Aydın Canıyev yazır: “Yaslı sentyabr!”

(I yazı)

 

Sentyabr uzun illər həyatımda uğurlu ay olub, aydır, əminəm də ki, belə də olacaq, fəqət…

 

Çəkmə Nigar adını…

Təcili uçasıydım Moskvaya. Həmkarımız Əlişir Əhədin başqa bir həmkarımız – Nigar İsmayılqızı haqqında həyəcan təbili səslənən məlumatını oxudum. Deyim ki, ən əzizimin cənazəsi ortada olsun, tüküm tərpənməyən adamam, amma və lakin… məsum bir qızcığazın, xəstəliyi və ehtiyacı ilə çıxılmaz durumda olan qadının (kimliyindən, kimim olmasından asılı olmayaraq) halı mənim üçün Kərbəla müsibətidi!
Mən ilk dəfə Bakıda dilənçi qadın görəndə ağlayan adamam!
Mən uşaqlıqda maşın qəzasında başından zədə alan xanımı dinləyəndən sonra, dəniz sahilinə çəkilib… vaxtsız vəfat etmiş atasının əvəzinə oturub saatlarla ağlayan adamam!
Mən ərinin, qardaşının, oğlunun laqeydliyindən “od(a)lara” düşmüş gəlinin ləkələnmiş namusuna görə özümün gücsüz qalmağımdan üzümü-gözümü cıran adamam təkliyimdə!
Və mən… hər şeyi, hər kəsi unudub… o qadınların zülmünü çəkməyə hazır olmuşam, çəkmişəm və acizliyimdən Yaradana yalvarmışam: ya Rəbbim, bu qadınlar mənə aid deyil, ama onların kaprizlərini, zülmünü, əzabını çəkməyə hazıram, çəkirəm, çəkəcəm – qüruruma əskiklik gətirsə də, ləyaqətimə ləkə olsa da, təki bu acıları qızlarıma yaşatma!
Mən Əlişir Əhədin zülmünü anlayırdım!
Mən Nigarı tanıyırdım: ruhuna, yaradıcılığına bələd idim!
Mən bu dəfə də aciz idim! Mənimlə birgə Azərbaycan kişiliyi və dövləti də aciz olduğunu sərgilədi!
Ad günüydü o gün Nigarın. Özünə hədiyyə etdi… ölümünü – Atasıyla görüşməyə görə.
Kim onu necə tanıdı, nə üçün sevdi, özü bilər, amma mən…
Nigarın bu dünyada Ata həsrətindən başqa bir dərdi yoxuydu. Siz bir biləydiniz ki, qız uşağı atasına tutulanda nələr olur! Siz bir biləydiniz ki, atasını sevən, atasına həsrət qızın “ata” deyən səsi, “ata” sığalı üçün uzanan əli boşa çıxanda… nə sarsıntılar yaşayır!
Avtomobil qəzaları, işsizlik, aclıq, yalın əyin… QÜSSƏ kimi heç bir dəhşətli, qarşısıalınmaz, sağalmaz xəstəliyin yaradıcısı ola bilmir!
Qızların qüssəsi həyatın bütün gözəlliyini məhv edir: baxışları, qələbəni, məqsədi, ümidi!
… Ad gününə yazdığım yazını oxuyanların Moskvaya inbox-uma ard-arda gələn “Nigar getdi, Aydın” mesajlarının yükünü cəmləyə bilib səmadan Rusiyanın üstünə atsaydım, dünyanın dörddəbiri silkələnərdi, çat verərdi!
Bəzən bizim qüdrətli bildiyimiz real elm, güc və qüdrət mənbələri bizim mücərrəd düşüncəmizin qabağında diz çökür!
Tanrıdan, Yaradandan, Allahdan, İlahidən niyə küsəydim ki, dövlətimin sərvəti susurdusa?
Mələklərdən, övliyalardan, pirlərdən nə yardım umaydım ki, məşuqəsinə 500 min avroluq maşın alan milyonçu kişilərin Nigar adlı Mələk üçün mərhəmət damarı üzə çıxmadı!!!
Bu görüşdən o görüşə çatınca yolboyu pıçıldayırdım (oktavası, naləsi nə boydaydı, ona Allah şahiddi):

Arazı keçənlər var,
Suyundan içənlər var,
Çəkmə Nigar adını –
Ürəyi keçənlər var!

