Aydın Canıyevi Şeyx Allahşükür Paşazadəmi həbs etdirib?!

allahşükür paşazadə«Xural» qəzeti belə olacağına inanmır!

Avqustun 7-də Lənkəran şəhərində, bir neçə aydır «Xural» qəzeti ilə əməkdaşlıq edən tanınmış jurnalist Aydın Canıyev həbs edilib. Lənkəran polis idarəsindən «Azadlıq» radiosuna faktı təsdiqləyərək bildiriblər ki, jurnalist Sərpəkəran kənd dindarlarının müraciəti əsasında saxlanılıb. Aydın Canıyev kənd məscidinin pəncərələrini qırmaqda və dindarları təhqir etməkdə ittiham olunur.

Elektron və yazılı KİV-in yaydığı məlumata görə, A.Canıyev Sərpəkəran kənd sakininin evinə gedərək onu təhqir etdiyinə görə ev sahibləri tərəfindən döyülüb, o isə qaçaraq qonşuluqdakı kənd məscidinə girib. Daha sonra məscidin pəncərəsini sındırıb.

Mətbuata açıqlama verən kənd mollası isə A.Canıyevin ondan 100 manat pul istədiyini, buna nail olmadıqda isə pəncərələri sındırdığını bildirib.

Bu, qarşı tərəfin mətbuata açıqlaması və medianın məlumatıdır. Bəs, əslində hadisə niyə və hansı səbəbdən baş verib?

Aydın Canıyev həbsindən bir gün əvvəl nələri demişdi?

Aydın Canıyev «Xural» qəzetinin bir neçə sayında ardıcıl olaraq Lənkəran təhsil ocağı, həmçinin dindarlar və onların işləkləri barədə tənqidi yazılar yazıb. Həmin yazılarda bəzi mollaların və dindarların din adına yaraşmayan hərəkətləri barədə məlumatlar verilib və sonuncu məqalə Milli Təhlükəsizlik naziri Eldar Mahmudova müraciətlə qələmə alınıb.

Yazının dərcindən sonra sentyabrın 6-da Şeyx Allahşükür Paşazadənin mühafizə idarəsinin rəisi, polkovnik Səxavətin (soyadını bilmirik) dəvəti ilə Bakıya gələn Aydın Canıyev bütün görüşlərini yekunlaşdırandan sonra redaksiya rəhbərliyini bu barədə bilgiləndirib. O, deyib ki, Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadəyə yaxın olan şəxslər, konkret olaraq Şeyxin mühafizə xidmətinin rəhbəri Səxavət və adının yazılmasını hələlik məsləhət bilmədiyimiz həmkarlarımız onunla görüşüb və bəzi məqamlara aydınlıq gətiriblər. Belə ki, A.Canıyev Şeyx Allahşükür Paşazadənin adını Lənkəran dindarlarına himayəçi kimi göstərməkdə bəzi ədalətsizliklərə yol verdiyini, əksinə, bəzi məsələlərdən Şeyxin özünün də narazı olduğunu qeyd edərək, söyləyib ki, Şeyxin adamları ilə qarşılıqlı şəkildə anlaşma olub: A.Canıyev yazıda yol verdiyi nöqsanları və təhrifləri növbəti yazısında aradan qaldırmağa, Qafqaz Müsəlmanları İdarəsi isə məqalədə tənqid olunan Lənkəran axundunun məsələsini müzakirə etməyə və Qazılar Şurasının növbəti iclasında problemi çözməyə söz verib.

A.Canıyev həmçinin Lənkəran rayonundakı kənd mollalarının artıq ikisinin cəzalandırıldığını da söyləyərək (bu barədə ona Şeyxin onunla görüşən təmsilçiləri məlumat veriblər), müraciətin və tənqidi materialın hədəfə dəydiyini və artıq ölçü götürüldüyünü deyib. Eyni zamanda Lənkəran şəhər axundu Sədi Axundzadənin tənqid olunmağından və barəsində gedən yazılardan yana onu həbs etdirməklə hədələdiyini də sözlərinə əlavə edib: «Sədi Axundzadə mənə xəbər göndərib ki, əlimin altında bu məqsəd üçün istifadə etdiyim 8-10 qadın var və səni həbs etdirəcəyəm».

Belə bir təhlükə qarşısında Lənkərana qayıtmamağı tövsiyə etsək də, A.Canıyev məsələyə Şeyxin qarışmasından sonra Sədi Axundzadənin onun həbsinə cəsarət etməyəcəyini bildirdi və Lənkərana qayıtdı.

 Aydın Canıyev şərlənibmi?

 Lənkərana qayıtdığı günün səhərisi isə Aydın Canıyevin içkili vəziyyətdə kiminsə evinə getdiyi, döyüldüyü və döyənlərin əlindən qaçıb məscidə girdiyi, burada da pəncərə sındırdığı və ona görə də həbs olunduğu ilə bağlı məlumat yayıldı.

