Azər Həsrət yazır: ““Qaynar qazan”ın ortaya çıxardığı gerçəklər…”

azər həsrət

Azər Həsrət

azer@azerhasret.com

Yeni il başladı. Uğurlu olsun. Hər kəsə – millətimizə, dövlətimizə, lap elə bütün bəşəriyyətə.

Yola saldığımız il yaddaqalan oldu. Həm müsbət, həm də mənfi anlamda. Amma sözüm onda deyil.

2015-in oktyabrında Əvəz Zeynallının “Qaynar qazan”ına qonaq olmaq imkanım yarandı. Sağ olsun, imkan verdi, uzun zaman mənə ünvanlanan suallara, ittihamlara və hətta təhqirlərə cavab verə bildim. Ən azından, Facebook-da şəxsimə yönələn bütün fikirlərə münasibət bildirmə imkanım oldu.

Və bir müşahidəm də oldu ki, onu xeyli düşündükdən sonra paylaşmaq fikrim vardı. Bu gün o gündür. “Qaynar qazan” öncəsi düşündüklərimin, təəssüf ki, gerçək olmasıyla bağlı fikirlərimi indi paylaşıram.

Hələ Əvəz bəy məni “Qaynar qazan”a dəvət edəcəyini deyəndə düşünmüşdüm ki, insanlarımızın dialoq mədəniyyətini müşahidə etmək imkanım olacaq. Yəni məni sevən də, sevməyən də Əvəz bəyin vasitəsilə münasibət bildirmək, sual vermək, tənqid etmək imkanı əldə etmişdi. Həm də bütün fikirlərə münasibətimi eşitmək imkanları yaranmışdı onların. Amma nə baş verdi?

Azər Həsrət və Əvəz Zeynallı

Bir yandan normal, etik hədləri aşmadan sual verənlər, tənqid edənlər oldu. Sakit qarşıladım. Digər yandan da təhqir edən, küçə səviyyəsində (yəni öz səviyyəsində) fikirlər yazanlar da oldu Əvəz bəyin elanının altına. Bunları da təmkinlə oxudum, heç əsəbiləşmədim.

Gün gəldi çıxdı “Qaynar qazan”ın çəkilişinə. Əvəzdən xahiş etdim ki, istisnasız bütün sualları, fikirləri səsləndirsin. O isə bəzilərində etik hədlərin aşıldığını, mənim üçün xoş olmayacağını deyəndə, “heç nə olmaz, səsləndir o fikirləri də”, dedim və söhbətə başladıq.

Maraqlı söhbət alındı, doğrusu. Çox dinamik bir çəkiliş idi. Heç bir sualdan yayınmadım, ziyanıma olduğunu bildiyim suallara belə açıq, səmimi cavab verdim. Yəni “Qaynar qazan”ın yaratdığı imkandan istifadə edib necə varamsa, o cür də göründüm.

Təbii ki, bir çox mətləblərə aydınlıq gətirildi o çəkilişdə.

Əlbəttə, saat yarımlıq bir çəkilişlə illərdir şəxsimlə bağlı ortaya çıxan suallara tam cavab verdiyimi iddia etmirəm. Amma yenə də olsun ki, ünvanlanan heç bir sualı cavabsız qoymadım.

Demək istədiyim odur ki, “Qaynar qazan”da öz kimliyimi tam çılpaq şəkildə, bəzək-düzəksiz ortaya qoydum. Yüzdə yüz səmimi oldum yəni.

Amma…

Amma toplumumuz bu cür səmimiyyətə hazırdırmı? Bax, sual budur. Günün məsələsi də budur.

Müşahidələrim göstərdi ki, Azərbaycan cəmiyyəti hələ də normal demokratiya qaydalarına hazır deyil. Bəli, bu, mənim uzun müddətli ictimai-siyasi fəaliyyətimin və müşahidələrimin qənaətidir ki, “Qaynar qazan” təkrar təsdiqləmiş oldu. Həmişə demişəm, bu gün də deyirəm ki, bizdə ümumi olaraq toplum demokratiyaya hələ tam hazır deyil. Mütləq bu ölkədə dəmir əl, bəzilərinin başının üzərində yumruq olmalıdır ki, heç kim cızığından çıxmasın!

Mənim kimi ən sərt tənqidlərə də təmkinlə yanaşan birisinə belə normal sual verə bilməyən, sözünün əvvəli də, axırı da təhqir olan insanlardan ibarət toplum demokratiyaya iddia edə bilməz!

Belə özünübilməzlərdən də ibarət bir toplum yalnız yumruqla, dəmir qaydalarla, yasaqlarla idarə edilməlidir. Ta o günə kimi ki, normal insanlar ətraflarında olan bu yaramazları tərbiyə etsin, adam kimi adamlığı öyrətsin!

Bu gün Azərbaycanda hakimiyyətdən yüzdə yüz demokratiya, hədsiz azadlıq tələb etmək olmaz. Çünki o sınırsız azadlıq həmin o söyüşçülərin əl-qolunu daha geniş açmasına, toplumun aşınmasına səbəb ola bilər. Tam demokratiya istəyiriksə, öncə həmin o küçə səviyyəli adamları tərbiyə etməliyik. Ətrafımda belələri olmasa da, şəxsən mən elələrinə rast gələndə onları haqq yoluna çəkməyə çalışıram və yetərincə uğurlarım da var.

İndi kimsə deyə bilər ki, üç-beş adam səni söyür deyə, bütövlükdə toplumu günahlandırmaq doğru deyil. Elədir. Əgər doğrudan da bu adamların sayı üç-beş nəfər olsaydı. İş ondadır ki, həmin adamların sayı hələ təkcə mənim müşahidələrimə görə, yüzlərlədir.

Söyülən, təhqir edilən təkcə mən deyiləm ki. Yüngülvari uğur qazanan hər kəs söyülür bu ölkədə. Peşman edilir. Jurnalistikada, siyasətdə, ədəbiyyatda və b. sahələrdə bir balaca önə çıxan hər kəs qaragüruh dəstələri tərəfindən ictimai rəydə linç edilir. Sayca qat-qat artıq olan o pislik sürüsü heç bir hədd tanımadan, durmadan bizi təhqir edir, gözdən salmağa çalışır. Bu sürü əlindən gələni edir ki, Azərbaycan toplumunda keyfiyyət dəyişikliyi daha yüksək mərhələyə adlamasın, əksinə, geri getsin, aşağı ensin. Həm də bu zümrənin ünsürləri iddia edir ki, Azərbaycanda normal demokratiya yoxmuş.

İndi gəl də bunlardan soruşma ki, lap tutaq ki, yoxdur o demokratiya. Olsaydı, siz guya daha tərbiyəli, daha əxlaqlı davranacaqdınız? Axı təkcə “Qaynar qazan”a qonaq olmaqla sizin kimilərin heç zaman düzəlməyəcəyinə şəxsən mən bir daha əmin oldum? Mən ki, sizin bütün sərt suallarınıza tam səmimi, açıq cavab verməyə hazır birisiydim, niyə bu halda belə ağzınızdan hələ də əxlaq dışı ifadələr çıxarmağı rəva bildiniz? Deməli, sizin kimilər daim yumruq altında, dəyənək altında yaşamağa layiqdir. Bunun belə olmadığını sübut etmək üçünsə yalnız bir yolunuz var: tənqidinizdə, mübahisə və müzakirələrinizdə əxlaq sınırlarını aşmamaq.

Demokratiya tərbiyəli və savadlı toplumların haqqıdır yalnız…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button