Aydın Canıyev Məmməd Araza yazdı

Aydın Canıyev

Möhtərəm və möhtəşəm jurnalist

 

Dünyanın Məmmədi!

Hər gün saat 00.00-da Mark mənə mesaj verir ki, hansı dostun ad günüdü. Bu gün Məmməd İnfil oğlu İbrahimovun ad günüdü. Məmməd Arazın.
Məmməd Araz tədbir, törən, təqvim adamı olmayıb – bildiyim qədərincə.
Və Məmməd Məmməd olanda ortada çox adam, çox mükafat, çox titul əziyyət çəkirdi.
O adamlar, o mükafatlar, o titullar Məmməddən sonra idi! Amma ən axırda ona qıydılar!
Dədəm Məmməddən tutmuş Azərbaycanın bütün qalan Məmmədlərinin (təkcə “Masallı Mamed” istisnadı) günahını yuyacaq, Qiyamət günü “Məmməd mənəm, mən Məmmədə bağışla bunları, İlahi” deyəcək qədər saf bir kişi kimi tanıdım bu Məmməd Araz adında İşığı!
Bilirsiniz, mən desəm də, deməsəm də, Azərbaycanın şair-yazıçı tayfası diri çıxmadı sovet dönəmindən, lap elə müstəqillik vaxtlarında da. Bir az da sərt desək: kişi çıxmadılar. Rəhmətlik Ağamalı Sadiq Əfəndi demişkən:

Çox da qaralama fələk deyənə
Sənin də oğlundan kişi çıxmadı.

