Aydın Canıyev yazır: “Xaçmazda tualet, Lənkəranda yol – məmurlarda abır-həya problemi”

Aydın Canıyev

Möhtərəm və möhtəşəm jurnalist

 

Özünüzü möhkəm tutun və həm də şoka düşməyin! İşdi-şayəd, qəfil yolunuz Xaçmaza düşsə, üstəlik də bu, gecə 12-dən sonraya təsadüf etsə, özünüzlə “qorşok” götürün! Niyə? Çünki, öləsiniz də, partlayasınız da, o boyda Xaçmaz şəhərində subaşına getməyə bir dənə ayaqyolu tapa bilməyəcəksiniz! Yolda-zadda qarşınıza çıxan mehriban xaçmazlılar təbii ehtiyaclarınızı ödəyə biləcəyiniz ünvanları sizə başa salınca, bir lətifədə olduğu kimi, hövsələniz çatmaz, ya da ki… artıq iş işdən keçmiş olub deyəcəksiniz: “saxla ay bala, s…dım şalvara!”
Hə, Xaçmazın, icra başçısı Şəmsəddin Xanbabayevin dediyi kimi, YEDDİ ÖLKƏNİN VƏTƏNDAŞLARI müsafir olan bu rayonun dərdi… “subaşı” dərdidi!
Avtovağzalında, dərmir yol vağzalında bir dənə ictimai tualet yoxdu!
Şəmsəddin müəllimə də deyəndə ki, ağsaqqal, bəs vəziyyət gərgindi, adamlar özünü saxlaya bilmir, gülə-gülə məsləhət verir ki… kafelərə gedin!
Ağsaqqal adamdı, day üzünə qayıtmırlar ki, allahına quzu kəsim, gecə saat 3-də kafe nə gəzir?
Hə, əzizlərim, elə bilirsiniz Xaçmazda bütün problemlər həll olunub, qalıb bircə ictimai tualet məsələsi?
Kefsiniz e! A millət, Xaçmazın prolemlərini həll eləməyə Çörçilllə Şarl de Qoll ikisi bir yerdə gəlib əl-ələ verib 10 il işləsələr, yenə də bir hala gəlməz! Sadəcə, day adamlar əlini üzüb ki, bəlkə büdcəsinin içini batırdığınız bu rayonun adamlarının könlünü bir-iki havayı tualet tikməklə alasınız, adamlar da sakitləşsin: onlar büdcənin içinə p.x qoyublar, biz də heç olmasa… havayı tualetlərə bir “əəə” edirik!
Nə isə, Xaçmaz məsələsini çox iyləndirməyək, keçək hekayə vədimizə, ümid edək ki, gələn dəfə Xaçmaza gedəndə küçələri gəzməyəcəyik dünyanın yeddi ölkəsinin müsafirləri olan rayonda!
…Deməli, mən vətəndən vətənə məcburi köçkün olan görkəmli yazıçımız Mir Cəlalı uşaq vaxtlarımdan çox istəmişəm. Birincisi, “Bir gəncin maifesti”nə, ikincisi, “Füzuli poetikası” monoqrafiyasına, üçüncüsü, “Soska” hekayəsinə görə!
Bu “Əmzik” hekayəsi niyə mənə əzizdi? Hekayənin mahiyyəti budu ki, partiya iclasında durub Sov.İKP-nin cahanşümul qələbələrindən danışırlar, kosmosa it, pişik, raket, kişi, arvad göndərməklərindən fəxrlə danışırlar, hamı da əl çalır, biri durub deyir ki, a kişilər, bu raketi-zadı, iti-pişiyi başa düşdük e, apteklərdə rezin soska tapılmır, uşağa sizin bu qələbələriniz yox, əmzik lazımdır, əmzik!
İndi mənim ölkəmin əziz-xələf həyat müəllimi Mir Cəlalın sözü olmasın, a kişilər, analoqsuz inkişafı, peyki-zadı başa düşdük e, Xaçmazda tualet yoxdu e, tualet!!!
85 yaşında kişini qoyubsunuz icra başçısı, ayda-ildə bir dəfə subaşına gedə ya getməyə, elə bilir yeddi ölkədən gələn müsafirlər də onun kimidi! Day unudur ki, bunun şəkər olanı, böyrəyi xəstə olanı var, nə bilim, sidik kisəsində daş, yoğun bağırsağında babasil olanı var!
Hər yeri satılan bu rayonda iki tualet tikməyə yer saxlamaq lazım deyil ki?!
Əlqərəz… Artıq neçənci ildi ki, MÜQƏDDƏS Xaçmaz-Quba səfərindən sonra nətəri “razqon” götürürəmsə geri qayıdanda, bir də görürəm ki, DOĞMA Lənkərandayam. Ürəyinizə ayrı şey gətirməyin, Lənkəranda tualet problemi yoxdu!


