Aydının əzabı 50 yaşında!

30 il Azərbaycan mətbuatında külüng vuran Aydın Canıyevin 50 yaşı tamam olur!

Onunla çoxdan tanışıq və mən onu Azərbaycan mətbuatının ən istedadlı qələmlərindən biri hesab etmişəm. Bu, hər zaman belə olub. Bütün fəaliyyətim ərzində aralıqsız onu müdafiə etmişəm, təqdir etmişəm, hörmətini saxlamışam və hər zaman çalışmışam ki, bir yerdə işləyək. Mən onun potensialını görmüşəm və qiymətləndirmişəm. Bəzən hətta onunla bəzi planlar belə qurmuşam.

O isə mənə hər zaman problem yaradıb. Bir dəfə olmayıb ki, ona görə mənə təqdir gəlsin. Hər zaman yazdığı ciddi, sərt, ağrılı, bir az da hiyləgər yazıları ilə mənə problem və düşmən qazandırıb. Onun yazılarına görə üstümə gəliblər, gəlmək istəyiblər, danışıblar, plan qurublar. Heç bir ipə-sapa yatan adam olmadığı üçün – məndən beşbetər – təbii ki, mənim heç bir planımda yer almayıb, bəlkə özü də istəməyib. Buna mənim imkanlarım da olmayıb. Yoxsa mənim Azərbaycan mediası haqda qurduğum pəmbə xəyallarda o, hər zaman ön planda olub. Düşünmüşəm ki, böyük və əzəmətli media orqanları yaradacağam, imzaları müqavilə ilə qəzetimə bağlayacağam, yalnız mənim qəzetlərimdə yazan yazarlar olacaq. Onların başında gəlib Aydın Canıyev.

Bizim onunla zaman-zaman yazışmalarımız, məktublaşmalarımız olub. Zaman-zaman ölkə mediasında bu məktublaşmalarla çoxlarının kürkünə birə salmışıq. Düşüncələrimiz olub, mətbu layihələrimiz olub – alınıb-alınmayıb, ayrı məsələ. Amma qar-boranın içində ta…“Günəşli”dən onun təlatümlü “Üçüncü Azərbaycan” qəzetinə yazı yazmağa getdiyimi xatırlayıram. Və ən yaxşı, içimin yanğısını əks etdirdiyim ən möhtəşəm yazıları onun qəzetində yazdığımı bilirəm. Ona önəm vermişəm, yaratdığı mətbu nümunələrin uğur qazanmasını istəmişəm – ona görə.

Bizim nəsil həm xoşbəxt, həm bədbəxt nəsildir.

Xoşbəxtik ona görə ki, tarixi zamanda yaşayırıq, tarixi proseslərin şahidləri, iştirakçıları, bəzi hallarda təşkilatçılarıyıq.

Bədbəxtik ona görə ki, gözlərimizin qarşısında nə ölümlər yaşanır, nə dostlar itirilir, nə ağır sınaqlardan keçirik. Bəzən keçə bilmirik. Və bu ömrün ən bədbəxt çalarları da bizim zamanımıza düşdü, bu, dəqiqdir. Biz son 10-15 ildə onlarla, yüzlərlə, bəlkə də minlərlə qələmlərin, azad media adamlarının paramparça olduqlarını, sındıqlarını, sıradan çıxdıqlarını gördük. Aydın bu ağrını yaşayan, bu zülmün içərisində olan, bu bədbəxtliyi öz dərisində keçirən çox az sayda adamlardan biridir. Çox az sayda…

Bu günlərdə mənə zəng edib ərkyana – başqa kimsəyə edə bilməyəcəyi şirinliklə – dedi ki, 50 yaşım tamam olur, mənə bir yazı yazacaqsanmı? Qulaqlarıma inanmadım – 50?! Biz 50-yə çatırıq, eləmi? Beləcə, çürüdük, kimsəsizləşdik, seyrəkləşdik, unudulduq, tərk edildik, beləmi olacaqdı? İndi 50 yaşı tamam olan Aydın Canıyevə, 30 ilini sözə namusla xidmət edən bir böyük yazara kimsə nəsə etməyəcək, deyilmi? Dövlət bizim yanımızda deyil, qarşımızdadır! Mətbuatla bağlı qurumlar qənimimizə çevrilib, mətbuat siyasətinin başbilənləri adımızı özlərinə məxsus qara siyahılara salıblar, bunu da bilirik! O zaman nə edək?! Barışaqmı? Aydın Canıyevi, sözün keşiyində dayananları, sözə arxa çıxanları eləcə – təkbaşınamı buraxaq?!