Bu və ya digər formada: biri vəzifə üçün dost satdı, biri ev, mandat üçün hər şeyindən keçdi, biri qorxusundan xalqının əleyhinə bəyanat imzaladı, biri türməyə getməsin deyə nə dedilər qol çəkdi, nə istədilər yazdı, nə dedilər elədi.
Şablon desək, “xalq şairi”, “xalq yazıçısı” adını aldılar, xalqın şairi, yazıçısı olmadılar, laureat oldular, cəngavər olmadılar, deputat oldular, kavaler ola bilmədilər…
Hər şairin, hər yazıçının vedrəsi birinin əlindədi – yoxdu eləsi ki, sındığından kimsənin xəbəri olmasın, kimsəyə qarşı nakişilik eləməsin, kimsənin haqqını yeməsin, kiminsə əl quzusu olmasın! Hələ ən yaxşı halda deyirəm ha! Hələ “kaqebe” xətti ilə xalqını yuxuya verən “cahanşümul əsərlərə” imzanı yox!
Səlahiyyətlisi xalqının əleyhinə oldu, səlahiyyətsizi dostunu satdı, vurdu, yıxdı, sıradan çıxardı, bunların heç birini də etməyən ən pisini etdi: ya içdi, ailəsini məhv etdi, daha pis əməlin yiyəsi oldu, ya da vurdu yıxdı getdi, türmələrdə çürüdü!
Kişi ola biləcəklərin də sürgündə, türmədə öləni öldü, qalanı da… son anda… qırıldı!
Məmməd Araz etmədi bunları!
Kimsə deyə bilmədi: Məmməd məni satdı, Məmməd dediyini təkzib etdi, Məmməd daldeylərdə əleyhimə izahat yazdı, Məmməd filan xanımın evini yıxdı, Məmməd dostunun qızını belə işə götürdü, neylədi!
Məmməd şair kimi yaşadı!
Məmməd xeyirxah insan kimi yaşadı!
Məmməd dünyaya bir də xatırlatdı: bu dünyanın Məhəmmədi varsa da, unutmayın ki, bu dünyanın həm də Məmmədi var!
Bax, bu yazını bu bir cümləyə görə yazıram: Məmməd yeriyə bilmədi! Yeriyə bilsə idi… özü dünyaya çıxardı, ona doğru gedirdi. Gedirdi ki, desin: Mən Azərbaycanın Məmmədiyəm!
Amma… yeriyə bilmədi! Danışa bilmədi!
Qolundan tutmağa, Onun dedyini deməyə, aparıb mənzil başına çatdırmağa ikinci bir kimsəni isə Azərbaycan görməyib, yoxdu, görməyəcək də!
…Həmişə Məmməd Arazın “Azərbaycan” nəşriyyatına gəlməyinə, görməyimə, varlığına tamaşa etməkdən zövq almışam və tamaşa edəndən sonra çıxıb getmişəm – ayrı yazıda açmasını vermişəm.
Bir dəfə isə…
Hər dəfə “Ata” deyəndə bütün ruhuyla, baxışı, mimikası, tərpənişiylə belə adını çəkdiyi validinə bağlı ehtizaz, furor yaradan xanım dostuma danışdım. Danışdım ki, allahı qəzəbləndirməsin! Danışdım ki, dözmürdüm bu xanımın çox cavan rəhmətə getmiş Ata yanğısına. İndinin özündə belə qulağımda “Ata” frekansı qasırğalar qoparır! Gözlərim birbaşa Günəşə baxırmış kimi necə tutulursa, yaşlanırsa, “Ata” dediyində baxışı, mimikası hər qımıltısı belə məni o cür darmadağın edirdi. Bacara bilmirdim ən çox xətrini istədiyim bu xanımın, belə deyək, ən söyər yerinə, müqəddəs inancına nüfuz etmək, ağıl, təsəlli vermək. Həm də… bu ağrıya, nə qədər möhtəşəm olsam da, daha çiyinlərim tab gətirmirdi!
Məmməd Arazı birlikdə gördük nəşriyyatın qabağında…
Yaman kövrəldi. Eynən Atası üçün varından yox olduğu kimi…
Hövsanda dənizin zir-zibilli sahilində (çoxdandı olmuram oyanlarda, deyirlər indi yaxşıdı) təsəlli üçün danışmağa başladım, özümü medium, ekstrasens, nə bilim psixoloq, daha nə kimi apararaq:
– Ata rəhmətə gedəndə raykom kim idi?
– Filankəs!
– Necə adam idi?
– Belə də, tipik raykom katibi!
– Şorgöz. Rayonda ən gözəl xanımlara tamah salan, eləmi?
– Day o qədər də yox, amma həm də… hə! Birincinin qohumuydu!
– Bax, Ata rəhmətə getməsəydi, idarə müdiriydi, xəstəxanada işləyən Ana da çox gözəl həkim. Raykom da “tipik katib”. Təsadüfənmi görərdilər, xəbərmi verərdilər, tamah salardı Anaya, Ata götürüb öldürərdi, tutardılar, bütün nəsliniz məhrum olardı oxumaqdan, qızlarınız bədnam olardı… Bəzən Allahın hökmüylə razılaşmaq lazımdı!
