Azərbaycan ərəblərdən betər gündədir!

Metyu Brayza

“Xural”in köşə yazarı ABŞ səfirinə müraciət etdi

 Qəzetimizin köşə yazarı Bakir Həsənbəyli oktyabrın 3-də Prezident Administrasiyasnın qarşısında başladığı və oktyabrın 6-da Fəxri Xiyabanda davam etdirdiyi aksiya ilə bağlı artıq beynəlxalq təşkilatların və diplomatik korpusların nümayəndələri ilə görüşüb müzakirə etməyə qərar verib. Dəyərli Oxucularımızın bir daha diqqətinə çatdırmaq istəyirik ki, B.Həsənbəyli kimsənin vasitəçiliyi olmadan prezident İlham Əliyevlə görüşüb ölkədə vətəndaş hüququnun tapdalanması, müstəqil mediaya basqılar, sifarişli həbslər, özəl mülkiyyət hüququnun pozulması, inhisarçılıq, polis özbaşınalığı, ümumiyyətlə, ictimai-siyasi vəziyyətlə bağlı dəqiq məlumat vermək istəyir.

Bu gün B.Həsənbəyli Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Metyu Brayzaya rəsmi müraciət etdi. Müraciətdə deyilir:

Cənab səfir!

Mən uzun illər siyasi və jurnalist fəaliyyəti olan şəxs kimi daim milətimə xidməti özümün şərəf işim hesab etmişəm. 2005-ci ildə Xətai rayonunda 36 saylı DSK-dan Milli Məclisə rəsmi namizəd olmuşam. Həmin ərəfədə “Space” tele-kanalında Azərbaycan Prezidenti cənab İlham Əliyevi yürütdüyü daxili və xarici siyasətə görə kəskin tənqid etdim, hətta onu efirdən “tayfa hökmdarı” adlandırdım. 1993-cü ildə atası mərhum Heydər Əliyev Milli Məslisin sədri olarkən də Türkiyə Cümhuriyyətinin o zamankı Xarici İşlər naziri cənab Hikmət Çətinlə birgə keçirdiyi mətbuat konfransında onu “diktator” adlandırmışdım. Bununla onu demək istəyirəm ki, jurnalistlik fəaliyyətimdə daim demokratik prinsipləri üstün tutmuş və mübarizəmi də məhz bu prinsip üzərində qurmuşam. Lakin bir neçə il öncə səhhətimlə əlaqədar jurnalistikadan uzaqlaşmışdım. Şükürlər olsun ki, artıq yenidən sevimli peşəmlə məşğul oluram. Hal-hazırda “Xural” qəzetinin köşə yazarıyam.

…3 oktyabr 2011-ci il tarixdə kimsənin vasitəçiliyi olmadan prezident İlham Əliyevlə görüşüb ölkədəki vəziyyətlə bağlı dəqiq məlumat vermək istəyirdim. Cəmiyyətin bir hissəsində dövlət başçısına ölkədəki real durumla bağlı mütəmadı məlumat verməyə görəvləndirilmiş şəxslərin onu aldatdıqları kimi bir fikir formalaşıb. Hesab edirəm ki, ölkədə dövlət başçısına dəqiq məlumat verə biləcək şəxslər içərisində mən də varam. Elə bu məqsədlə də “Xural” qəzeti vasitəsilə ölkə başçısına onunla görüşmək istədiyimi bildirdim. Yuxarıda qeyd etdiyim kimi 3 oktyabr 2011-ci il tarixdə saat 12.00-da Prezident Administrasiyasının qarşısına getdim və polis zorakılığı ilə üzləşdim. Mən etiraz aksiyamı oktyabrın 6-da Fəxri Xiyabanda mərhum Heydər Əliyevin məzarı başında davam etdirdim. Heydər Əliyevin məzarı başından da İlham Əliyevə müraciət etdim…

…Hər gün mətbuatı izləyərkən gənc və orta yaşlı insanların intihar etmələrini gözəl anlayıram. Axı indi hansı zamandı ki, insan işsizlikdən, çeşidli problemlərdən intihar haqda düşünsün? Dövlət rəhbəri Azərbaycanın analoqsuz inkişafından danışır. Lakin bu ölkənin əhalisi çoxsaylı problemlərin labirintindədir…

…Köşə yazarı olduğum “Xural” qəzeti bu günlərdə 9 yaşını qeyd etdi. Ötən 9 ildə 29 dəfə məhkəməyə verilən qəzet yüksək məbləğdə cərimələrə məruz qalıb. “Xural”ı cərimələdənlər PA rəhbəri Ramiz Mehdiyev, onun nəzarətində olan millət vəkilləri, dövlət və özəl qurumlar və yüksək çinli məmurlardır. Ramiz Mehdiyev “Xural”ın bütün mülkiyyətinə müstəqil olmayan məhkəmələr vasitəsilə əl qoyub. Qəzetin 30-cu  məhkəməsi məhz onun ad günündə 6 oktyabr 2011-ci il tarixdə Nərimanov rayon məhkəməsində keçirildi. Göründüyü kimi, müstəqil media ciddi təhlükə altındadır.

…İş qrafikinizin kifayət qədər gərgin olduğunu bilirik. Lakin Azərbaycanda baş verən hadisələri dünya bilməlidir. Buradakı vəziyyət inqilablar olan ərəb ölkələrindən heç də fərqli deyil. İnanıram ki, məhz demokratik prinsipləri özünün daxili və xarici siyasətində əsas prioritet olaraq götürmüş dost ölkənin səfiri kimi məni qəbul edib real durumu dinləyəcəksiniz.”

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 057 (466), 11 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button