Aydın Canıyev Qarabağ Komitəsindən yazdı: “O xərçəngin adı Qarabağdır!”

 

Mənim ən şərəfli mənsubyyətim: Qarabağ(-lı; -lılıq)!

– Qarabağ Komitəsinə üzvlük andım –

 

…Gecikmişik. 25 il indiki dönəmdən bir, 205 il də tarixin özündən bir!

İstər müasirlik, istər tarixilik baxımından xalq olaraq, korafəhmlik alnımızın silinməz izi olsa da, siyasilərimizin də linçi məhz özümüzə məxsusdur! Heç vaxt bu xalqın dəyərli oğulları mədh olunmadı və əksinə, biz artıq Dədə Qorqud boylarından boy boylayan, soy soylayan döyüş qəhrəmanlığı salnamələrini çox şeylərlə əvəzlədik: çarizmin, sosializmin, demokratizmin bu vətənə müncər olunması haqqında, çəltiyin, pambığın, üzümün və hətta xiyarın yetişdirilməsi sahəsində qəhrəmanlıq edənlərə nəğmələr qoşduq, çox vaxt da qəhrəmanlarımız… analarımız oldu! Uşaq doğmaq qəhrəmanlıq sayıldı.

Nəticədə oğluna 15 yaşınacan ad qoymayıb, adını etdiyi igidliyə görə qazanan xalqdan gəlib çıxdıq itini “Gümüş” çağıran xalqa.

Mən inanmıram ki, 19-cu əsrin ilk əllərindən 21-ci əsrin ilk onilliyinə qədər bu xalqın içində bir nəfər də olsa anlamayıb və bilməyib ki, Azərbaycan qurdlar süfrəsinə – rusun, farsın, ingilisin – yem olaraq çəkilib!

Əlbəttə, siyasi tarixi şərait, hərbi qüdrət, iqtisadi hegemonluq, elmi potensial, geopolitik maraqların birləşdirdiyi rəqiblərin bizi təkləmək üstünlükləri və sair amillər öz rolunu oynayıb! Əlbəttə…

Əlbəttə ki, dünyada durumu bizdən də ağır olan məmləkətlər olub və bizdən fərqli olaraq, tarixə və onun hegemonlarına “durun!” deyib durdurublar! Avropanın göbəyindəkiləri bir qırağa qoyub, Şərqin aşağı ətrafında, qurşağında dirçələnlərin bir neçəsini diqqətə çatdırmaq istəyirəm: Yaponiya, Sinqapur, Tailand, bu yanda İsrail, Səudiyyə, ondan da aşağı Malayziya, İndoneziya və hətta Qambiya, Qana…

Ən pis gündə olanı və ən pis nəticə ilə bu günə çatanı bizik – öz torpaqlarımızda Ermənistan, İran kimi dövlətlər yaranıb, bizim, eləcə də digər türkdilli xalqların torpaqları hesabına Rusiya genəlib, Kürdüstan coğrafiyanın bətnində hamiləlik dövründədi!

Buracan yazdıqlarım nə mixi, nə şumer, nə alban, nə də sanskrit mənbələrində olan deyil də ki, bunu ümumi xalqın bilməsi çətin ola!

Buracan yazdıqlarım kvant mexanikasına, qeyri-səlis məntiqə, Skanavi məsələlərinə, nüvə fizikasına, mikbioloji kimyaya da aid deyil ki, deyəsən də ki, çətin hamı başa düşə!

Buracan yazdıqlarımı anlamaq üçün heç ali təhsil də almaq lazım deyil, lap belə orta məktəbi də bitirməmək olar!

Və anlamaq gərəkən ilk növbədə odur ki, biz – Tarixin Fateh Xalqı çox miskin bir durumdayıq! Həm ruhundan-nurundan gəldiyimiz Yaradana, həm də Özümüzə qayıtmaq üçün dərk etməli olduğumuz cəmi bir amil var: Yaradana və Vətənə sevgi!

