Aydın Canıyev yazır: “22 iyula Ön Söz və Sözardı”

Əvvəl əvvəllər jurnalist(i)kaları gəlin köçürməyə gözümüz öyrəşdi – qrup, tələbə və iş yoldaşlarımızı…

Sonra sonralar… jurnalistika “gəlin” köçməyə başladı: qəzetlər, saytlar və as yazarlar “qaynana süpürgəsi”nə döndü!

İndi indilər… fərdilikdən kollektiv halını alan bu elçigəlmələrin “həri”si bitib. İndi day ildə bir dəfə… 22 iyulda il ərzində yaşanan “mülki nikah”ların “həzz dəqiqələri” rəsmiləşir!

Və mən 20 iyuldan Bakını tərk etdim – mətbuat günündə şəhərdə olmamaq naminə. Bu, həm də… mənim ətraf aləmdən təcrid olumağım, yəni internetsiz qalmağım demək idi. Tam cəngəllik durumu.

Ancaq 22 iyula qədər gözlədim ki, bizim ölkəmizin analoqsuz inkişafına nail olmuş möhtərəm Prezidentimiz olan-qalan dəyərli imzalarımızı təbrik edər. Ən azından Azərbaycan Cümhuryyətinin 100 illiyinə xatir.

Vaxtımı çatmadı Möhtərəmin, yoxsa həvəsi oyanmadımı, ya da daha nəsə və nəyisə olmadı ki, arzumuz gözümüzdə qalmasın, deyəməm!

Onçun da durub özüm zəng elədim 22 iyula diri gələn və 22 iyuldan 23 iyula diri çıxan, yaşayan, yaradan imzalara. Təbrikimin mətni beləydi:

– Salam, əzizim Əvəz (və eləcə də başqaları), möhtərəm və möhtəşəm Canıyevdi. Sağ olun ki, varsınız, sağ olun ki, ölmürsünüz, sağ olun ki, Sözün tankı, topu, raketi, avtomatı, minaatanı, qumbaraatanı, peyzajı, təşbehi, epiteti, metaforasısınız. Qətiyyən narahat olmayın ki, “raqatka”lar, litotalar, buqələmunlar ad qazanıb, mövqe tutub, mənsəb yiyəsi olublar. Sizi Mən təbrik edirəm. Umuram ki, bu da təsəllidi və… qarşılıqlı təşəkkürlər, gülüşlər, məmnunluqlar.

Zəruri qeyd edim ki, telefonumda kontur çatdığı qədər bir-bir jurnalist saydıqlarımı yığmışam, indi oxuyanlar giley eləməsin ki, “saxtakarlıq” edirəm – onlara da burdan səslənirəm…

Həə, əzizlərim, jurnalistikamızın problemi mənim hamısını çatdırıb təbrik edə bilməyim deyil, problem odur ki…

Olmadığım üç gündə sosial şəbəkələrdə, onlayn və print mediada Əflatun Amaşovla Vüqar Səfərlinin məlum şəkli yayılıb.

Bax, o şəkildir Prezidentin mətbuata münasibəti!

Bax, o şəkildir sayın və əziz Əli Həsənovun formalaşdırdığı mətbuatın halı!

Bax o şəkildir… problem!

ZƏRURİ AÇIQLAMA: Mənim Ulu Öndər, görkəmli şəxsiyyət, nəhəng siyasətçi, hakimiyyət ustası, müasir Azərbaycanın memarı Heydər Əliyevin nə özünə, nə də monumental abidəsinə səcdəyə etirazım yoxdu. Yolpulu tapsam, hər gün elə özüm də gedərəm ziyarətə, lap bunu hər gün ziyarətə gedən Hacıbala müəllimdən də xahiş edərəm ki, məni də yolüstü özüylə aparsın, amma və lakin…

Mətbuatın “biznesmenləri” Əflatun Amaşovla Vüqar Səfərlinin bunu məhz 22 iyulda etmələri anlaşılmazdı! Niyə mətbuatın banisi Həsən bəy Zərdabinin qəbri üstündə yox?

Problem həm də odu ki, Əflatun Amaşov elə ürəklə və elə vicdanlı şəkildə səcdəyə gedib ki, adam istəyir şəklin altında yazsın: siz ki belə vicdanlı insansınız, belə səmimi ürək sizdə var, niyə mətbuatın bu halına susursunuz? Niyə AXC-nin 100 illiyində mətbuatımızın bu durumuna rəvac verirsiniz?

