Aydın Canıyevdən yazarlara təbrik yazısı

Aydın Canıyev

Möhtərəm və möhtəşəm jurnalist

 

Murad Anar yaşında, Mirmehdi Murad yaşında…

Mən Muradı tanıyanda Anar Muradın indiki yaşındaydı. Mirmehdi indi Muradın ondakı yaşındadı!
Onda Murad ədəbiyyata gəlmişdi, Nüsrət Kəsəmənli də zamin durub onu yollamışdı Qorki adına Ədəbiyyat İnstitutuna! Murad ədəbiyyatdan da keçəndən, ədəbiyyat institutunu da təpəqapaz edəndən sonra gəlmişdi ki, bir ömür sürsün, həyat qursun, ədəbiyyat yaratsın, onda da İsgəndər Həmidov qoymadı – yazıq “posadka” eləməmiş təzədən “polyot” elədi. Halbuki əlində pətəsi də vardı, Yazıçılar Birliyi ona gənc ədib kimi ev də verməliydi. Ancaq Murad abırlı-həyalı olduğundan nəinki bu barədə kiməsə xatırlatdı, hətta dilinə gətirməyə utandı. Ancaq ev də aldılar, ad da aldılar, maşın da aldılar Muraddan sonrakılar və əvvəlkilər. Murad döyüşdü e döyüşdü. Ora uçdu, bura uçdu. Özünə gün-güzəranqurmuşların həndəvərində ayılmadı ki, a kişi, bəs mən ev yiyəsi, əsər yiyəsi olmalıyam, mən niyə qoşulmuşam axı sizin intriqalara? Nə özü özünə dedi, nə də ona deyən oldu!
… ədəbiyyat yaratmaq, nə bilim, həyat qurmaq kimi vacib məsələlərdənsə, barrikada qurub başladı Anara komanda verməyə: “çıx get!”
Onda Anar Muradın indiki yaşındaydı!


Anar heç hara getmədi!
Murad da indi gəlib çatdı ona “get” dediyi yaşa.
İndi Murad öz ən böyük əsərini böyüdür: Amuru! Ən böyük əsərindən də ən böyük əsəri Mustafa da Murovda Vətən qoruyur!
Düzdü, Murada heç kim demir harasa get! Amma Mirmehdi onun Anara “get” dediyi yaşdadı və əksinə, Mİrmehdi Murada məclisin yuxarı başını göstərir!
Mirmehdi istisnasız olaraq həm yaşıdlarına, həm də özündən kiçiklərə gözəl nümunədi! İşləyir, həyatını yaşayır, əsərlərini yazır – nə bəziləri kimi oxucularını dədəsinə, xalqını əsərlərinə borclu bilir, nə içib farmazonluq edir, nə tülüngülüyə meyllidi, nə şöhrətpərəstlik azarı var, nə yekəxanalıq xəstəliyinə tutulub, nə də dədəmizlə özümüzü ittiham eləmir.
Savadı, mütaliəsi, dünyagörüşü, əsərləri ortada – dəyər verilib mükafatlandırılanı da var, görməməzlikdən gəlinən əsərləri də. Biriləri kimi məhəllə arvadları sayaq nənəsinin onikitaxta tumanını əyninə, anasının şalını başına salıb qapılarda şivən də salmır ki, baxın ha, mən flan əsərin müəllifiyəm, tez olun e tez, mənə ev verin, maşın verin, yeyib-içməyə pul gətirin, eyş-işrətə qız tapın, oğluma pampers almağa bankda hesab açın, yoxsa… özümü qoyacağam axırıncı yola!
Postmodernizmi də gözəl bilir, postinsanlıqdan da xəbəri var, dünyagörüşü də kifayət qədər əhatəlidi və adam balası kimi adamdı, kişi oğlu kişidi! Başımızın ətini yemir, iddiasının sirkəsini başımıza peşova getmir!
Muradın Anara “get” dediyi yaşdadı, heç kimə “get” demir, çalışır ki, içində işıq olanı da bizim içimizə gətirsin!
Qətiyyən də özünü ədəbi mühitin komendantı, ədəbi vilayətin meri, bələdiyyə sədri kimi aparmır! Heç İstedadları Dəyərləndirmə və Satınalma Agentliyinin sədri olmaq da keçmir könlündən!
Adam yazıçıdı və özünü yazıçı kimi aparır!


Allah hər ikinizi var eləsin – nə yaxşı ki varsınız, heç olmasa nümunə göstərməyə, dəyər verməyə bir ismimiz var!
Allah sizi qələmdən, Sözün və Sözünüzün üstündən əskik eləməsin, Sözün, Sözünüzün altında qalmayasanız, amin ya rəbbəlaləmin – Murad, xahiş edirəm, bu cümləyə hirslənmə: sən ateist olsan da, Mirmehdi seyiddi, balansı gözləyirəm: biri şər olanda, biri xeyir olar!
Hər şey bir yana, zarafat da üstəlik!
İkinizi də çox istəyirəm, ikinizə də bu ürəyim qurban! İkiniz də qardaşsınız! İkinizin də sözü əzizdir! İkinizlə də fəxr edirəm! İkiniz də ərk yerimsiniz! İkinizi də oxuyuram! Birinizi oxuyanda “uy, blin” deyirəm, o birinizi oxuyanda “qaaadan alaram” – hərə özünə aid olanı götürsün!
ƏN SON ARZUM: Murad Anarın, Mirmehdi də Muradın indiki yaşına çatanda… ikisi də nobeliant olsun! İkisi də layiqdir!
Öpdüm… “”Bulud pinəçisi”ni də, “Dayı”nı da…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button