Bunun üçün nə elm, nə hərbi qüdrət, nə iqtisadi güc, nə də tarixi şərait lazımdı!

Sadəcə və sadəcə… sevmək lazımdı!

Biz artıq çoxdan unutmuşuq sözlərin, fikirlərin sehrini!

Diqqət yetirin dünyanın bugünkü fateh və bizə düşmən ölkələrə – hansı biri elmlə, iqtisadiyyatla yüksəlib o hegemonluğa?

Özünüzü aldatmayın və riyakarcasına, şərəfsizcəsinə yalan deməyin!

Nə Almaniya, nə Fransa, nə İtaliya, nə Portuqaliya, nə İngiltərə dünya hegemonluğuna addım atanda oxları, nizələri və bir də “cəsur ürəkləri” vardı!

Bu gün Almaniya hərbi qüdrəti ilə hegemon deyil – 60 il əvvəl bizdən də miskin durumdaydı və bizim düşmənlərdən də daha güclülərin nəzarətindəydi!

Bu gün İngiltərə hərbi qüdrəti ilə hegemon deyil!

Fransa da, İtaliya da, hətta Çin də həmçinin!

Dünyanın coğrafi istilası keçən əsrdə qalıb!

Dünyanın sürətli iqtisadi istilası mərhələsi bitdi!

Dünyanın elmi və diplomtik fəthi mərhələsindəyik!

Amma biz Monqolustanın xoşbəxtliyindən də məhrumuq. Ki… kapitalizmi görmədən feaodalizmdən birbaşa sosializmə keçmək səadəti bizə nəsib olsun!

Və bizim durum o qədər ağırdır ki, dünyanın bütün inkişaf etmiş ölkələrinin taleyini, tarixini eyni zamanda yaşamaqla həm də öz tariximizi yaratmalıyıq!

Rəhmətlik Lenin demişkən, bu gün tezdir, sabah gecdir!

Əslində, bu gün mənim üzvlüyünə arzumu ifadə etdiyim “Kəbə” 205 il əvvəl yaradılmalıydı – etməybilər, çünki bu gün biz fikirləşdiyimiz kimi fikirləşiblər !

Əslində, mənim iqamətgahında səcdəyə durmaq istədiyim “Məkkə” 25 il qabaq hazır olmalıydı – etməyiblər, çünki bugünkü kimi 25 il əvvəl də Qarabağ alver predmetiydi!

Əslində… bəs niyə olmadı?

Ona görə olmadı ki, biz qəhrəmanlarımızın qətlinə nəinki tamaşa etdik, hətta meyitləri üstünə peşova getməsək də, gedənlərə əl çaldıq!

Biz Rövşən Cavadovu dəfn edib, Qənirə Paşayevaya əl çalmağı, alqışlamağı seçdik!

Biz dünyanın leninsayağı “kartavıy” danışan Elçibəyini devirib, “maa eləəlir” deyən Surət Hüseynova dəstək olduq!

Biz Nərimanovu qətl edən Əliheydər Qarayevi onunla bir ranqda tutduq – ikisinin də adını küçələrimizə verdik!

Biz qatillərimizə səcdə etdik – hətta qan düşməni də olmadıq!

Babalarımız, atalarımız bunu etdi! Biz də bunu edirik!

Və ən dəhşətlisi də odur ki, bütün tarixi və siyasi həqiqətləri bilə-bilə edirik!

Və ən faciəlisi də odur ki, biz bilmirik: xilasımıza hansı dərdimizdən başlayaq?

Və ən çəkilməzi də odur ki, bir dərdimizi – şəkərimizi sağaldan dərman digər dərdimizə – vərəmimizə ziyan edir!

Və ən dəhşətlisi də odur ki, bir-biri ilə yola getməyən, ancaq və ancaq ən doğru seçim halında canımızda olan çoxsaylı xəstəliklərdən qurtula bilərik!

“Nə etməli?” sadəcə, Çernışevskinin tarixi-siyasi aforizmi deyil! Bizim əbədi dilemmamızdır!