Lənkəranda problem abır-həya problemidi, daha doğrusu, həyasızlıq problemidi! Əstəğfürullah, yanlış başa düşməyin, qoy izah edim. Yəni ki, Lənkəranda adamlar və icraedici, hüquq-mühafizə sistemi çox abırlı adamlardan ibarətdi. Adamlar da, jurnalistlər də çox abır-həyalıdı. Utandıqlarından həyasızlıq edə bilmirlər.
Məsələn, Lənkəranın icra başçısı Taleh müəllim Qaraşov o qədər həyalı, abırlı adamdı ki, güllələyəsən, Lənkəran-Lerik yoluna tərəf üz tutmur. Elə kondisionerli kabinetinə gəlir, kondisionerli maşınıyla kondisionerli “Palıdlı Sahil”ə, “Xəzər Palace”yə gedir – niyə? O tərəfin yollarını Hadı müəllim Musa müəllim oğlu Rəcəbli qəşəngcənə düzəltdirib, müştərilər çox olsun deyə. Baxın, Taleh müəllim şeytanın qıçını sındırıb, aeroportacan gəlsə, o, mindiyi CİP maşını qarışıq dağılmış Lənkəran-Lerik yolunun başlanğıcında Bermud üçbucağındakı kimi itər. Yox, aeroport dərəsindən keçsə, CİP-inin “most”u “korobka”sı, “resor”u dağılmasa, Darqubayacan salamat çıxsa, mütləq Kərgəlanın girəcəyində, təkərləri dağılar! İşdi-şayəd, Kərgəlanı da keçsə sağ-salamat, deməli, “Mersedes” firmasına eşq olsun, ancaq dəqiq olanı odu ki, Narbağını görməyi qeyri-mümkün olar! Təsəvvür edin, “Titanik”in bata biləcəyi boyda çalalar var. Qalanın demirəm.
Əgər Tofiq müəllim abır-həyalı adam olmasaydı, mütləq yol idarəsinin müdirini aeroportun qabağına çağırardı, orada camaatın gözü qabağında Elmar Vəliyev kimi o idarənin müdirinə var-yox saxlamazdı!
Yox! Elə bilməyin yol idarəsinin müdiri qabağından yeyən oğlandı. Əsla! Sadəcə, o da abır-həyalı oğlandı! Cavid Qurbanovun goplarını açıb-ağartmır! Düzdü, mən Lənkəranda olanda, Rauf Arifoğlu demişkən, ölkəmizin inkişafını gözü götürməyən antimilli ünsürlər qulağıma pıçıldadılar ki, Moskvadakı lənkəranlılar bazar günü Rusiyanın yollar nazirinin gəlib-getmək xərcini çəkib çarter reysi ilə göndəriblər Lənkərana. O da elə aeroportdan çıxıb bir əlli metr irəli gedib, çalaları görüb, yol idarəsinin müdiri də üstünü vurmasın, Cavid Qurbanovun yalanı çıxmasın deyə, onu aparıb “Armudluq”da qonaqlıq verib yola salıb ki, “uvajaemıy”, gedin, bildiyiniz kimi işləyin. Üstəlik, balıq-kürü vaxtı olmadığı üçün də iki kilo yarpaq çayı qoyub sumkasına, birtəhər bu rüsvayçılığın qabağını alıb! Yenə sağ olsun!
Deyim ki, Lənkəranın prokuroru da, polis rəisi də çox abır-həyalı adamlardı. Polis yolların qəzalı vəziyyəti qaçılmaz olduğuna görə səlahiyyəti çərçivəsində cinayət işi başlamır, prokuror da bunu tələb eləmir!
