Azərbaycan əsgərinin itkin düşdüyü bildirilir

Azərbaycan ordusunun hərbi qulluqçusu, əsgər Ceyhun Hüseynovun iyunun 9-da itkin düşdüyü bildirilir.

Müdafiə Nazirliyinin (MN) məlumatına görə, o, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitdə itkin düşüb.

Hələlik, bu məlumata əsgərin yaxınlarının münasibəti bəlli deyil.

Bundan təqribən dörd ay əvvəl – fevralın 28-də Müdafiə Nazirliyi bir əsgərinin Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən “əlverişsiz hava şəraitində” istiqaməti itirərək azdığını bildirmiş və onun tapılması üçün axtarış aparıldığını açıqlamışdı. Sonradan həmin əsgər – Ruslan Pənahovun istiqamətini itirərək Ermənistana keçdiyi bildirildi. O, Azərbaycana təhvil verildi.

Keçən ilin aprelində isə Azərbaycanın başqa iki əsgərinin Naxçıvanda itkin düşdüyü, onların da Ermənistanda saxlandığı bəlli oldu. Onlar isə bir müddət bir sıra cinayətlərdə ittiham edilsələr də, həmin ilin dekabrında ölkələrinə təhvil verildilər.

1988-ci ildə gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında silahlı toqquşmalara səbəb olmuşdu. Son illər həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə iki ölkə arasında ayrı-ayrılıqda danışıqlar getsə də, hələlik, sülh sazişi imzalanmayıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button