Dəhşət həm də odur ki, bizi nə hərbi gücümüz, nə iqtisadi qüdrətimiz, nə elmi potensialımız bu miskinlikdən qurtarmır! Qurtarmayacaq da!

Bizim xilasımız sevgidən keçir – Azərbaycanı sevməkdən. Sehrini, magik gücünü çoxdan itirmiş “sevgi xarüqələr yaradır” şüarından!

Çox qəddarcasına və namərdcəsinə bu hissəni yazıram – anlatmağa başqa variantım yoxdur! Və deyim də ki, bundan üstün və ağıllı yol da göstərən olmaz!

2002-ci il. “Üçüncü Azərbaycan” adlı bir qəzet buraxırdım… Bakıda! Etibar Cəbrayıloğlu demişkən: “bir disketlə cibində ölkə qarışdırır”.

Belə bir layihəm vardı: kəndi işğalda olan jurnaistlər təqdim edirlər yurdlarını. Məqsəd də oydu ki, hər bir azərbaycanlı bu ölkənin – Qarabağın və ona bitişik ərazilərin NİYƏ xilas olmasını anlasınlar! O layihədə hər bir jurnalist öz kəndini o qədər mükəmməl, o qədər sevimli, o qədər cazibədar təsvir etməliydi ki, alman Berlini, fransız Bastiliyanı, ingilis Londonu, italyan Romanı, ərəb Məkkəni, yəhudi İsraili, fars imam Hüseyni sevdiyi qədər o kəndləri sevsin və döyüşə hazır olsun!

Bu gün Azərbaycan xalqının çox sevimli bir jurnalisti ranqında olanın biri qayıtdı ki, mən kəndimi unutmuşam, mənə lazım deyil, sənə lazımdı?

Azərbaycan xalqının digər bir sevimli jurnalisti qayıtdı ki, mən əslən oralı deyiləm, dədəm prokuror olub deyə onlar məni çox istəyir, sadəcə, orada oxumuşam – amma bütün hər yerdə Qarabağ dərdindən belinin əyildiyini yazırdı!

Təkcə Hikmət Sabiroğlu danışdı! Çox da səmimi şəkildə “torpaq həsrəti” sualına cavab verdi: Şuşa bizdə olsaydı da, mən gedib orada yaşamayacaqdım.

Bu xalqın qız-gəlinlərini işğal vaxtı erməni əsir aparmışdısa, kəndini unudan, kəndi ona lazım olmayan jurnalistin ailəsini bu hökümət əsir apardı!

O birisi də… öləndə bir kimsə yanmadı – artıq hamı mənim kimi, adamın saxta Qarabağ sevgisindən xəbərdar imiş!

Və… bunlar niyə yaddan çıxmır, bir daha, bir daha yada düşür!

Çünki… Qarabağ yaddan çıxıb, hərdən də yada düşür.

Həmin o 2002-ci ilin o günlərinə qədər mən harda eşitsəydim “Aləm cənnətə dönsə, Yaddan çıxmaz Qarabağ” oxunmasını eşidəndə dünyanın bütün ucugüləbətinli söyüşlərini yağdırırdım müəllifə də, oxuyana da. O mənada ki, zalım balası, axı bu Qarabağ da, bu Azərbaycan da bütövlükdə hava kimi, su kimi unudulmazdır, sən niyə bunun beyinlərdə assosiasiyasını filtrasiya edirsən?

Ondan sonra gördüm ki, doğrudan da, müəllif də, ifaçı da da… haqlıymış!

Və zaman-zaman Qarabağ, bütövlükdə Azərbaycan haqqında düşünərkən qənaətim o olub ki, Azərbaycanımızı:

– Hərbi;

– İqtisadi;

– Elmi;

– Siyasi potensialla xilas etməyimiz mümkün deyil!

Əgər Amerikanın marağı varsa, büdcəsi trilyon dollar olan bir ölkənin qabağına çıxası gücümüz yox!

Əgər Rusiyanın marağı varsa, bir əyaləti boyda olduğumuz bu ölkənin əyalətdəki diviziyasına belə dirənişə potensialımız yox!