Bir dənə abır-həya gözləməyən yol polisinin rəisidi. Adam götürüb kəndarası yolda… sfetofor qoyub! Analoqumuz yoxdu da! Bütün ölkə bilir ki, mənim Ramiz Zeynalova hörmətim var, mətbuatda əleyhinə olan qərəzli yazıların qarşısını almağa çalışmışam, bəzən elə olub sayt rəhbərlərindən də xahiş etmişəm, eşitməyən olanda lap belə əleyhlərinə də yazmışam, baxmayaraq ki, nə mənim, nə dədəmin, nə də qardaşımın “prava”, maşın problemimiz yoxdu, ancaq görəndə ki… kənddə svetofor qoyublar, təpəm atdı!
Bax, burda deyim ki, Lənkərandan azı 50 jurnalist var – Prezident Aparatından tutmuş ta Nazirlər Kabinetinəcən, “Azərtag”dan tutmuş APA-holdinqə qədər hər yerdə işləyirlər. Onlar da abır-həyalı adamlardı, üstəlik də ağıllıdılar – neynəyirlər yazsınlar ki, Lənkəran-Lerik yolu darmadağındı, Taleh Qaraşov CİP-iylə görünməz o çalalarda? Hərifdilər? Qohumları var, oğul-uşaqları var, ora düzəltmək lazımdı, bura xahiş eləmək lazımdı, onların nə vecinə ki, bu yollarda qəzalar olur, kasıbların kreditlə aldığı maşınların ötürücü qutuları, diferləri, “resor”ları dağılır, adamlar ölür? Son iki ildə Lənkəranda 4 avtomobil qəzasında 28 nəfər ölüb!
Yol polisi onların sərxoş qohumlarını tutanda hansı üzlə bəs ağız açsınlar!?
Sərraf Talıbovla Yardımlının Perimbelində asqırıb dərəyə yuvarlanan eşşəyin itməkliyi barədə ən operativ informasyanı APA-ya verən Ağəddin Babayevin və digər 47 jurnalistin adını çəkməyəcəm, amma o Girdəni kəndində qoyulan svetofora görə Gülağa Cəfərova sual verirəm: dədəle, Qazaxın, Qubanın, Beyləqanın, Ucarın gündüzündən də, gecəsindən də reportaj verirsən, şəkililər demiş, haindi ağzının içində qoyulan svetofor səni düşündürmür?
Utanmırsan hər dəfə o svetoforun yanmağına özün məhəl qoymadan keçəndə, keçənləri görəndə, gecə saat 12-dən sonra yol polisiin pusquda durub sürücüləri yağmalamasına şahid olanda? İndiyəcən maraqlanmısan ki, svetofora məhəl qoymayan neçə sürücüyə cərimə yazıblar? Utanmırsan, “burada ölüm olub, svetoforu məktəbə görə qoyublar” deyənlərin faciə üstündə pul qazanmalarını görəndə? Utanmırsan indiyə qədər yazmadığına görə ki, a bala, bu svetofor uşaqlara görə qoyulubsa, indi day məktəb yoxdu, məktəb olsa belə, bu svetofor dərs vaxtından sonra söndürülməlidi? Ümumiyyətlə, svetofor harda və hansı halda qoyulmalıdı sualını niyə verməmisən?

