Aydın Canıyev yazdı: “Ömrün və sənətin əbədi imzası: Əvəz Zeynallı-50”

Aydın Canıyev
Mətbuat və insan ömrü nəinki oxşar, hətta eyni xarakterli, eyni anlamlıdır – illah da ki ölkə azad və müstəqildirsə!
Mətbuata gələn dəyərli imzayla ömrə gələn sevgili-sevimli insan nə qədər əzizdir, bir bilsəniz! Həm də əzizlikdə necə də ziqiymət! Bir az da açmasını verək… uzadaq:
Var ömrə gələn insan, var dönəmə gələn… köçəri-keçəri adam!
Var jurnalistikaya gələn əbədi imza, var mətbuata gələn, keçən, köçən marginal.
Bir əsgərlikdir, bir də… türmə, qapısından çıxdınsa o üzə, hər şey unudulur: azadlıq eşqi, azad olmaq səadəti insana elə bir dərd yoxdur ki, unutdurmasın! Əlbəttə ki, ruhu, düşüncəsi, həm də canı azadlıqla yoğrulanlar üçün. Biz unutsaq da, müstəmləkəçiliyin acılarını yaddan çıxartmadıq, amma həm də müstəqilliyin dadın çıxartdıq – şübhəsiz ki, bir qrup, bir kontingent. Jurnalistikada, səhiyyədə, təhsildə, iqtisadiyyatda, hər sahədə, hər sahədə müəyyən insanlar oldu ki, onlar azadlığı, azadlığı, azad düşüncəni, azad həyatı – özləri, ailələri, xalqı, ölkəsi üçün seçdi və töhfələrini verdi! Bizə az görünə bilər onların sayı, amma inanın, hələ müstəqillik dönəmində sayı on milyona çatrmış xalq üçün çox hesab etmək lazımdır!
Zaman-zaman ayrı sahələrin özgür insanlarını təbliğ, təqdir etmişəm, bu dəfə özümüzdən – jurnalistikadan və mediadan təmsilçimizin qulluğundayam!
Hazırsınızmı… alqışlamağa, sevgi və səcdələri əsirgəmədən, qızırqalanmadan, ürəklə və ürəkdən bölüşməyə?
Əvəz Zeynallı! – Əvəz Tapdıq oğlu Zeynalov!
20 il Azərbaycan mətbuatında, 30 il Azərbaycan-Türkiyə qardaşlığında töhfələri, – özü də “İLK” təyinli, –  olan mücadilə, savaş imzası! Və bunları cəmi-cümlətanı 50 yaşına çatanacan edib! Açıqcasında təmənna ummadan, təhtəlşüurunda nəf güdmədən, perspektivdə hesab-kitab açmadan, taktika və strategiyasında iyrənclik, çirkinlik yapmadan, nə siyasi doktrinalardan irəli gələn, nə də Mendeleyevin cədvəlindəki elementlərdən yararlanmadan, qatqılardan, qələvilərdən, turşulardan istifadə etmədən! Tam tamına kaliteli (xəlitə yox ha!), kurallı (xurallı) bir “Xural”la və XURALıyla.
Bu gün cəsarətlə demək oilar ki, Əvəz Zeynallı ordusu-xuralı var – amma qabağa gedərək, “Sözüm Namusdur” deyə, hər fikrimin açmasıyla-təsdiqiylə gələk çataq 50 yaşına!
Birinci ondan başlayaq ki: Əvəz Zeynallı jurnalistikada Atasının adıyla olan jurnalistlərdən deyil (hərçənd elə imzalarımız da elə çox deyil), amma və lakin… Əvəz Zeynallı Atası hər zaman yanında olan imzadır! Təkdir! Xırdalığa varsaq, deməliyik: elə imzalar var ki, dədələri tutub dartıb aparıb irəli, amma Əvəz Zeynallının Atası Tapdıq müəllim Əvəzin imzasının (həm də hər zaman özünün) ardınca addım-addım irəliləyib, tamaşa edib, nəzarət edib, göz olub!