“Yox” dedim, “Sənə yazı yazmaq mənim üçün çox asan bir işdir, sənə 50 illik keçirmək lazımdır, adam! Cəmiyyətin özünü hərəkətə keçirməyi, özümüz özümüzə arxa-dayaq olmağı, çiyindaşa çevrilməyi bacarmaq lazım!” İnanmadı. Heç mən də inanmırdım. Amma söz bir kərə ağzımdan çıxmışdı. Qollar çırmalandı. Siyahılar tutuldu. Üzümüz gələn adamlara zəng olundu. Daşlar yerindən oynadıldı və… mən bir daha Aydın Canıyevin 50 illik yubiley çalışmalarının işığında şahid oldum ki, Azərbaycan mediası ölməz, dayanmaz, durmaz! Ümidləndim, ürəkləndim, nəfəsim açıldı, nəfəs gəldi mənə!

Bayaq dedim, bu bədbəxtliyin içində həm də itirilmiş nəsilik biz. Xoşbəxtliyimiz bir işə yaramır, amma bədbəxtliyimiz qol götürüb oynayır. Bu haqda Aydın Canıyevlə 2011-ci ildə həbs olanmazdan öncəki gün də, onun həbsi xəbərini eşidəndə də, onun həbsdən azad olunması üçün genişçaplı kampaniyaya start verəndə də, türmədə – Bakı İstintaq Təcridxanasında görüşəndə də fikirləşmişəm. Hər zaman da getdikcə geri getdiyimizin fərqində olmuşam. Bəli, dünyanın yeganə ölkəsidir Azərbaycan ki, orada qabiliyyətli və haqqı çatan adamlar geri, nadan və haqqı olmayanlar irəli gedir. Bu, əzabdır həm də – hamımızın payımıza düşən əzab. Aydının da ömrü hamımız kimi o əzabı yaşamaqla, o ağrını hiss etməklə keçdi – düz 30 il! Ona bu düşüncələr içərisində də 50 illik yubiley çalışmaları başladım. İnadına! “Bizə kimsə sahib çıxmırsa, özümüz və cəmiyyətimiz var” düşüncəsi ilə!

İllər əvvəlin pəmbə xəyallarından bəhs etmək fikrim yoxdur. Etiraf edirəm ki, illər o hisslərin əksəriyyətini özüm üçün belə xəyala çevirib. Məşhur bir ifadədə deyildiyi kimi, “daha nağıllara inanmıram” mən. Heç məktub yazmaq, nələrinsə polemikasını başlatmaq da istəmirəm. Polemika da, məktub da yeni nələrinsə başladığına, normal nizama xasdır, oysa bizdə və mənim içimdə o hava da yoxdur. Biz nəsli tükənməkdə olan cinslər kimiyik. Bütün baryerlərin ötəsində qərar tutmuşuq. Ona görə də Aydın üçün bütün təbriklərdən, məktublaşmalardan və pəmbə xəyallardan ötəsi indi mənim üçün onun 50 illik yubileyinin təşkilidir. Bütün gücüm, ruhum, qabiliyyətim o istiqamətdə çalışır indi. Özünün kitabının adında dediyi kimi “Sözüm sağlığı”na gözəl bir yubiley olsun da, bu, ona deyilən ən gözəl və səmimi təbrik olacaq, bilirəm.

Çalışmalarımız təkcə Aydın Canıyev üçün deyil. Həm də söz üçündür. Bu haqda son günlər hamı ilə danışanda demişəm. Etiraf edirəm ki, bütün ziddiyyətli və ziqzaqlı həyat yoluna və fəaliyyətinə baxmayaraq, hər kəs də bu təşəbbüsü yaxşı və ürəkdən qarşıladı. Çünkü Aydın elə əsl və əsil söz adamıdır – bunu indi hamı qəbul edir. Bütün cəbhələrin, bütün siyasi və mətbu təriqətlərimizin hamısını dəvət edirik, çağırırıq, danışırıq. Danışmadığımız, münasibətimizi məmurlarımızın baltaladığı adamlara zəng edirik. Hamının maraqlı və qəribə bir reaksiyası. Hər kəsdə qəribə bir təbəssüm. Sözün sağlığına, söz adamının şəninə – hərə öz hesabına, ilginc və olduqca maraqlı bir tədbir olacağını hamı bilir.

Biz Aydın Canıyevin 50 illik yubileyini həm də yazarların bir kitab şöləninə çevirməyi düşünürük. Qoy bizi Tanrı utandırmasın!

Nə qaldı ki? Bir sözüm də var ona – ömür və imkan vəfa eləsə, ən yaxşı yazılarını yazdığı “Xural” qəzetində dərc olunan yazılarından ibarət bir kitab çıxaracam. Çatarsa sağlığında, çatmasa ölümündən sonra. Yaşayaramsa özüm, çatdıra bilmərəmsə də, daha nə deyim ki…

Bütün bu pessimist ovqatın, ölkənin, ruhun içində Azərbaycanın ən istedadlı söz adamlarından birini – Aydın Canıyevi təbrik edirəm! 30 il bu millətin sözü – söz namusu uğrunda apardığın mübarizəni bizə halal elə, “Baş redaktorları utandıran adam”!

Möhtərəm və möhtəşəm Aydın Canıyev!

Sənin və Sözünün sağlığına!

Əvəz Zeynallı 

28 fevral 2018-ci il

2.02

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button