Aydın Əliyev oliqarx-məmurlardan birinə savaş açıb

DGK-nin sədri İranla biznesi olan məmuru hədəfə aldı

 Azərbaycanda yükdaşıma ilə məşğul olan sürücülərin son dövrlər ciddi problemləri yaranır. Buna səbəb olan amillərin sayı isə çoxdur. Həm icazə kağızının baha olması, həm də yükdaşıma zamanı ölkəmizdə qalma müddətlərinin 24 saat təyin edilməsi sürücüləri çətin vəziyyətə salır.

Dünən bizə müraciət edən bir qrup sürücü Dövlət Gömrük komitəsinin sədri Aydın Əliyevə müraciət ediblər. Adil Bağırov, Əsgər Cavadov, Heydər Cavadov, Rəşad Heybətov, Nizami Kazımov, Norvuz Məlikov və daha 50 sürücünün ünvanladığı müraciətdə deyilir ki, onlar İrana və oradan da Azərbaycana yükdaşımaqla məşğul olurlar. “Nəzərinizə çatdırırıq ki, biz sürücülər İrandan Azərbaycana və əks istiqamətdə yük daşınması ilə məşğuluq. İrandan Azərbaycana yük gətirən zaman Gömrük Keçid Məntəqəsini keçdikdən sonra Bakıdakı gömrük məntəqəsinə çatmaq üçün bizə cəmi 24 saat vax verilir”.

Onlar deyirlər ki, Gömrük Keçid Məntəqəsində yüklərin yoxlanılması prosedur səbəbindən bir qədər yubanırlar. Amma buna baxmayaraq, hesab edirlər ki, qanunun tələbi olaraq bu müddətdə gömrükdə gözləməyə etirazları yoxdur. “Astaradan Bakıya qədər uzun bir yolun olduğunu deməyə gərək yoxdur. Bizim üçün nəzərdə tutulan 24 saat müddət isə çox az vaxtdır. Gecikmə olduğu təqdirdə birinci dəfə 20 manat, növbəti dəfələrdə isə yubanmaya görə 50 manat cərimə olunuruq. Bildirmək istəyirik ki, Astara-Ələt yolu bərbad vəziyyətdədir və bu səbəbdən də istənilən sürətlə bu yolu sürərək vaxtında Bakıya çatmaq olmur. Həmçinin yolun yorğunluğu da sürücülərin ağır vəziyyətə düşməsinə səbəb olur. İstirahətsiz və yorğun şəkildə maşın sürməyin nə qədər təhlükəli olduğunu isə deməyə gərək yoxdur. Elə bu səbəbdən də davamlı olaraq yük maşınlarının nəqliyyat hadisələri törətməsi mütəmadi olaraq baş verir”.

Sürücülər DGK-nin rəhbərliyindən xahiş edirlər ki, onlar üçün nəzərdə tutulmuş 24 saatlıq müddətin uzadılması barədə sərəncam verilsin. “Vəziyyəti nəzərə alaraq sizdən xahiş edirik ki, bu müddəti artırasınız”.

Bundan başqa, bizdə olan məlumatlara əsasən, bu qərarı Aydın Əliyev Nazirlər Kabineti ilə razılaşdırmadan qəbul edib. Son zamanlar bəzi oliqarx-məmurların biznes maraqları toqquşduğundan, İranda biznesi olan məmurların sıradan çıxarılması kimi qiymətləndirilən bu qərar artıq ciddi etirazlara səbəb olub. Məlumatlara əsasən, gömrükdə İrandan yük daşıyan maşınlara texniki problemin yaradılması səbəbsiz deyil. Bu ən yüksək dairələrdə İranla biznesi olan məmurlardan birinin çökdürülməsi üçün yarıdılacaq problemlərlə bağlı ilkin addımlardan biridir.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 052 (461), 06 oktyabr 2011

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button