Əvəz Zeynallı… xanımı imzasının yanında olan imzadır – bu baxımdan da təkdir! Təkdir!
Əvəz Zeynallı… qızları imzasının yanında olan imzadır, belədə də təkdir! İmzasını Serlcanxatunlu, Banuçiçəkli – “Selcanın məmləkəti” üçün silaha çevirən yeganə imzadır! Təkdir!
Yazdıqlarında şahid Atasına, Xanımına, Qızlarına yalan yedirtməyən Kişi Məmləkətin İmzası və MİLLƏTİN İMZASI ola bilər!
Əvəz Zeynallı bu məmləkətin mediasının və jurnalistikasının satılmayan, oynamayan jurnalistləri sırasına qoşula bildi – indi artıq ölkə “Jurnalist Satınalınmaları Üzrə Dövlət Agentliyi”nin ləğv edildiyi mərhələyə çatıb. Bu təhlükədən sovuşduq – itirmədik, itirmədi Azərbaycan daha birini.
Bu gün Əvəz Zeynallını 50 yaşında bəlkə də yubileyinə, iki qız balasının Türkiyədə ali təhsil alma şərəfinə nail olmasına, Xanımının  bütün əzab-əziyyətlərdən və həm də türmədən sonra yenə də yanında olmasına görə təbrik etməkdən əvvəl, bu təhlükədən sovuşduğu üçün qutlamaq lazımdır. Sözarası deyim, bilin vəziyyət nə qədər təhlükəliydi: bayaqdan tərtəmiz masanın üstündə klaviaturanı noutbuka qoşub yazmağa başlamışdım – yazdıqca sürüşürdü oyan-buyana. Axır ki mətbəxdən bir dəsmal gətirib altına qoydum və… rahat yazıram. Klaviatura tərpənmir.
REZÜME: Təmizlik sürüşkənlikdir. Təmizliyin altını bulamasan, altında kirlilik olmasa, onu idarə etmək çətin olur… durumu bəlli indiki Azərbaycanda və eləcə də hər yerdə!
Əlbəttə, Əvəz Zeynallının müstəsna xidmətlərinin çoxluğundan danışa bilərik, amma iş bu ki, vətənə yetərli deyil və ən gərəkəni odur ki, Əvəz Zeynallı kalibrində imzalar əldən və eldən getməsin. Bu gün, məhz bu gün deyə bilirik və inanıram da ki, sabah da, son nəfəsimizəcən də deyə bilərik: jurnalistikanın Birinci Fəxri Xiyabaninda əbədi imzamız Nəcəf Nəcəfovla başlayan, Mehman Əliyevlə davam edən, Xaliq Bahadırlı, İsrael Musayevli, Tapdıq Fərhadoğlulu, Xədicə İsmayıllı, Şahvələd Çobanoğlulu, Zamin Hacılı, Rövşən Hacıbəylili və Qənimət Zahidlə tamamlanan planetin əbədi imzası!
Bu sətirləri tamamlayınca… ürəyimin içinin içindən nə qədər əbədi ola biləcək imzaların ölümünə təəssüf yaşadım – Ayaz Arabaçı demişkən, sanki gecəyarısı ağrıdan məni oyadan ürək dərmanım da cibimdə oyandı!
… Atam həsrət qoydu hər hansı uğurumla fəxr etməyə – “qələbəni qazanmaq asandır, əldə saxlamaq çətin”, deyərək! Bu dünyaya qalib gəlməyimi istəyən Atam hər hansı yaşımın uğurunu qəbul etmədi, nəticəni istədi! Eyni sərtliyi Əvəz Zeynallıya sərgiləyirəm, amma qəddarcasına deyil də, dostcasına, həmkarcasına!
Fransanın ən gözəl futbolçusu Platini çempion olmadı dünyada!
SSRİ-nin ən yaxşı oyunçusu Bloxin də!
Bolqar Stoiçkov da!
Serb İbrahimoviç də!
Argentinali Messi də ola bilmir.
Portəgiz Ronaldu da!
“Futbolçu” ömürləri çatmadı, çatmayacaq da, deyəsən!
