Ayxan İsrafilovun həbsdə döyüldüyü deyilir

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyası İdarə Heyətinin üzvü Ayxan İsrafilovun cəzaçəkmə müəssisəsində təzyiqə məruz qaldığı bildirilir.

Fəalın anası Əminə İsrafilova AzadlıqRadiosuna bildirib ki, oğlu Umbakı təcridxanasında saxlanırdı və Bakı Apellyasiya Məhkəməsinin qərarından sonra iyunun 29-da cəzaçəkmə müəssisəsinə köçürülüb: “Amma bizim onu hansı cəzaçəkmə müəssisəsinə apardıqları barədə məlumatımız olmayıb. Penitensiar Xidmətdən maraqlandıq, bizə demədilər. Ombudsman Aparatından bizə Ayxanın 17 saylı Cəzaçəkmə Müəssisəsində karantində olduğunu dedilər”.

Ə.İsrafilovanın sözlərinə görə, üstündən iki həftə keçməsinə baxmayaq, oğlu ilə əlaqə saxlaya bilməyib: “Dünən, iyulun 14-də 17 saylı Cəzaçəkmə Müəssisəsinə getdik, sənədlərimizi verdik, bir saat qəbulu gözlədik, axırda dedilər ki, burada yoxdur. Oradan yaxında olan 2 saylı Cəzaçəkmə Müəssisəsinə getdik. Həmin prosedurdan yenidən keçəndən sonra dedilər ki, burada da yoxdur. Axırda 10 saylı Cəzaçəkmə Müəssisəsindən dedilər ki, buradadır, görüşə icazə verdilər”.

Fəalın anası bildirib ki, A.İsrafilov çəki itirib, səhhəti da yaxşı deyil: “Dedi ki, cəzaçəkmə müəssisəsinə köçürüləndə əşyalarının yoxlanışı zamanı dərmanları görüblər. Ayxan da deyib ki, 2-ci qrup əliləm, ağrıkəsici dərmanlarımdır. Dərmanları əlindən almaq istəyəndə Ayxan etiraz edib. Ona görə onu sillə və yumruqla döyüb karsa (cərimə kamerası) salıblar. Karsda ona çirkli paltar veriblər. Yemək də o qədər keyfiyyətsiz olub ki, 14 günə cəmi dörd yumurta yeyib. Başağrısından əziyyət çəkəndə dərman istəyib, onu da verməyiblər”.

Ə.İsrafilova oğlunun hələ də karsda saxlanıldığını söyləyib. O, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edəcəyini vurğulayıb.

Onun dediklərinə Penitensiar Xidmətdən, hələlik, münasibət öyrənmək mümkün olmayıb. Amma bu qurumdan bundan əvvəl oxşar şikayətlərlə bağlı deyiblər ki, cəzaçəkmə müəssisələrində məhbuslarla yalnız qanun çərçivəsində davranırlar.

A.İsrafilov Cinayət Məcəlləsinin 234.1-1-ci (narkotik vasitələri saxlama və yayma) maddəsi ilə bu il aprelin 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində 3 il müddətinə azadlıqdan məhrum edilib. O, ittihamı qəbul etmir.

Ötən il avqustun 1-də “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyası və “Kuryer Birliyi” Həmkarlar İttifaqı etiraz aksiyası keçirib. Onlar kuryerliklə məşğul olan şəxslərin mopedlərinin kütləvi şəkildə cərimə meydançasına aparılmasına etiraz ediblər. Elə həmin gün bu konfederasiyanın sədri Afiyəddin Məmmədova polisə müqavimət və xırda xuliqanlıq ittihamı ilə 30 sutka inzibati həbs cəzası verilib. O, inzibati həbsdən buraxılandan az sonra yenidən saxlanıb. Bu dəfə onun haqqında cinayət işi başlanıb və hazırda da həbsdədir. A.Məmmədova Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən bədənə ağır xəsarət yetirmə) və 221.3-cü (silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham verilib.

Bu təşkilat üzvlərinin həbsləri sonra da davam edib.

Avqustun 4-də “İşçi Masası”nın üzvü Elvin Mustafayev narkotik ittihamı ilə həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsində ona 3 il həbs cəzası verilib. E.Mustafayevdən bir neçə gün sonra isə A.İsrafilov həbs edilmişdi.

Adları çəkilən ictimai fəalların hamısı ittihamların saxta olduğunu, işçilərin hüquqlarını müdafiə etdiklərinə, ölkədəki özbaşınalıqlara etirazlarına görə şərləndiklərini deyir. Hökumət rəsmiləri isə ölkədə heç kimin ictimai-siyasi fəaliyyətinə görə təqib olunmadığını vurğulayırlar.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button