Əgər Çinin iqtisadi marağı varsa, vay halımıza!

Əgər İranın dini marağı varsa…

Əgər Gürcüstanın maddi marağı varsa…

Əgər Ermənistanın ərazi marağı varsa…

Əgər Avropanın geopolitik marağı varsa…

Və bu “əgər”lərin üstündə də elə o maraqlara  görə Azərbaycan bu boyda miskinləşib!

Deməli, vəziyyət ruscadırsa, prosesdə ingilis barmağı bizim məlum yerimizdədirsə, fatihəni fars mollasının oxuyacağı başından bəlli!

Allah bizi belə məhkumluqla yaratsa da, amma mütləq Tanrının bir yolu olmalıdır!

İlk növbədə bütün umu-küsüləri unutmalıyıq! Yığışdırmaq lazımdır önyarğıları!

İlk növbədə, Azərbaycanın xilasını depolitizasiya müstəvisinə keçirməliyik!

İlk növbədə anlamalıyıq, xərçəng xəstəliyini qrip dərmanları ilə müalicə etmək olmaz.

Biz xərçəngə tutulmuşuq!

Demokratiya və yaxud azad seçki bizim üçün elə o qrip dərmanları kimidi!

Elm, səhiyyə, iqtisadiyyat, hərbi potensial, belə deyək, prostat, böyrək və ürək çatışmazlığı, vərəm üçün gərəkən dərmanlar kimidi! Halbuki bizdə bu xəstəliklərin hamısı var və üstəlik də biz… xərçəngik!

O biri xəstəlikləri müalicə etməyin nəticəsi onda olacaq ki, xərçəngi zərərsizləşdirək.

O xərçəngin adı Qarabağdır.

Qarabağ isə siyasi məsələyə çevrilib. İlk növbədə bunu siyasilikdən azad etmək lazımdı!

Siyasi yolla mümkün deyil – olsaydı, son 205 ildə indiyə 25 dəfə həll eləmişdik öz xeyrimizə! Hətta bizim cahanşümul siyasətçimiz bəyan etmişdi ki, pencəyini qoltuğuna vurub gedib həll edəcək!

İqtisadiyyat və hərbi yolla da heç mümkün deyil – görükən problemə diplomat lazım deyil – 160 milyard dollar puldan 30 milyard qalıb! Cəmi bircə Lələtəpəni azad edə bilmişik!

Ölkə Qarabağ olmalıdır! Qarabağ ölkə olmalıdır!

Bunun üçün isə hamı qarabağlı və həm də azərbaycanlı olmalıdır – türk, ləzgi, talış, avar, saxur, ingiloy və hətta həm də erməni qarışıq rusla birgə!

Bax, məqam budur Qarabağ Komitəsinə üz tutmağımda! Ömrümün tam yarısını – 25 il siyasi təşkilatları izlədim, heç biri qane etmədi! Amma bu gün Qarabağ Komitəsi mənim sıralarını seçdiyim bir təşkilatdır – prinsipləri, mövqeyi və fəaliyyət istiqaməti ilə.

Azərbaycanın hər bir ziyalısının da, fəhləsinin də, hambalının da düşüncəsində bu təşkilat olmalıdır. Çünki Qarabağ bütün digər ideoloji və siyasi qurumlarda yalnız və yalnız siyasi xal, dividend predmeti olub, inanıram da ki, belə də davam edəcək!

Özümüzə və dünyaya anlatmaq üçün milli Baykanur sayılmalıdır Qarabağ Komitəsi!

İrqi, dini, siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəs bu təşkilatı keçmiş 205 ilin tarixi və müasir 25 ilin bütün rüsvayçılıqlarını və məğlubiyyətlərini aradan qaldırmaq gücündə bir özək saymalıdır, qoşulmalıdır, dəstək olmalıdır, dirçəltməlidir! Dövlət isə… ilk növbədə!