Qardaşsız qızların gəlin duvağı örtmədən qara şalla bürünmüş tabutda yola salınmağı… Allahın insanlara yaşatdığı ən əclaf duyğu sümürüsüdü.

“Mənim göz yaşımı görməyəcəksən,
Səninsə islanıb gəlin duvağın”

– Tofiq Nurəlinin bu beytini Allah üçün oxuyurdum! Qüdrəti bizi bu məmləkətdə xoşbəxt etməyə çatmayan Allaha!
Yaxşı, korrupsiya, rüşvətlə mübarizəni bizim öhdəmizə buraxdın, bacarmadıq, əlbəttə, günah özümüzdədi, torpaqlarımızı işğal etdilər, qaytara bilmirik, bilərik ya bilməyəcəyik, bunun da günahını götürürük boynumuza, Sənlik deyil deyək, yaxşı, bəs axı Nigarın yaşamı sənin əlindəydi, buna sözün nədir, yaxşı, bəs bu qədər adamın-bəndən Səndən xahiş etdi, dualar etdi, nə oldu o xahişlər, dualar?
Yaxşı da yaxşı, get, Allah, get, Allahlıq eylə, sənin də gücün bir qıza çatdı!

 

“Vətən xaini”nin əzabını çəkən qadın!

 

Azərbaycanda nə qədər qadın var sayca, bilmirəm. Amma bir neçə qadın var ki, onların adını Fatimeyi-Zəhra müqəddəsliyinin uyuduğu məkanda mütləq çəkəcəklər! Mütləq, inanıram!
Onlardan birincisi Həcər Pənahlıdır – Nemət Pənahlının xanımı, biri Məlahət Qisuri Zeynallıdır – Əvəz Zeynallının xanımı, üçüncüsü Nigar Həzidir – həbsxanada ailə qurmuş Seymur Həzinin inqilabçı xanımı, biri də Sevil xanımdır – Rəhim Qazıyevin xanımı (mən şəxsən tanıdıqlarımı və Qiyamət günü şəhadət verəcəklərimin adın şəkirəm, qalanları inciməsin, ayrı-seçkilikdə qınamasın). Əzablarına görə ən dözülməzi də elə Sevil xanımdı.
Bilirsiniz, həqiqi cinayətkarların xanımlarının, onlara aid olanların əzablarının günahı özlərindəndir. Azərbaycanın yüzlərlə günahsız həbs olunmuş, azadlıqdan məhrum edilmiş dustaqlarının ailə üzvlərinin, ilk növbədə, onlara aid olan qız-gəlinlərin əzabı dövlətin boynundadı!
Sevil xanımın əzabları ona görə ən dözülməzidi ki, əgər Nemət Pənahlının, Əvəz Zeynallının, Seymur Həzinin evində dəqiq bilirdilirsə ki, şərlənib həbs olunublar, Rəhim Qazıyevin xanımını bu təsəllidən də məhrum etmişdilər – mətbuat, radio-televiziya dəhşətli bir idbarlıqla hələ məhkəmə qərarı olmadan belə bu ailəni hədəfə alır, linç edir, qarayaxma o qədər maksimalizmlə aparılırdı ki, az qala adam özü də inanırdı ki, artıq Rəhim Qazıyevin ailəsi də ondan imtina edəcək! Amma və lakin… Rəhim Qazıyevin xanımı Rəhim bəyin bacılarıyla birgə bu çirkin və qərəzli savaşda, şəxsi qərəz zəminində aparılan düşmənçiliyi “vətənə xəyanət” üstündə aparan çetenin qarşısında sınmadı!
Mən bu üstünlükləri və mübarizəni qələmə almayacam bu yazıda.
Bu yazıda deyəcəyim budu: Sevil xanım az qala 10 il türmədəki həyat yoldaşı üçün yemək bişirib! Bu sarsıntını izaha, təsvirə, sözə çevirməyə ehtiyac varmı?
Gizlətmirəm, təmasda olduğum yüzlərlə, minlərlə ərlərindən, qarsaşlarından gileyli qadınlara ironiya, sarkazm və həqarətlə demişəm:
– Zalımın qızı, ərin, qardaşın sağ-salamat, qapında, evində, bir tikə zəhrimar bişirib qabağına qoymağı özünə “man” bilirsən, evə pul gətirməməyi baş qaxıncına döndərirsən, nəzərə almırsan da ki, bu ölkənin siyasətinə çevrilib kişini gözdən və kişilikdən salmaq! Sən Rəhim Qazıyevin xanımı, bacısı, qızı olsan, neyləyərsən? Elə bir balaca mizan əyilən kimi qaçırsınız “oda”lara, boşanmalara, adamlar illərdi həm Qobustana yemək daşıyır, dərman alır aparır, həm də dünyayla çarpışırlar. Birinin iradəsinə zidd atılan addımı çevirib ediblər vətənə xəyanət! Siz hələ mühakimə olunmamış kişilərə dəstək olmursunuz, qadınlar kişili-dişili hamıyla döyüşür, xilas üçün çalışır. Rəhim Qazıyevun ailəsinə milyon verilir Qobustanda olduğu üçün? Ölkə rəhbərliyi səviyyəsində düşmənçilik sərgilənir, amma vuruşurlar, bir tikə çörəyi tapıb aparırlar! Dekabrist arvadlarından bəh-bəhlə danışırsınız, Əhməd Cavadın, Hüseyn Cavidin xanımlarını unudursunuz, burdan bura Sevil xanımın, Sərabə bacının, Libadə ananın zülmlərini nəzərə almırsınız!
…Bəli, dünyada ən ağrılı əzablardan biridi… türmədəki üçün yemək bişirib aparmaq! Xörəyin dadında hiss olunur göz yaşlarının tamı!
O əzabı 10 il yaşadı Sevil xanım!
Xanım Fatimeyi-Zəhranın sözüdü: “Mənim başıma gələnlər gündüzün başına gəlsəydi, ətrafı zülmət bürüyərdi”…
O əzabları Sevil xanım da yaşadı və elə yaşadı ki, yəqin ki, Allah da bu dünyada yaşadıqlarına görə Ondan razı qalacaq!
Yeri olmasa da onu da deyim: hər əzabkeş insan İlahi mükafatı haqq etmir! Sevil xanım mükafatı haqq edənlərdəndi… adlarını sadaladıqlarımla birgə!
Nurlu siması və əzablı ömrü cənnətdə işıq olsun, amin!