Aydın Canıyevin belə nalayiq hərəkətə yol verdiyini qətiyyən istisna etmirik və hesab edirik ki, heç kim qanuna, əxlaqa, müqəddəs məkanlara və xüsusilə müqəddəs dəyərlərə sayğısız yanaşmamalıdır. Ancaq məlumatda Aydın Canıyevin «Xural» qəzetinin əməkdaşı kimi xüsusi vurğulanması, o cümlədən onun ən çox tənqid etdiyi Sədi Axundzadə başda olmaqla dindarların müraciəti əsasında həbs olunması, baş verənlərin foto və video yaddaşa yazılması (kameralar haradan bilirdi ki, Aydın Canıyev kəndə nə zaman gələcək və nə qədər sərxoş olacaq?!) və xüsusi kampaniya formasında telekanallarda görüntülənməsi və s. hadisənin əvvəlcədən planlaşdırıldığı təsəvvürünü yaradır. Bu isə A.Canıyevin yazdıqlarına görə həbs olunduğunu deməyə ciddi əsasdır.

Əlavə edək ki, jurnalistin həbsindən sonra redaksiyaya telefon açan Şahəddin Canıyev (Aydın Canıyevin qardaşı) Lənkəran şəhər Polis İdarəsində A.Canıyevə hər hansı təzyiqin olmadığını bildirməklə yanaşı, qeyd etdi ki, polis yetkililəri Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin razılığını gözləyirlər: «Onlar deyirlər ki, bizlik heç nə yoxdur, yalnız Şeyxin müsbət münasibətini gözləyirik».

Bütün baş verənlərdən sonra «Hacı Allahşükür Paşazadə, ömrünün təxminən 10 ilini onun təbliğinə həsr edən, onun üstündə Azərbaycanın bir çox yazarları və qəzetləri ilə üz-göz olan bir jurnalistin həbsi üçün əvvəlcədən hazırlıq görülməsinə təşəbbüs göstərə və onun həbsinə razı ola bilərmi» sualı meydana çıxır.

 Şeyx Allahşükür Paşazadəyə müraciət

 Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə cəmiyyətdə xüsusi nüfuza malik olan bir şəxsdir. Hətta «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin həbsdən azad olunması üçün prezident İlham Əliyevdən bir neçə dəfə xahiş edən və bu xahişini ictimaiyyətə açıqlayan şəxs kimi hörmətli Paşazadə azad yazarların həmişə diqqət mərkəzində olub. Şeyx hər zaman tutduğu vəzifəyə və islami dəyərlərə uyğun olaraq, barışdırıcılıq missiyasının daşıyıcısı olub və məsələlərə ağsaqqal yanaşması ilə fərqlənib. Belə bir şəxs Aydın Canıyevin – nəhayətində bir yazarın, bir jurnalistin həbsini sifariş edə bilərmi?

Etiraf edək ki, buna nə inanırıq, nə də inanmaq istəyirik.

A.Canıyevin sözügedən yazılarındakı hər hansı ifadəni kimlərsə, o cümlədən Hacı Allahşükür Paşazadə, ya da onun hansısa qohumu təhqir kimi qəbul edə və bundan narahat ola bilər. «Xural» qəzeti olaraq bildiririk ki, hər bir Azərbaycan vətəndaşının cavab haqqını tanımışıq, A.Canıyevin yazılarına qarşı tərəfin münasibət bildirməsi üçün müraciət etmişik və zatən heç bir zaman da hörmətli Şeyxülislam həzrətlərinə qərəzli münasibət bəsləməmişik (Bir ay bundan əvvəl sevimli yazıçımız Seyran Səxavətin qələm əhlinin ağır sözlərlə təhqir olunduğu Şeyxi müdafiə edən bir səhifə həcmində yazısını da məhz bu qərəzsizlik anlayışı içində dərc etmişik). Hesab edirik ki, bütün zamanlarda mətbu anlaşılmazlıqlar təkziblər, müraciətlər və müsahibələr səviyyəsində həll olunmalıdır. Ki, bunun yollarını KİV haqqında qanın açıq-aydın göstərir. Ümumiyyətlə, özünüifadə və söz azadlığına görə hər bir yazar məsuliyyətini dərk etməli, onun gətirdiyi bütün yükə qatlaşmalı və qarşı tərəfin eyni ağırlıq və sərtlikdə olsa da, mövqeyinə, cavab yazısına hazır olmalıdır. Biz illərdir Azərbaycanda bu rəyin formalaşmasına çalışırıq və bu, belə də olmalıdır.

A.Canıyevin hər kəsin söz deməkdə azad olması prinsipindən sui-istifadə etdiyini də inkar etmək niyyətində deyilik. Onun məhz bu tip yazar olduğunu da xüsusi qeyd etməliyik. A.Canıyev zaman-zaman özünə, ətrafına və işlədiyi bəzi kollektivlərə qeyri-standart hərəkətləri ilə müxtəlif problemlər gətirib, amma bu, onun istedadlı yazar olmasını əngəlləmir.

Bütün hallarda bu, o demək deyil ki, yazıdan narazılıq və ya yazıdakı hansısa məqamı təhqir hesab etməyin qarşılığı olaraq jurnalist həbs edilməlidir. Hesab edirik ki, Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə də A.Canıyevin yazısına görə həbsi kimi ağır və tarixi məsuliyyətin öz adıyla bağlanmasını istəməz. Bu, onun nəyinə lazımdır axı?!