Ən azından ona görə ki, problemin həlli dövlətin gücü xaricindədir! Və buna görə hakimiyyəti ittiham etmək fikrində deyiləm, çünki tarix bunun bütün məqbul variantlarını nümayiş etdirir: Fransada Elzas-Lotaringiya, Çexiyada Sudet, Amerikada Luiziana, İspaniyada Kataloniya, əlqərəz, dünyanın 54 ölkəsində analoji hal var.

Qarabağ Komitəsini özümün təkliflər səsləndirəcəyim tribuna saymıram, əksinə görmək istədiyim ideal bir məkan kimi qəbul edirəm – mənim tapşırıqlarını qeyd-şərtsiz yerinə yetirməli olduğum bir təşkilat misalı. Kəsinliklə də hər bir üzv belə qəbul etməlidir! Belə də bu təşkilata üzv olmalıdır! Necə ki, mən az ağlımla hesab edirəm ki, Qarabağ Komitəsi bütün təbəqələrin “mason təşkilatı” olaraq qəbullanması vacib olan bir təşkilat olmalıdır, eləcə də məndən çox-çox ağıllı adamlar da belə saymalıdır! Qarabağ danışıqlar mövzusuna çevrilməməli, danışıqlar predmetinə çevrilib siyasi termin halına gətirildiyi üçün də əvvəlki statusuna – vətən anlamına qaytarılmalıdır! Hesab edirəm ki, Qarabağ Komitəsi heç vaxt şəhid, qazi, təqaüd, təmənna, qrant MMC-si olmayacaq və bura üzv olanlar heç vaxt bu iddialarla gəlməyəcək, proseslərdə bu iddia və istəklərlə çıxış etməyəcək! Belə iddiaların, istəklərin yeri, ünvanı ayrıdır!

Ümid edirəm ki, xalq hərəkatına çevriləcək Qarabağ Komitəsi Azərbaycan Xalq Cəbhəsinin gününə qalmayacaq, müqəddəs amalla hərəkata qoşulub sonradan şinel dəyişmək üçün brendə çevrilməyəcək! Siyasi manipulyasiya ölümlə təhdid olunacaq – Sinqapurun baş naziri demişkən, Komitənin baş naziri hətta ən yaxın qohumlarını belə Qarabağ manipulyasiyasından xəbər tutduğu an həbsə göndərəcək.

Mənim bu təşkilata əminliklə üz tutmağımda rol oynayan ilkin amillərdən biri məhz bu olub: təsisçilər qatı vətənpərvərlərdir Mirmahmud Mirəlioğlunun, Pənah Hüseynin, İlham İsmayılın, Əvəz Zeynallının və digər dəyərli isimlərin timsalında!

Belə bir təşkilatın meydana çıxması həm də ona görə sevindiricidir ki, burada parçalanma aparmağa hətta hökümət və xarici qüvvələr cəhd etdiyi an bu hiss olunacaq – təmənnası vətən olan insanları parçalamaq olmur : Qarabağ Komitəsini təmənnasız insanların əqidə birliyi sayıram. İmam Hüseyn məhəbbətini ərəbbaşlığa calayanlar üçün gözəl mesajdır: buyurun, bu təşkilatı qaldırın zirvəyə. Sizdən tələb olunana yalnız sevgidir! Birlikdir! Siyasi ambisiya bir kimsədə yox!

Əvvəl qəlbinizlə məsləhətləşin, sonra vicdanınızla, sonra saf qəlbinizin təmiz vicdanınızla dialoqunun nəticəsi olaraq, el içinə çıxın, rəsmən bəyan edin: “mən Qarabağlıyam”.

Əmin də olun ki, bu gün Qarabağlı olmaq məhrumiyyətdir, aclıqdır, işizlikdir, həm də ac-susuz döyüşməkdir düşmənlə.

Sən buna hazırsan! – özü də sual deyil bu! Bu… sənin əminliyindir! Sən Qarabağlısan və Qarabağı güllə atmadan, ölmədən, tutulmadan xilas etmək gücündəsən!

Məsələ bu qədər sadədir!

