Rubrikalar: GÜNDƏM MANŞET XuralTAC

Ayrılıq dəmi… – Selcana məktub

Əvəz Zeynallı

“Səhərdən mənim ailəmdə heç bir şey əskisi kimi olmayacaq”. Təbii ki, adamlar hər şeyə müqtədirdirlər, amma mən bu bir cümləlik gerçəyin altında yatan yükü düşündükcə dolur-boşalıram. Bəli, mənim evimdə daha heç nə əskisi kimi olmayacaq…
Ayrılıqları heç sevməm. Mən əslində, ayrılıq adamı deyiləm, …amma ömrümdə elə ayrılıqlar gördüm və elə ayrılıqlar yaşadım ki, “bağrım partlamadı, hələ qoçaqdır”. İndi də uzun və möhtəşəm bir ayrılıq ərəfəsindəyəm. Bağrım partlamaq dərəcəsindəyəm. Tez-tez kövrəlirəm. Ağlamaq istəyirəm. Nəfəsim tıncıxır bəzən. Bu göz yaşının amansız dalğaları məni öz ağuşundan buraxmır.
Hə, Selcanım, Banum, mən Sizi böyüdə, tərbiyə edə bildim. Yaxşı oxudunuz, dünyamızın ən yaxşı təhsil ocaqlarından birini qazandınız. Tanrı da deyəsən, yanımızda oldu. “Bir şəhər, bir universitet, yaxın məsafələr” dedik, elə də oldu. Bir şəhərdəsiniz, fakultələriniz yaxın, güman ki, çalışıb bir yataqxanada qalacaqsınız da. Ona da nail olacağıq. Yəni o baxımdan da rahatam. Banu yanında olacaq, ona bu yaşından Analıq edəcəksən, yanında olacaqsan. Yəni Banum, mənim Banuçiçəyim sənə əmanət.


Mənim Atam, Sizin sevimli Tapdıq babanız da belə idi – onu indi anlayıram. Gözləri bir boşalar, bir dolardı. Mən indi o haldayam. Ondan betərəm. Mən indi hamıdan betərəm. Düşünəndə, fikirləşəndə ki, artıq həyatımızda yeni bir mərhələ başlayır – artıq böyüdünüz, gedirsiniz, bağrım çatlayır. Mən bilirəm, bilirəm ki, bu, sevinc göz yaşlarıdır, bilirəm ki, uğura gedirsiniz, bilirəm ki, hələ çox xoş xəbərləriniz olacaq – mən bunların hamısını bilirəm. Hə, onu da bilirəm ki, artıq hər gün bir yerdə olmayacağıq, hər gün Sizi özüm aparıb-gətirməyəcəyəm, hər gün saatlarla danışmayacaq, dərdləşməyəcəyik. Buna dayanmaq çox zor olacaq! Çox çətin olacaq!
Bu möhtəşəm ayrılıq artıq yaşlandığımı göstərir, Selcanım, Banum! Hətta bu statusu yazandakı halımı görsəniz, üzülərsiniz, amma Sizə həm də bir şeylər demək istədim. Tez-tez dediyim: “Qulaqlarınızdan sırğa edib asın” misali…
Mən Sizi başqa cür böyütməyə çalışdım. Bizlərdə adətən, qızların bir böyümə tərzi var. Mən elə etmədim. Sizi həm də oğullarım kimi böyütmək istədim. Bəzən əsəbiləşəndə hətta özümə yad olan tərzdə “mənə oğlum olmadığını xatırlatmayın” dedim. Siz mənə heç xatırlatmadınız onu, Selcanım. Hər zaman ən çətin anlarda ən ciddi təmkini və səbri gördüm, hətta bəzən öyrəndim Sizlərdən. Çalışdım ki, azad olasınız, özünüz düşünə və sərbəst qərar verə biləsiniz. Çalışdım ki, güclü olasınız. Çünki mən yaxşı bilirdim ki, onu Sizə verə biləcəyim yaş həddi bu yaşlardır – orta məktəbi bitirdinsə, İstanbula getdinsə, artıq verə biləcəyim bir şey qalmayacaq – bilirdim.
Balaca avtomobilimizdə hər gün – bəzən gün boyu çalışdıq. Məktəbimizdə çalışdıq, özəl kurslarda çalışdıq – biz bu mərhələni başardıq. Artıq mənim Sizə verə biləcəyim nəsə qalmadı, qızım, indi həyat adlı nəhəng və böyük okeanla üzbəüzsünüz! Bu okeanda üzmək, təhlükələrdən qorunmaq və bütün gözəllikləri kəşf etmək Sizə qaldı – bacarmalısınız!


