan vətəndaşı olaraq razılaşa bilmərəm. Odur ki, o dövrdə dövlət rəhbərliyində baş verən dəyişikliklər zamanı həmin hadisələrin içərisində olan və hadisələrin baş vermə və inkişaf etmə dinamikasını bilən bir ali təhsilli hərbi hüquqşünas ixtisasına malik vətəndaş olaraq, həqiqəti söyləməyi özümə borc bilirəm.

Ayaz Mütəllibov müstəqil Azərbaycan Respublikasının ilk prezidenti olub. Azərbaycan Respublikasının müstəqillik aktına qol çəkib, onun prezidentliyi dövründə Azərbaycan Respublikası BMT-nın üzvlüyünə qəbul edilib.

6 mart 1992-ci il tarixində Ali Sovetin sessiyasının qərarı ilə Ayaz Mütəllibova toxunulmazlıq statusu verilib. Ayaz Mütəllivov xalqla heç bir qarşıdurmaya getməyərək könüllü şəkildə ölkə prezidenti postundan istefa verib.

Azərbaycan Sovet Sosialist Respublikası dövründə Sovet imperiyası ordusu tərəfindən Bakıda törədilən qanlı 20 Yanvar 1990-cı il hadisələrində Ayaz Mütəllibov ölkənin birinci şəxsi olmayıb. 20 Yanvar hadisələrində onu cinayət məsuliyyətində yox, mənəvi məsuliyyətdə günahlandırmaq olar.

Ayaz Mütəllibov ölkə prezidenti olaraq 1991-ci ilin 29 sentyabr tarixində 26 fevral 1992-ci il Xocalı faciəsindən qabaq ölkədaxili müxalifət qüvvələrinə həmrəylik əlini uzadaraq Müdafiə Şurası yaradılması haqqında fərman imzalayıb.

 

Azərbaycan Respublikası Müdafiə Şurasının yaradılması haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikasının təhlükəsizliyini təmin etmək məqsədi ilə bütün xalqın sıx birliyinə səy göstərən vətənpərvər əhvali-ruhiyyəli demokratik ictimai-siyasi qüvvələrin iradəsini ifadə edərək qərara alıram:

 

1.     Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi  altında aşağıdakı tərkibdə Azərbaycan Respublikasının Müdafiə Şurası yaradılsın:

 

Qazıyev Rəhim Həsən oğlu

Əlizadə Araz Məmmədmübariz oğlu

Əliyev Tahir Yunis oğlu

Məmmədov Etibar Səlidar oğlu

Mustafayev Mustafa Kamil oğlu

Salayev Akif Məmməd oğlu

Hacıyev Ağa Şamxal oğlu

Cəbiyev Azər Mirzəağa oqlu.

 

2.     Müəyyən edilsin ki, Azərbaycan Respublikası Müdafiə Şurasının üzvləri daimi əsasda  işləyirlər və digər idarələrdə, təşkilatlarda və müəssisələrdə işləyə bilməzlər.

 

3.     Azərbaycan Respublikasının Müdafiə Şurası özü haqqında Əsasnamə hazırlasın və təsdiq olunmağa təqdim etsin.

 

Azərbaycan Respublikasının Prezidenti

A.Mütəllibov

 

Bakı şəhəri, 29 sentyabr 1991-ci il

№ 357

 

14 may 1992-ci il tarixində Azərbaycan Respublikasının Ali Sovetinin qərarı ilə Ayaz Mütəllibovun ölkə prezidenti statusu bərpa edilib. Ali Sovetin 250 deputatından 210 nəfəri Ayaz Mütəllibovun prezidentlik statusunun yenidən bərpa edilməsinə səs verib. Ali Sovetin qərarı ilə qanun qüvvəyə minib. 11deputat sessiyanın iclasda iştirak etməyib (Sizin qeyid etdiyiniz kimi qanun alidirsə, Mütəllibova niyə şamil edimədi?).

Dövlət strukturunda yüksək vəzifə tutan məmurların Rusiya Federasiyasının Müdafiə naziri Pavel Qraçovla apardıqları separatçı danışıqlarla əlaqədar olaraq, Bakıda yerləşən rus ordusunun komandanı general Popovun xəbərdarlığı və köməkliyi sayəsində Ayaz Mütəllibov ölkə daxilində qardaş qırğınına getməyərək 16 may 1992-ci il tarixində tərəfdarları belə bilmədən ölkəni tərk edib. Xalq Cəbhəsinin İdarə Heyətində təmsil olunan, o cümlədən Naxçıvan Muxtar Respublikasından təyyarə ilə Bakıya gətirilən 100 nəfərə yaxın qanunsuz silahlı dəstəyə rəhbərlik edənlər, 16 may 1992-ci il tarixindən 19 may 1992-ci ilə qədər toxunulmazlıq statusu olan Ayaz Mütəllibovu ölkənin hər yerində qarış-qarış axtarmış, ölkə vətəndaşlarının şəxsi həyatlarına müdaxilə edərək bir çox cinayət əməllərə yol vermişdilər. Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəyin və ölkə rəhbərliyinə gələn Ali Sovetin sədri İsa Qəmbərin qəti göstərişindən sonra Ayaz Mütəllibovun və onun tərəfdarlarının ölkə daxilində təqib edilməsi dayandırıldı.