Mən fizikanı yaxşı oxusam da, indi yadımda yaxşı qalmayıb hansı halda dövrədə kondensator olanda cavab sıfır olur! Bax Qarabağ Komitəsini dövrəyə məhz o kondensator kimi daxil etməyə nail olmaq lazımdır!

Bizi qorxudan, titrədən, miskinliyə yuvarladan bütün təhdidləri sıfırlayan həmin o kondensatordur Qarabağ Komitəsi!

ABŞ Vyetnamda olandakı kimi…

SSRİ Əfqanıstanda olandakı kimi…

Fransa Əlcəzairdə, Misirdə olandakı kimi…

İngiltərə, Portuqaliya, Fransa Qambiyada olduğu kimi…

Qarabağ Komitəsini bir az da “TİP” olaraq qəbullanmaq lazımdı – “Tamil-İlam Pələngləri” (Şri-Lanka).

Və elə hər şeyi bu gün, “noyabrın 24-də niyə mitinq olmadı”, “dekabrın 15-nə mitinqə DÖTünüz çatmadı” deyə ittiham girişməyin!

205 ilə ölkəni, xalqı sevməyb batırdığınız rüsvayçılıqdan 25 günə çıxarmaq heç Kainatın Sahibinin əlində deyil!

Allah Allahdır, o da bir səbəb tapmalıdır 205 ilə güclənən Rusiyanı, Amerikanı, İranı kufənəkuf etmək üçün!

205 ilə güclənən dövlətlərin qarşısında 205 il miskin kimi səcdə edəndən sonra günün birində təkcə Pənah Hüseyndən, Mirmahmud Mirəlioğlundan, İlham İsmayıldan, Əvəz Zeynallıdan 25 günə xarüqələr tələb etmək absurddur!

İndi xarüqələri fərdlər yox, dövlət səviyyəsində xalqlar yaradır!

“Uzun incə bir yol…dayam” – məhz Qarabağ Komitəsinin yoludur!

Haçan görsəniz ki…

– talış, ləzgi, avar, saxur, udin, ingiloy, tat, hapıt erməniylə, rusla, farsla, gürcüylə döyüşdə yeddi oğlunu bu vətənə qurban verməkdən şərəf duyur – yəhudi əsilli POLYAK Rokossovskya kimi;

– haçan görsəniz ki, evinizin tək oğlunu döyüşdə itirmisiniz, qızınız sizə demədən cəbhəyə gedib, əsgər paltarında şəkil göndərib;

– haçan görsəniz əsirlikdə olan oğlanlarınız, qızlarınız düşmənin ocağına od qoyub özünü yandırıb

onda tələb edərsiniz!

Və haçan görsəniz ki, oğlunuzun biri Mehdidi, biri Əhmədiyyə, onda qələbənin iyini duyarsınız!

Və haçan görsəniz ki, milli hökümətin Xruşşovunun oğlunu milli hökümətin başçısı güllələyib;

haçan görsəniz ki, milli hökümətin Babəki əsir düşən oğlunu özünü doğramağa göndərdi,

onda arxayın olarsınız!

Mən demirəm siz buna hazır deyilsiniz, mən deyirəm, maləsəf, biz bunlardan keçməliyik! Maləsəf, biz bunları 21-ci əsrdə keçməliyik!

Dünyadan geri qalırıq!

Dünya ilə ayaqlaşmağa gecikmişik!

Dünya da bilir ki, biz həm geri qalırıq, həm ayaqlaşmağa gecikirik, həm də biz xərçəngik!

Və hər şeyi bilən dünya 100 ildir xərçəngin dərmanını tapıb, amma dövriyyəyə buraxmır!

Əvvəldə qeyd etdiyim kimi, biz qəhrəmanlarımızı öldürüb üstünə peşova getmirkə də, gedənlərə tamaş etməyimiz azmış kimi, hələ bir əl də çalırıq – durum bu iştə! Qələbə naminə bu tendensiyaya son qoymaq lazımdır – sovetin əks-kəşfiyyatda diversant generalı bizə pis peyvənd edib! Bu “narkotik”dən izal olaq!