Amma Əvəz Zeynallının “imza ömrü” çatacaq Azərbaycanı xoşbəxt görməyə – bunun üçün indiyəcən aparılan mübarizələr, qazanılan qələbələr azlıq etsə də. Haçansa Braziliya yığmasında olan qüdrət kimi, qalib gəlməyəcən bəs edəcək qədər qol vurmağı bacarmaq lazımdı – bu xarakter Əvəz Zeynallıda var!
Əvəz Zeynallı haqq edir… jurnalistika adından danışmağa: imza olaraq sınmadı, amma həm də sındırmadığı kimsə qalmadı – ayağına gəlməyən nə bir siyasətçi qaldı, nə də bir məmur!
Jurnalistika budur – Azərbaycan miqyasında!
Əvəz Zeynallı bu xalqın heç bir övladıyla nəinki düşmənçilik etmədi, hətta sıfırlanıb sıradan sovrulmuşu ayaqda tutdu – jurnalist olmaq budur: millətini əziz tutmaq!
Doğrudur, jurnalistikanın bəşəri prinsipləri ayrıdır, amma biz zorən siyasi çalarlı jurnalistika mərhələsini yaşamalı olduq, yaşamalıyıq və bu mərhələdən kifayət qədər uğurlu nəticələrlə çıxıb, yalnız jurnalistika prinsipləriylə jurnalistlik etyməliyik!
Əvəz Zeynallı jurnalistikanın boynuna ziyalılıq məsuliyyəti yükləyən Xaliq Bahadır, Mehman Əliyev tipində çox az jurnalistlərdən ola bildi və jurnalistikanı siyasi döyüş alətinə çevirmədi Qənimət Zahid və digər biriləri kimi! Alver yapmadı, qısası! Halbuki onun buna, istəyəcəyi təqdirdə, o biriləri kimi, “qazlamaq” üçün kifayət qədər maddi-mənəvi məmur resursları və regional balansı vardı!
Əvəz Zeynallı hər şeyi Azərbaycan adına etdi və heç bir stolüstü, stolaltı, pərdəarxası oyunlara qoşulmadı! Bundan sonra istəsə belə, alınmaz – Azərbaycanın taleyi aşkar və gizli deyilən hər bir sözün məsuliyyətindən asılıdır bu ərəfələrdə!
Əvəz Zeynallı tanıdığım 20 ildə hər bir incidilən kəsin sığınacaq ünvanı oldu: haqqı tapdanan, düşməni əlində əzilən, dara düşən, yardıma möhtac, dəstəyə umsuq…
Kimləri görmədik ki, “Xural”ın dar odalarında –  qarajda, işçiləri və otaqları iç-içə sığınmış ünvanlarda?
Kimlər pərvazlanmadılar ki… “Xural”la və “Xural”dan?!
Bu 20 ildə Əvəz Zeynallı ilə dostluğun, həmkarlığın, işbirliyinin bir gözəlliyindən heyran oldum: Əvəz Zeynallıya beyət edənlərin tam əksəriyyəti mənim əleyhimə olanlar olub, onu Ustad bilənlər məni yaxın da buraxmayıb! Əvəz Zeynallı isə qarşılığında… hamıya Aydın Canıyevi yedirdib, tanıdıb, hətta 2002-ci ildə qardaşımın toyunda əlində mikrofon elimin-obamın adamlarına hayqırıb: “Aydın Canıyevin nə boyda möhtəşəm olduğunu Azərbaycan xalqı bilmir, bu dərd deyil,bu xalq heç Elçibəyi qiymətləndirmədi, amma onu öz evində belə… tanımırlar kimdir O!”
Bu yazı… yersiz-yurdsuz olduğum dönəmlərdə məni bayram keçirməyə evinə aparıb qaynatası Qüsuri dayı ilə bir stolda oturdub gecəni gündüz, ili bayram etməyin, rahat günlərimdə Gəncədən gələn Tapdıq müəllimin “Aydını tap, bir çay içək” istəyinin, özü həbsə alınana qədər azadlığım üçün vuruşmağının, mənə yubiley keçirməyinin təşəkkürü deyil: mən bütün həyatımı dostlarıma təşəkkürlüyəm etdikləri qarşılığında. Heç birinə də heç bir yazı yazmamışam!