Son olaraq;

Aydın Canıyevin yazılarında Şeyx Allahşükür Paşazadə həzrətlərinin, Paşazadə ailəsinin və yaxınlarının özlərinə təhqir hesab etdikləri hansısa məqamlar, fikirlər, eyhamlar belə varsa, Aydın Canıyevin adından redaksiya olaraq onlardan üzr istəyirik və bu kimi arzuolunmaz faktları təkzib edirik.

Düşünürük ki, hörmətli şeyx həzrətləri bir jurnalistin tənqidə görə – o, nə qədər ağır olsa belə – bu cür cəzalandırılmasına razı olmayacaq və öz sözünü deyəcək.

 «Xural» qəzetinin rəhbərliyi

  “Xural” qəzeti, il 9, sayı: 035 (443), 11-17 sentyabr 2011

Əlaqəli məqalələr

4 şərh

  1. Peşə fəaliyyətindən və yaxudda tutduğu vəzifədən aslı olmayaraq hərbir kəs öz fəzifə borcunu qərəzsiz vicdanla məhsuliyətlə icra etməlidirki gələcəydə özünü
    eyni zamanda calışdıqı kollektivi pis vezyətdə qoymasın.Amma bu gün bu tərzdə
    işləməydə elədə asan iş deyil çünki nizam tərəzi pozulub.Bu qarşıqlıq içərsində
    çırpınıb ümümi problemləri qaldıran yazarlar əslində öz normal yaşayışlarını qurmaq istəyirlər bu gün reallıq bundan ibarətdir.Hörmətli Şeyx həzrətləri cox gözəl bilir ki bu gün Azərbaycanın daxilində gedən mübahisənin əsas səbəbi birinin ac -o birinin isə müxtəlif yollarla var devlət toplayıb həddindən artıq tox və harın olmasıdır.Allah orucu ona görə vacib buyurub ki toxun acdan xəbəri olsun onun il boyu kecirdiyi hissi harın bir aylda hiss etsin rəhimli olsun-paylaşmaqı bacarsın.bu dünyada axıətin qazansın.Yoxsa mən salim olum cümlə cahan batsada batsın nə işim var Belə şey olar-.Dinimiz bizləri haqzızlıqa qarşı mübariz olmağa dəvət edir.biz isə dinmirik kasıb halimizlə utanırıq qorxuruq bu susqunluqumuzla Allahın buyrduğuna qarşı gəlirik çün ki bizlər dini qəlbən qəbul etməmişik sadəcə görüntü xatrinə desinlər ki biz müsəlmaniq.Dini təbliq edənlər isə buna sadəcə gəlir mənbəyi kimi baxır Yox əyər belə deyilsə onda haqq səsini ucaldanın ağzına zalımlar qıfıl vurmazdılar.Bu günümüzədə şükür

  2. Dogrudur spirtli ichkiye meyillidir ve serxosh da olur, amma Aydin chox istedadli yazardir, qelemi gozeldir. Shexsi heyatindaki problemler onu aqressivleshdirmishdi. Belke de ruhi sarsinti kechirmishdi desem daha dogru olar. Eslinde o bu ishi elemeli deyildi, chunki Sheyx hem onun eloglusu ve hem de bu olkedeki uzde olanlar arasinda yaxshi kishilerden biridir. Ele meseleler var ki, onu ictimaileshdirmeden t-t hell etmek lazimdir. Aydin iddia edirdi ki, vaxtili 13 yashinda qizin Sheyxin cenub bolgesi uzre selahiyyetli numayendesi, Lenkaran mescidinin axundu olmaga haqqi yoxdur ve qovrulurdu ki, Sheyx buna niya goz yumur? Bu gun lenkaranlilar arasinda Aydinin dediklerinin dogru oldugunu danishanlar az deyil, amma Aydin chilginliq eleyib bu meseleni ictimaileshdirdiyi uchun da bu gun altini chekir. Heyif ki, bu cur istedadli yazara hech kim himayedarliq etmedi. İnaniram ki, hamimizin yaxshi kishilerden biri kimi tanidigimiz Sheyx Aydinin azadliga chixmasinda, yani Allahin bir istedadli magmun bendesinin turme divarlari arasinda olmemesinde vasitechi olacaq. Aydinin son vaxtlar tez-tez oskurmesi onun verem olmasina bir ishareydi belke.

  3. aydin ne yazmisdisa hamisi dogru idi lakin cemiyyete hec zaman dogru danisanlar lazim olmayib olmayacaqda aydin qardas rehmetlik bextiyar vahabzade demisken adlari kisi oldu omrunde birce defe kisilik etmediler boyuk dayaq filminde deyildiyi kimi darixma bunlarinda ipini yigan tapilar Tanri o qaranliq qapilari uzunuze aciq etsin siz tek deyilsiz bizim qeibimizde ureyimizdesiz yeni yazilarinizcun cox darixmisiq size sebir dileyirik

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button