Hətta inanmırsınızsa da belə, sadəcə bəyanat verin: “mən Qarabağlıyam – yəni Qarabağ Komitəsinin üzvüyəm”.

Görün və şahid olun: dünyanın bütün kanalizasiya sistemləri rusun, farsın, onların əlaltısı ermənini üstünü batırmasını axıtmağa imkan tapmaz okeana!

Napoleon da, Hitler də dünyaya türk ordusuyla qalib gələ biləcəklərini etiraf etmişdilər!

Özünüzü sərkərdə bilin!

Siz yalnız və yalnız Qarabağ Komitəsində sərkərdə olduğunuzu hiss edəcəksiniz!

Sizin sərkərdəliyiniz üzə çıxanda, heç bir şəhidin nəinki qan pulu yubanar, hətta həcmi də artırılar!

Sizin sərkərdəliyiniz üzə çıxanda “şeytandan qırx gün qabaq dünyaya gələn” (Cəmil Məmmədlinindir ifadə) heç bir məmur cəsarət edib qazini, şəhid anasını, qızını aşağılamaz!

Sizin sərkərdəliyiniz üzə çıxanda “gündəyməzi sizin üzünüzdən milyon dəfə artıq görülmüş” (bu ifadə də Cəmil Məmmədlinindir) şou-biznes əhli meydan sulamaz!

Unutmayaq ki, biz bütün meydanları boş buraxmışıq!

Haqqımız olan meydanlara yol Qarabağ Komitəsindən keçir!

30 ildi sizin üçün yazıram – bircə yalanım da olmadı! İndiyə qədər də inanmayıbsınız, inanıram ki, yenə də inanmayacaqsınız!

Amma inanın…

İnanın və fateh olun!

Qarabağ Komitəsi Fatehlərin Qərargahıdır!

Üstəlik də Qarabağın əvvəl, ardınca da Azərbaycanın xilası üçün şeytanla da sazişə getmək lazımdırsa, gedək – əgər o şeytan hakimiyyətin özüdürsə də belə! Çünki biz demokratik hakimiyyəti şeytanla sazişə gedənlərə uduzduq: həm Qarabağı, həm də Azərbaycanı itirdik!

Beləliklə, xoş gördük sizləri, Azərbaycanın xilaskarları – sərkərdə oğulları-qızları, özünüzü fateh kimi necə hiss edirsiniz?!

YAZIYA SÖZARDI: İştirakçısı olduğum ilk toplantıda bir daha doğru addım atmağıma əmin oldum.

İlham İsmayılıın hesabat xarakterli çıxışında hətta dünyanın mütərəqqi adamlarının Azərbaycanın sürükləndiyi faciələrdən narahat olması və bunu dilə gətirməsini eşidəndə, Pənah Hüseynin məntiqli və arqumental çıxışını, məlum atəşkəs sazişinin hüquqi baza üzərində şərtlərin rəsmi səviyyədə açıqlanmaq üçün sorğu təklifini, Mirmahmud Mirəlioğlunun zəruri müdaxiləsini və iradını, Əvəz Zeynallının gündəm və cari təkliflərini, Qarabağ Komitəsinin bəlli fəaliyyət istiqamətini, növbəti mitinqin vaxtının təyin edilməsi qərarını, siyasi iddialardan kənar patriotizm və milli əxlaqa, siyasi etiket qaydalarına ciddi riayət edilməsini, qeyri-etik davranışlara anında kəskin reaksiyanı, pozitiv və proqressiv qərarların demokratik prinsiplər üzərindən təsdiqlənməsini görmək mənə bu yazını yazdırdı.

Xalqa, dövlətə, torpağa sevgi üzərində yapılan hər nəsnə xoşdur!

Bütün toxumların cücərmə müddəti var!

Qarabağ Komitəsini mütəşəkkil və möhtəşəm Azərbaycanın bağbanı sayaraq növbəti toplantılara kökləndim!

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button