Vüqar Səfərli ilə əvvəldən məlumdu: zatən də ölkə mətbuatı ilk gündən bu təyinata etiraz edib, bir xeylisi tulapayına etirazlarından əl çəksələr də, adamın mətbuatla hökümət arasında kassirlik etdiyini hamı bilir və hər sənədi saxta olan Vüqar Səfərlinin səcdəsinin də saxtalığı hətta quru kadrdan adamı vurur.

22 iyula mübtəda ÖN SÖZlə xəbər SÖZARDI arasında ikinci dərəcəli üzv təyinlər ölü və buqələmun sifətindədi!

22 iyulun 140 illiyində dostlardan biri gözəl ifadə etmişdi: “Bu mətbuatın qırxı 100 dəfə çıxıb, ehsanı da verilib”.

143 yaşlı 22 iyula SÖZARDI isə bu:

Balakəndə jurnalist Zeynəddin Həsənli həqiqət və demokratiya uğrunda bütün şüurlu həyatını sərf edərkən, Lənkəranda Məhərrəmin oğlu İltifat “qadınlar getsin restoranlarda qab yusun”, – deyən Hadi Rəcəblinin həcc ziyarətinə getmiş xanımına züy tutur! Bilirsiniz niyə?

Çünki Prezident İlham Əliyevin anasından kitab yazılır, Hadi Rəcəbli anasından kitab yazdırır, Prezident İlham Əliyevin xanımı siyasi arenaya gəlir, Hadi Rəcəbli xanımına təzə (siyasi) don biçdirir, Prezident şəkil çəkəndə bir ayağını irəli atır, o birini qatlayır, Hadi Rəcəbli də bunu edir və bu ölkənin jurnalistləri bu xidmətləri qəpik-quruşa həyata keçirir: onun oğlunu ora, bunun qızını bura işə düzəltməklə.

Elmar Hüseynov həqiqət uğrunda güllələnir, Elmar Hüseynovun qətli üstündə siyasi dividend yığan Eynulla Fətullayev ATƏT təmsilçilərinin seçkilərlə bağlı hesabatında mətbuat konfransı zamanı baş verən olaylara lal kimi susur, gözlərini bərəldir və… bu kadrlardan utanmır!

Mətbuatda artıq 1937-ci ilin üzəduranları təbəqələşib – hətta ədəbiyyatşünaslıq nəzəriyyəsinin və ədəbi tənqidin ən mahir təmsilçiləri belə sözlərə, fikirlərə o cür izah verə bilməz, amma o üzəduranlar daldeylərdə şərh verirlər!

İndi gördünüz niyə 22 iyul heç özü də istəmir təqvimdə qalsın?! Bu ölkədə müqəddəs nə varsa, guya da ki, postmodern təfəkkürlə içini-içalatını yırtıb tökürlər, ətrafı iyləndirirlər və bunu jurnalistikanın əliylə edirlər!

Jurnalistika artıq hakimiyyətin bir, yəni dördüncü qOlu yox, bir, yəni birinci qUludur!

Belə birinciliyə lənət!

Belə bayram olmur!

Belə səcdə olmur!

Belə xidmət olmur!

Və bu etiraz, bu qəzəb, bu kin ona görədir ki, biz Vətənimizin müzəffər yürüşlərindən, cahanşümul qələbələrindən, çiçəklənən iqtisadiyytından, elmindən, mədəniyyətindən, incəsənətindən yazmaq istəyirik!

Bizim belə potensialımız var, bizim elə xalqımız var, amma biz hansısa deputatın arvadının “həcixanım”lığından, dədəsindən imtinanı oğluna öyrətmiş anaların “mənalı həyat”ından yazıları oxumağa məcbur qalmışıq!

Onların adı jurnalist, peşəsi jurnalistika, tarixi 22 iyuldur!

Əlahəzrət Zamana da işverənlik edib deyək ki, bu prosesin aqronomu Əflatun Amaşov, kassiri Vüqar Səfərli, kolxoz sədrləri isə…

Cənab 22 iyul! Çalış bizimlə qal! Bizdən olub bizimlə olmayanlardan uzaq dur!

Eşidirsənmi, 22 iyul?

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button