 

Bəzən Allah da etimadı doğrultmur!

Moskvaya çatar-çatmaz ölüm xəbərləri sıralandı. Hamısı da dostlar, əziz bildiklərim. Məhz elə sıralandı ki, bir daha “öz dərdim yadımdan çıxıb” məsəlini tam anlamıyla yaşadım!
Bu nədi, İlahi? Əgər bir yarpaq belə Sənin iznin olmadan düşürsə, onda Etimad niyə öldürülməliydi ki? Bəlkə bizi bəndə olaraq yaratdığın üçün taleyimizin açarını da əlində saxlamağına etiraz edək, Səni bu etimaddan məhrum edək, səs verdiklərimiz, seçdiklərimiz, sevdiklərimiz etimadımıızı doğrultmur, Sənə nə gəlib, ey səcdəyə qədər böyüklüyünə etimad göstərdiyimiz?
Öldürməli, güllələməli olduğumuz düşmənlərə dünyanı sipər etmisən, bizi yaşadanlara, dəstək olanlara gülləni “müftə hədiyyə” edirsən?
Etimad İsmayılov bu həyatda elə bir kişinin oğludu, elə bir ananın övladıdı ki, Allahın varlığı qarşılığında heç bir halda bala dağı faktı qeydə alınmamalıydı həyatlarında!
Əvvəla, İlyas Abbas oğlu ən azından mənim tanıdığım yüzlərlə, minlərlə günahsız insanın həbsinə son qoyub, onlara azadlıq bəxş edib, elə bir o qədərinə ayaq üstə durmağa, yaşamağa yardımçı olub, anası Zəkiyyə xanım minlərlə, on minlərlə insanı həyata qaytaran həkimlərin müəllimi olub, əlinin tikəsindən yüzlərlə imkansız adam dadıb, nə oldu, ya Rəbbim, ovsanaya düşəsi bir xilas, bir tikə olmadı yanında?
Özü atasız böyüyən İlyas Abbas oğluna niyə rəva gördün ki, İlyas Etimad oğlunun da atası qətlə yetirildiyi üçün atasız böyüyəcəyini bilsin?
Bax, belə yerdə adamın içində tufan qopur: “Ədalətin bumu, dünya?”
Həyatda hər zaman qanunun aliliyinə, ədalətin zəfərinə vəsilə olmuş Ədalət Partiyasının sədrinin oğlu güllələnən dünyaya adam əlinin dalını çevirmək bir yana, hətta lopasıyla tüpürmək istəyir!
Hanı, bəs deyirdilər Allah qoruyur? Kimi qoruyur? Kimdən qoruyur? Necə qoruyur? Sevdiklərimizi vaxtsız, xəstəliklə, zülm verərək, güllələtdirərək aparmaqlamı?
Zərbənin birincisi, ikincisi, üçüncüsü… adam özünə gələ bilmir və bir də görürsən ki, xəbər yayıldı:

 

Daha bir əfsanəni kayb etdik!

Lənət sənə sentyabr!
Bu dəfə “əlvida” dediyimiz Novruz əmi – Novruz Həsənli oldu. Azərbaycan üçün vuruşan, Azərbaycanı düşməndən-ermənidən qoruduğu, erməniylə vuruşduğu üçün ölkədən didərgin salınan, mühacirət əzabından güc-bəla qurtulub vətəndə yaşamağa qayıdan fədai insanımızı da yaxalayan xəstəlik aldı!
Zəng edib Etimad olayıyla bağlı ağsaqqal yoldaşlardan məlumat almaq istəyirdim. Qayıtdı ki, nə vecinə, oturmusan Moskvada, biz burada qəbristanlığa marşrut açmışıq. İndi Novruz əminin hüzrünə gedirik.
…Əzrayıl uzunmüddətli ezamiyətə gəlib deyəsən – Azərbaycanı boşaltmaqdı niyyəti deyəsən!

 

Dünya İşıq boyda boşaldı!

Vahid Rzayev! Kitabını – “Yaranış”ı Prezident Aparatına təqdim edib. AMEA-nın bilim adamlarının teleskopla görə bildiyini adi gözlə görüb izahlayan bu İlahi Nurun dəyəri verilmədi, verilməyəcək! Çünki o Nur İlahidən idi və o Nurla yazılmışdı “Yaranış” – kim oxuya bilsə dördqatlı mənalarla dördlü sırayla yazılan bu dörddeyimli vəhyləri, elə mənim dediyimi deyər: dünyanın bütün kitabxanalarındakı elm kitablarını özündə cəmləşdirən və daha üstün kitab!
Mirələkbər müəllim Naberejnıy Çelnıdan zəng edəndə Tverdə idim!
Boynuma alıram: Yer üzündə tanıdığım yeganə Nur və İşıq daşıyıcısıydı ki, bizim anlamımızda və dilimizdə “ölüm” sözünün ona aid olmağından qətiyyən narahat olmamışam! Çünki Vahid müəllim Yer Adamı deyildi, Ölüm də ona aid deyil. İlahi dərgahdakı öz yerinə qayıdan Vahid müəllimlə söhbətlərimizdən iki məqamı deyirəm:
1. Qardaşı Fikrət müəllimlə ilk dəfə rastlaşanda hiss etdim ki, çopur sifətimdən, əsən əllərimdən xoşlanmayan Fikrət müəllim həmən də özünəməxsus Naxçıvan ləhcəsinin tonu və tembri ilə “bu kimdir” soruşdu. Vahid müəllimin əlləriylə gözəl jesti vardı, sanki təyyarə enişini ifadə edirdi və bu jest o idi ki, “yavaşla”. Cavabı mənə ləzzət elədi:
– Ay Fikrət müəllim, Vahid “Yaranış”da deyib axı, bizə gələn çox olacaq, bizimlə qalan az. Bax, bu o qalanlardandır!
2. Aydın, biz ölməyəcəyik, bizim qatarımız birdir, sadəcə, kupelərimiz ayrıdır!
Vahid müəllim mənim hər dəfə paylaşdığım bu dördlüyün müəllifidir həm də:

1. Sənin olmayan Sənin deyil!
2. Yoxdur, olmayacaq, kərkinmə!
3. “Olmaz”ı “olar” etmək olmaz!
4. Təşəkkürlü ol!

Yerin mübarək, Müəllim!
İşıqla, Əqli İşıqla, Ruhi İşıqla, Əbədi İşıqla!
Paklıqla, Əqlii Paklıqla, Ruhi Paklıqla, Əbədi Paklıqla!

 

Strateq.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button