İnanmayan özü bilər: o xanım sadəcə məni rayona aparıb valideynlərinin qəbrini göstərdi… Allah hər ikisinə rəhmət eləsin, başdaşılarındakı şəkillərdən iki heyrətamiz gözəllik boylanırdı və hətta vəfat etmələrinə baxmayaraq, kişiyə qadınların, qadına kişilərin tamah salmayacağını ağıldan uzaq tutmaq olmurdu!!!
Və… xanım sonradan etiraf etdi ki, biz elə sən deyən səbəbdən köçdük rayondan, ancaq təsəllimiz vardı və inanırdıq ki, Ata sağ olsaydı, bizə kimsə həqarət etməzdi. Amma sən haqlısan…
Bunu Ata adı gələndə varından yox olan xanım dostuma Məmməd Araza görə danışdım:
– Məmməd Araz bu xalq üçün Böyük qalsın deyə, Dəyər olsun deyə, Şair adına and yeri olsun deyə… Allah onun səhhətinə göz yumur!
Məmməd Arazı görmək səadətimə görə sorğu-sual günündə “o dünyada nədən, kimdən razı qaldın” deyiləndə, deyəcəm:
– Mən Şair gördüm – ləyaqətli və mərd! Heç kimi satmayan, heç kimə xəyanət etməyən, xalqına yalan deməyən! Təkcə ölkəmin və xalqımın yox, həm də Dünya üçün Ad olan Məmməd Arazın özünə və Şairliyinə görə o dünyamdan razıyam!
… Arada oturub fikirləşirəm, çox vaxt da yazmaq istəyirəm: kim deyə bilər: Nizami Gəncəvi, Məhəmməd Füzuli neçə köpüylük kişi olublar? Heç kim cavab verəsi deyil. Cavablar uydurma da ola bilər. Yalan da, doğru da. Amma məni inandırmaz! Mən bəzən müasir şair və yazıçılarımızın özlərindən və əsərlərindən yazanda çalışıram ki, çox da “pereborşit” eləməyim. Nə qədər olmasa da, gələcəkdə kimin kim olmağı yox, nə yazmağı önəm kəsb edəcək. Elə mənim üçün də bəzən bu meyar əsas olur. Amma bir orası da var ki, mən də xoşbəxt olmaq istəyirəm. Mən də istəyirəm ki, müasirim olan bu insanlarla fəxr edim. Tarix üçün yazım ki, bu dahi insan həm də kişiydi, mərd idi, ləyaqətliydi!
Mən bunu hələ ki, təkcə və təkcə Məmməd Araz haqqında yaza bilirəm. Başqası yoxdu ki, mən yazmasam da, başqası yazsın!
İndi sağ olan ikicütbirtək təqdir olunası yazarların xətrinə dəyə bilər, amma qoy deyim, hələ ki yaşayırsınız, bilmək olmaz, siz son nəfəsəcən bu mərdliyi qoruya biləcəksiniz Məmməd Araz kimi, ya yox? – əlbəttə ki, qoruya bilənlərdən yazmağa mütləq bir Aydın Canıyev tapılacaq!
Söz Məmməd Arazdan getdiyi üçün, elə Məmməd Arazdan danışdım… və yazıya nöqtə qoyuram!
Bu gün 85 yaşı olacaqdı. Sosial şəbəkədə oxuduğuma görə, tədbir də keçirilib. Bəlkə də bu sətirlər oxunanda qəbri də ziyarət olunacaq! Ancaq mənim deyəcəyim odu ki, əzizlərim, bilin və unutmayın, 850 ildən sonra da bu imza elə bu ucalıqdan seviləcək. Çoxlarının çox zibili, Məmməd Arazın isə böyüklüyü, əbədiliyi üzə çıxacaq!
Bu qədər… indi də gəlin mənimlə birgə “Sizə yetim deyən olsa” şeirini oxuyaq. Çünki siz Məmməd Arazın o biri şeirlərini oxuyub əməl edən deyilsiniz.
“Azərbaycan deyəndə ayağa qalx ki…”
Hanı… qalxdın ayağa, ay mənim əziz oxucum?

…Mən əyilməz ata adı saxladım,
Vicdanımı ovuclara sağmadım.
Bu dünyanın məhvərini laxladın,
Sizə “yetim” deyən olsa, qızlarım!
Demək, günəş yer üzünə qarğıyıb,
Demək, sənə, Vətən eşqim, qar yağıb.
Demək, kardı Azərbaycan torpağı –
Sizə “yetim” deyən olsa, qızlarım!
SÖZARDI: Mən kitablardan ləyaqət haqqında çox fikirlər oxumuşdum, amma görkəmli ictimai-siyasi, dövlət xadimi, hüquq elmləri doktoru İlyas İsmayılovla söhbətlərin birində bildirdi ki, ləyaqət hər kəsin özünə aid, öz əlində və özündən asılı olanı qoruya bilməsidir!
Məmməd Araz bu baxımdan qənirsizdir. Gerisi təfərrüat!!!

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button