Bu yazı bir yazı adamının vətən sevdalısı olub özünü qorumasının təntənəsidir!
Bu yazı bir həmkarın mənim mənsub olduğum jurnalistikaya gətirdiyi şərəfin cavabıdır!
Bu yazı nümunə imzaların haqq etdiyi etirafdır, ehtiramdır!
Biz əziz və dəyərli statusunda, ranqında olanlara ayda-ildə olmasa da, heç olmasa,yubileylərində fürsət düşəndə çatdıraq ki, bilirik kimsiniz! Nə olsun ki, təmənnaları yoxdur!
… 50 yaş! Paahh! Nə çox görürük dostlara bir “sağ ol”u, bir xoş sözü?
Tofiq Mütəllibov 14 yaşında bir “Cücələrim” şeiri ilə SSRİ Yazıçılar Birliyinə üzv qəbul olunmuşdu, Səməd Vurğun Əliağa Kürçaylını filologiyaya qəbul etdirmişdi, özü 50 yaşında artıq xalq şairiydi! Hərəsi bir şeirlə…
Adamlar 30 ildir meydandadır!
Adamlar 30 ildir zülm çəkir!
Adamlar 30 ildir dözür: Azərbaycan adına!
Adamlar, 30 il çoxdan çox müddətdi e – sınmağa, satılmağa, lap elə çərləyib ölməyə də!
Adamlar, amma day siz də xoş sözü çox bilməyin və özünüzü dədəm Məmməd kimi aparmayın, Tapdıq müəllim olun, oğullarınızın – özünüzün, xalqınızın  oğullarının yanında olun, addım-addım irəliləyin onlarla!
… 2010-cu ildə Əvəz Zeynallı ilə küsülülüyümün 3 iliydi. Hər zaman telefonumda olmasa da, nömrəsi yaddaşımda olan Əvəz Zeynallıya zəng etdim:
– Məni Lənkərana zona müxbiri təyin et!
– Gəl, redaksiyadan vəsiqəni götür!
Redaksiyadan vəsiqəni və “Hitler. Mənim həyatım” kitabından dördünü, satmağa yarayası ayrı kitabları, diskləri də götürdüm getdim.
Çay içəndə vəziyyətimin həddən artıq gərgin olduğunu görəndə soruşdu ki, bəs nə əcəb dostlar yaxın durmur?
– Bu əclaflar məni yenə də sənə üz tutmağa məcbur etdilər!
Söhbəti qapatdıq.
Həbs olunduq. Çıxdıq. Yenə bir yerdəyik!
30 il satılmaq və ayrılmaq, düşmən olmaq üçün çoooox böyük müddətdir! Amma və lakin… bu ömrə bir dəfə gəlmiş adamlara aid deyil!
Jurnalistikaya da əbədi gəlmiş imzalar kimi!
Mən onda başa düşdüm ki, ömrə birdəfəlik gəlmiş insanlar kimi, birdəfəlik gəlmiş imza-həmkarlar da var!
Mənim elə dostlarım çoxdu… – Əvəz Zeynallı onlardandır!
SÖZARDI:
Jurnalistlər də futbolçular kimidi – hər gün meydanda olmalısan və qol vurmalısan. Bir həftə oynamadın, bir ay qol vurmadın… unudulacaqsan!
Jurnalistlər… futbolçulardan və həm də elə siyasətçilərdən, bütün digərlərindən bir az daha üstün şansa malikdirlər!
Onlar hər gün meydana çıxa bilirlər! Hər gün qol vura bilərlər! Bir şərtlə ki, qol vurmaq ləyaqətlərini – təmizliklərini qorusunlar!
Təbrik edirəm, Ləyaqətli İmzam – məni və bizi tək qoymadığın üçün!
Belə 50 ili, 50 ili belə yaşamağa dəyər!
miq.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button