Bilirəm, Sizə zamansız əziyyətlər yüklədim. O zərif çiyinlərinizə böyük məsuliyyətlər qoydum, amma biz bunun bəzilərini istəmədən etdik, gördük. Mən zamanın amansız və qəddar müstəntiqlərinə ona görə deyirdim ki, mənim qız(lar)ım gəlib məni dəmir barmaqlıqların arxasında da görməlidir və bu dəmir barmaqlıqlar onun üçün, onlar üçün adiləşməlidir. Məndən asılı olmadı, amma mən Sizin üçün o qorxunc barmaqlıqları adiləşdirə bildim. Biz barmaqlıqlar arxasından bir-birimizə həsrət qalsaq da, o barmaqlıqları dağıda bildik. Elə olun həmişə. Zərif çiyinlərinizə yüklənən məsuliyyətdən qorxmayın. Ən sıxışdığınız anda, ən təhlükəli vəziyyətdə Sizi məsuliyyət, təmkin, səbr, şübhə xilas edəcək. Heç unutmayın!
Bilirsiniz, mənim ağıl verməkdən zəhləm gedir. İndiyə kimi yazdığımı da elə qiymətləndirməyin. Bu ayrılıq rüzgarının əsdiyi günlərdə – ayrılmağımıza 24 saatdan bir neçə saat çox qaldığı bu həzin saatlarda məni məzur görün. Sizə verdiyim öyüdü vermişəm. Öyrətdiyimi öyrətmişəm. Bacara bildiyim qədər çiyinlərinizə məsuliyyət yükü yükləmişəm. Mənim Sizə verə biləcəyim çox az şey qalıb əslində. Bir neçə il də keçəcək, Siz qoca və deyingən qocanın nazı ilə oynayacaqsınız. Amma bəzi şeylər var ki, mən onları Sizə deməliyəm. Ən azından, ürəyimin deşilməməsi üçün. Biləsiniz ki, mən tək deyiləm bu hisslərdə – Ananız da mənimlə bir düşünür. Biz bir yerdə böyütdük Sizi.


Mən 28 il bundan əvvəl eynilə Sizin kimi Türkiyəmizə – Ankaraya təhsil almağa gedəndə Atam mənə bunları deyirdi. Düzdür, o, düşüncələrini belə, mənim kimi yazmamışdı, amma demişdi. Demişdi ki, “əgər millətin maraqlarını öz maraqlarından üstün tutacaqsansa mənim əməyim halalın olsun, öz maraqlarını üstün tutacaqsansa halal etmirəm!” Babanın dediyini Sizin zərif və güclü çiyinlərinizə mən də yükləyirəm. Mən Sizdən əminəm, rahatam, ona görə bir sürü başqa təlqinlər və öyüdləri təkrarlamıram, amma Millət məsələsi bizim həssas yerimizdir, biləsiniz! İndinin yalnızlaşmış, təklənmiş, bizim günümüzə salınmış Azərbaycanımızın təəssübü bizim üçün hər şeydən öndədir. İndi hamı Azərbaycanın üstünə gəlir! Biləsiniz ki, harada nə edəcəksinizsə Sizə heç nə deməyəcəklər – Azərbaycana deyəcəklər! Qulağınızda sırğadır, bilirəm, sadəcə bir daha deyirəm. Bu mənada Azərbaycanı Sizə, Sizi də Türkiyə Cümhuriyyəti Dövlətinə əmanət edirəm!