 

Mən başa düşürəm, nə Taleh Qaraşov, nə Lənkəranın prokuroru, nə polis rəisi, nə yol idarəsini müdiri Lənkəran-Lerik yolunun Darquba-Kərgəlan-Şağlakücə-Qrunba hissəsindən keçəndə düşünmürlər, ağıllarına gəlmir ki, fikirləşsinlər, bu kəndlərin Prezident Aparatında, Nazirlər Kabinetində, Xarici İşlər Nazirliyində, Daxili İşlər Nazirliyində və başqa dövlət qurumlarında işləyən çox savadlı, ləyaqətli, dəyərli oğlanları var: icra başçısı, polis rəisi, prokuror, səfir, baş redaktor və sair yüksək mənsəblərdə çalışan o oğullardan utanmırsınızsa, Prezidentinizdən utanın! O oğulları bir kənara qoyaq, bu kəndlərdə Əlisa Nicatın, Həbib Səfərin, Anar Həbiboğlunun ruhu, izi var! Siz nəyin və kimin jurnalistisiniz? Siz harda və necə jurnalistlik edirsiniz? Sizin saxladığınız, oxutduğunuz uşaqlar uşaqdı, qohumlar qohumdu, bu naqisliklərə etiraz edənlərin uşaqları, qohumları dovşandı?
…Həmin Kərgəlan yolunun bərbadlığını 1993-cü ildə bölgə müxbiri olarkən “Azadlıq” qəzetində yazanda, icra başçısı rəhmətlik Hüseynqulu Məmmədov səhərisi yolu çəkdirdi.
…2011-ci ildə bölgə müxbiri olanda şəhərin mərkəzindəki kənd avtobuslarının dayanacağındakı bərbad vəziyyətdən “Xural” qəzetində yazanda, hörmətli Tofiq İbrahimov həmən də gecəylə yolu təmir etdirdi.

HAŞİYƏ: “Xural” qəzetində yazı çıxan kimi, başçı çoxhörmətli Tofiq İbrahimov göstəriş vermişdi ki, səhərəcən həmin yol təmir edilsin – bu barədə “Xural”da təşəkkür yazısı da yazdım. Mən də həmin gün şəhərdən Kərgəlana Sadiq Elyerlə piyada getmək istəyirdim. Bir də gördük yolun təmirinə başlayıblar. Sadiq Elyer zarafatla polislərə ilişdi: “Rəis, nə məsələdi, hay-vayla yol çəkilir?”
Polis də eləmə tənbəllik mənim yanımda qayıdasan ki, “bir oğraş jurnalistin biri yazıb qəzetdə ki, şəhər təsərrüfatının işçilərini o çalalara dodursan, yenə də düzəlməyəcək, bizi də basıblar bura ki, üstündə durun, yol səhərəcən çəkilsin”
Gülə-gülə 3 kilometr yolu kəndə piyada gəldik. Dostlardan biri də fb-də yazmışdı ki, “nə gözəldi sözün keçdiyi yoldan keçmək!” Ancaq səhərisi bunu dostlara danışanda qəfil böyürdən çıxan yalakanın biri “Xural”ın və mənim zəhmətimi puça çıxarmaq üçün “cari təmir idi, çəkiblər də” deyəndə, şəhərin azından yeddi küçəsini sadaladım və soruşdum: onlar haçan cari təmirə düşəcək?
…Bu il mayda rayonda olanda görmüşdüm sadaladığım yolun bərbadlığını! Yazmadım! – həmin o yalakanın sözü yadıma düşdü. Ancaq bu dəfə gedəndə, mənzərəni daha dəhşətli gördüm, ürəyim dözmədi. Çox aqressiv və kobud ifadələrlə yazacaqdım. Ancaq Vidadi İsgəndərlinin 95 yaşlı anasının polisə aparılmağını gözümə alıb, 70 yaşlı anama yazığım gəldi.
Ümidim… Mir Cəlalın hekayəsinə, Nikolay Karaçentsevin “Çelovek s bulvara kaputsinov” filminə və bir də anekdota qaldı! Odur ki, çox yumşaq yazdım. Təki Taleh Qaraşov o yolları çəkdirsin, təki Şəmsəddin Xanbabayev bir tualet tikdirsin!
Day nə deyim?
Ancaq bunu deyə bilərəm: Allah Mir Cəlal müəllimin üzünə baxıb ki, Əli Həsənov onda ideoloji katib, Zakir Qaralov baş prokuror olmayıb, yoxsa, minimum Sibiri varıydı: “biz analoqsuz inkişaf edirik, sən bizim kosmosa peyk buraxmağımızı görmürsən, yolda çala axtarırsan, antimilli ünsür” deyə…