3 noyabr 1992-ci il tarixində Respublikanın baş prokuroru olmuş İxtiyar Şirinovun şəxsi təşəbbüsü ilə ölkənin keçmiş prezidenti Ayaz Mütəllibovun toxunulmazlıq statusu Milli Məclisin sessiyasında 100 nəfərdən az deputat qrupu tərəfindən qanunun tələblərinə uyğun olmadan götürüldükdən sonra ona qanunsuz olaraq cinayət işi açıldı. 3 noyabr 1992-ci il tarixində təməli Respublika prokurorluğunda qoyulan qanunun tələblərinə söykənməyən cinayət işinin başlanması nəticəsində ölkənin ilk prezidenti Ayaz Mütəllibov 7 may 1995-ci il və 12 aprel 1996-cı il tarixlərində Moskva şəhərində milis orqanları tərəfindən həbs edildi. Moskva prokurorluğu tərəfindən Ayaz Mütəllibova qarşı Azərbaycan respublika prokurorluğundan Moskvaya göndərilmiş cinayət işinin araşdırılması zamanı Ayaz Mütəllibovun cinayət törətməsi faktı təsdiqini tapmadı və A.Mütəllibov sərbəst buraxıldı. A.Mütəllibovun müdrikliyi onda oldu ki, o, Avropa Məhkəməsinə müraciət edib İxtiyar Şirinovun əmlakını ona vurulan mənəvi ziyan kimi tələb etmədi.

Yəqin ki, A.Mütəllibovla bağlı baş vermiş qanunsuzluqlar barəsində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev məsul şəxslər tərəfindən düzgün məlumatlandırıldı və ölkə rəhbəri qərar  qəbul etdi.

Ayaz Mütəllibovun başına gələn ailə faciəsi ağır bir faciədir. Bu sahədə Azərbaycan Respublikasının prezidenti hörmətli İlham Əliyevin humanistliyi Azərbaycan xalqının adət və ənənəsinə edilən hörmətdir.

Heydər Əliyev adına Fondun Prezidenti Xanım Mehriban Əliyevanın Ayaz Mütəllibovun oğlunun müalicəsinə göstərdiyi  yardım ən birinci mərhum Azad Mütəllibovun Azərbaycan vətəndaşı olduğunun göstəricisidir. Mehriban xanımın xeyirxahlığı hər kəsə bəllidir. Məncə Mehriban xanımın hansısa siyasi elektoratı öz tərəfinə çəkməsinə ehtiyacı yoxdur. Onsuz da regionçuluq meylindən uzaq olan böyük Şirvan əhli bu xanıma qəlbən hörmət bəsləyir. Onu da nəzərinizə çatdırım ki, bu gün ölkə daxilində müəyyən qüvvələr tərəfindən naxçıvanlıların və qərbi azərbaycanlıların təşkilatlandırılması pərdəsi altında regionçuluq hüceyrələrinin baş qaldırması ölkə daxilindəki mətbuat səhifələrində aydın hiss edilir. “Qara məni basınca mən qaranı basım” fəndi artıq keçmir.

O ki qaldı kimin qorxaq, kimin cəsur olmasına, bunu tarixi araşdırmalar gələcəkdə sübut edəcək. İnsanın ağır dərdli məqamında bu ifadəni dilə gətirmək məncə düzgün deyil.

Nəzərinizə çatdırım ki, az-çox məni tanıyanlar bilir ki, mən heç vaxt kiminsə vəkili simasında danışan adam deyiləm. Haqqın tərəfdarı olaraq bu faktları deyirəm.

Sizdən xahiş edirəm, sizə ünvanladığım bu məktubu rəhbərlik etdiyiniz “Xural” qəzetinin növbəti nömrəsində çap etdirəsiniz.

 

Hörmətlə, Süleymanov Əzizağa Mirpaşa oğlu

Hərbi hüquqşünas

Bakı şəhəri

Xural” qəzeti,

İl: 9, sayı: 033 (441),28 avqust – 03 sentyabr 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button