Hə, artıq sabahdan – bir neçə saatdan sonra heç nə əskisi kimi olmayacaq, bilirəm. Mən bu ayrılığı da keçəcəyəm, Sizinlə təbii ki, yenə yaşadığımız müddətcə anca bərabər kanca bərabər olacağıq. Amma hər günümüzün, hər saatımızın bir yerdə olduğu zamanlar bitdi! Yeni mərhələdəyik artıq! Daha böyük uğurlar üçün! Daha böyük qələbələr üçün! Mənə belə mərhələləri çox və tez-tez yaşadın! Belə göz yaşlarına alışdırın məni!
1761 km məsafədə olacağıq. Zaman-zaman bu məsafələr arta, azala bilər, amma bilirsiniz, yenə də bilin ki, yanınızdan əsən külək Sizi narahat etdiyi anda yanınızdayam. Bilirsiniz, mən məsafə tanımaram mövzumuz Siz olunca – mənim əziz qızlarım, balalarım, oğullarım, övladlarım – hər şeyim!

Çıxışa haşiyə:
Həssas günlər yaşayırıq. Bir az da işin içinə duyğular qarışınca arman-çorman olur hər şey bəzən. Bu həssas günlərin dünənində yuxudan – zatən yatmadığım və yatanda da düşündüyüm yuxudan oyandım və tez Selcanımın yanına qaçmaq istədim. Elə bil, qızların ikisinin də birdən gedəcəyi fikri içimi ovxaladı, yandırdı. Guya bir neçə dəqiqə Selcanımı, ya da Banuçiçəyimi qucaqlamaq bu ayrılığın bir neçə dəqiqəsini uzadacaqmış. Mən Selcanımın otağının qapısını açanda Anasının onu qucaqlayıb qoxladığını gördüm! Hamımız eyni düşüncədə, hamımız eyni ovqatda. Bu günlər taxt-tacda ayrılıq oturub!

Soyuqlar Sizi üşütməsin!
Günəş o gözəl üzünüzü qarsmasın!
Qaranlıqlar Sizi qorxutmasın!
Yanınızdan Sizi narahat edən külək əsməsin!
Su kimi gedin, su kimi oxuyun, su kimi yaşayın!
Tanrı yolunuzu hər zaman açıq tutsun!

Xural.com

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • SİYASƏT
  • XuralTAC

Deputat Jalə Əhmədova: “Mən siyasətdən uzaq durur və İp Man-ın serialları ilə maraqlanıram»

“Deputat olsam da, bir az siyasi məsələlərdən uzaqda dayananlar sırasındayam”. Virtualaz.org bildirir ki, Milli Məclisin deputatı Jalə Əhmədovanın bir neçə gün…

25 Sentyabr 2020
  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

Sərdar Cəlaloğlu “Siyasət meydanı”nda: “Səfərbərlik başladı, bəs savaş nə vaxt olacaq?!”-VİDEO

24 sentyabr 2020-ci il, saat 19:00-da canlı yayında Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz Zeynallı “Siyasət meydanı” verilişində Azərbaycan…

25 Sentyabr 2020
  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

İqbal Ağazadə “Siyasət meydanı”nda: “Savaşı kimlər aparacaq?”-VİDEO

24 sentyabr 2020-ci il, saat 17:00-da canlı yayında Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz Zeynallı “Siyasət meydanı” verilişində Ümid…

24 Sentyabr 2020
  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

AMEA alimi od püskürdü: “Ramiz Mehdiyev AMEA prezidentliyindən və akademik adından imtina etməlidir!”-VİDEO

24 sentyabr 2020-ci il, saat 15:00-da canlı yayında Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz Zeynallı “Siyasət meydanı” verilişində AMEA-nın…

24 Sentyabr 2020
  • GÜNDƏM
  • XuralTAC

Azərbaycanda deputat özü-özünü təbrik etdi

Bu gün, 23 sentyabrda Milli Məclisin deputatı Ramil Həsən özünü "Facebook" səhifəsində ad günü münasibətilə təbrik edib. Belə bir maraqlı…

24 Sentyabr 2020
  • GÜNDƏM
  • MANŞET
  • QAYNAR QAZAN
  • XuralTAC

Zaur Qəriboğlu “Siyasət meydanı”nda: “Frenkin və erməni-rus birləşməsinin savaşı…”-VİDEO

Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz Zeynallı 23 sentyabr 2020-ci il, saat 19:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı”…

24 Sentyabr 2020
Xural.COM