YAZIYA SÖZARDI: Bəyan etdiyim kimi, çox aqressiv idim rayondakı mənzərədən. Bütün nifrətimi, kinimi Azərbaycan dilinin bütün gözəlliklərindən istifadə edərək sətiraltı şəkildə çox təhqiramiz formada yazmağa köklənmişdim. Amma 2011-ci ildə mən tutulanda əlinə fürsət düşmüş kimi, heç bir əxlaqi-etik qaydanı gözləmədən ikibaşlı “mən Aydın Canıyevi yaxşı tanıyıram” bəyanatında bulunan Hadı müəllim gözümün önünə gəldi. Fürsətcil adamlara fürsət verməməyə ağlım çatdı. Odur ki, yazıram: əziz Hadı müəllim, Siz məni yaxşı tanıdığınız kimi, mən də Sizi yaxşı tanıyıram! Odur ki, deyirəm: O “Palıdlı Sahil”ə aparan yol kimi olmasa da, heç olmasa Veravulun Həsənoba məhəlləsinin axırında yerləşən ata evinə aparan yola qır tökdürün! Vaxt gələcək, qəsəbə olacaq Veravulda əshabələriniz o küçəyə Sizin adınızı verdirməyə çalışacaqlar. Qoy adamlar heç olmasa o küçəyə qır tökdürdüyünüzə görə sizə “rəhmətlik Hadı Rəcəbli küçəsi” desinlər. Çünki hamı görür ki, atanızın evinin arxasından ta Boladinin sərhədinəcən 100 hektar yeri götürüb qarğıdalıdan tutmuş günəbaxana, lərgədən tutmuş paxlaya, arpadan tutmuş buğdayacan hər şey əkdiribsiniz! Azından 40 ton buğda götürbsünüz. Düzdür, nəinki veravulluların, heç lənkəranlıların Sizə deməyə haqqı yoxdu ki, Sizi biz deputat seçmişik. Siz yeganə kişi adamsınız ki, etiraf edirsiniz: məni İlham Əliyev deputat seçdirib. Odur ki, mən seçiciləriniz üçün demirəm, Sizin özünüz üçün deyirəm: abırlı, həyalı bir kişi olaraq, bunu atanızın ruhuna xatir edin, dövlətçiliyə xidmət bir yana! Gözəl bilirsiniz ki, sizin ona rəhmət oxutdurmaq borcunuz var və bu borcdan hələ də çıxmayıbsınız! Vətən, dövlət, hakimiyyət, Sov.İKP, YAP qarşısında lazım olduğundan da artıq xidmət göstəribsiniz, növbə atanızın qapısına aparan yolundu! Asfalt elətdirə bilməsəniz də, elətdirə bilib elətdirmək istəməsəniz də, heç olmasa, qır tökdürün, qır!
Bu da sizin üçün anekdot:
Biri gəlir görür avadı oynaşıynan yataqda intim əlaqədədi, üstəlik də qadının döşlərini əmir. Qayıdır ki, sən nə insafsız adamsan, uşağı niyə südsüz saxlayırsan?!
Hə, əziz icra başçıları, büdcəni dağıdırsınız, dağıdırsınız, o yol təmiri üçün İlham Əliyevin ayrıca ayırdığı pullara niyə tamah salırsınız?
Nikolay Karaçentsevin sözünü deyim, bitirək məsələni.
Çox köntöy və latayır kəndə kino gətirirlər və əhalini mədəni danışmaq üçün maarifləndirirlər. Bir kinoya baxandan sonra kəndin ağızdan ən pərtov adamı yemək-içmək məclisi zamanı durub sağlıq deyir:
“Yesli bıl bı tot mujçina (yəni kinodakı qəhrəman – A.C.), on tak skazal bı: ubiraytes, pojaluysta, k çyortu”
Bildiniz də nə deyirəm?

p.s. Ümid edirəm ki, bu yazı hörmətli Əli Həsənovun son hadisələrlə bağlı yazdığı yazıya və Baş Prokurorluğun yaydığı bəyanata zidd deyil!
p.p.s. Mən adətən yazılarımdakı faktları şəkillərlə təsdiqləyirəm, üzrlü sayın ki, nə fotoaparatım var, nə də şəkilçəkən telefonum!

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button