Azərbaycan atəşkəsin pozulduğunu deyir, Ermənistan təkzib edir

Yayımlandı: 9 Aprel 2024 22:35

Hər iki ölkənin müdafiə nazirlikləri məlumat yayıb

Azərbaycanın Müdafiə Nazirliyi (MN) son 2 gündə Ermənistan və Azərbaycan arasında 3 dəfə atəşkəs pozuntusu qeydə alındığını bildirib.

Nazirliyin yaydığı məlumatda qeyd olunub ki, Ermənistan ordusu Laçın, Kəlbəcər və Naxçıvan istiqamətində atəşkəsi pozub:

“Aprelin 8-də, saat 23:35-dən 23:45-dək Ermənistan silahlı qüvvələri Gorus rayonunun Xoznavar, Xanazax, Ərəvus yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Laçın rayonunun Sadınlar, Hüsülü, Malıbəyli və Cağazur yaşayış məntəqələri müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Aprelin 9-u saat 10:40 radələrində Ermənistan silahlı qüvvələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutub. Saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsidən Azərbaycan Ordusunun Şərur rayonunun Cəhazir yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub”.

Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri gördüyünü əlavə edib.

Ermənistan Müdafiə Nazirliyi Azərbaycanı növbəti dəfə dezinformasiya yaymaqda suçlayıb.
Qurum bildirib ki, Azərbaycan Müdafiə Nazirliyinin aprelin 9-da saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələrinin sərhəd zonasının cənub-qərb hissəsində yerləşən Azərbaycan mövqelərini atəşə tutması ilə bağlı yaydığı məlumat həqiqətəuyğun deyil.

Münaqişənin tarixçəsi

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.
Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də isə separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.
O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

2023-cü il oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button