Azərbaycan Avropa İttifaqına nota verdi
Yayımlandı: 25 Oktyabr 2024 17:59
Peter Mixalko XİN-ə çağırıldı
Oktyabrın 25-də Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Peter Mixalkoya Avropa Parlamentinin oktyabrın 24-də qəbul etdiyi qətnamə ilə bağlı nota təqdim olunub.
Bu barədə XİN-in yaydığı məlumatda qeyd olunur ki, Avropa Parlamentində baş tutmuş müzakirələr çərçivəsində Avropa Komissarı tərəfindən səsləndirilən əsassız və qərəzli fikirlər qəti şəkildə pislənib.
Nazirlik hesab edir ki, Aİ-nin müxtəlif institutları vasitəsilə Azərbaycana qarşı qarayaxma kampaniyasının davam etdirilməsi Ermənistanda revanşizmi təşviq edir, bununla regionda sülh səylərinə xələl gətirir:
“Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərini beynəlxalq hüququn norma və prinsipləri, qarşılıqlı hörmət, bərabərhüquqluluq və ümumi fayda prinsipləri əsasında qurduğu bildirilib, qarşı tərəf də bu fundamental prinsiplərə ciddi şəkildə əməl etməyə çağırılıb”.
Səfir Peter Mixalkodan Avropa İttifaqı tərəfindən Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü pozan, daxili işlərinə müdaxilə edən, regionda sülh və sabitliyə xələl gətirən qərəzli addımlardan çəkinilməsi tələb olunub.
Dünən Avropa Parlamenti Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı qətnaməni qəbul edib.
Parlamentin 453 deputatı qətnaməni dəstəkləyib, 31-i əleyhinə səs verib. 89 nəfər səs vermədə iştirak etməyib.
Qətnamədə 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkiləri ilə bağlı Seçki Müşahidə Missiyasının ilkin nəticələri və nəticələri haqqında Bəyanatı, həmçinin Beynəlxalq Seçki Müşahidə Missiyasının növbədənkənar parlament seçkiləri ilə bağlı bəyanatlarından bəhs olunub.
Qeyd edilib ki, irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi üçün müvəqqəti tədbirlərin göstərilməsi tələbi ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral 2023-cü il, 6 iyul 2023-cü il və 17 noyabr 2023-cü il tarixli qərarları (Ermənistan – Azərbaycanla bağlı) nəzərə alınıb.
Sənəddə silahlı münaqişələr zamanı mədəni sərvətlərin mühafizəsi haqqında 1954-cü il Haaqa Konvensiyasına əməl edilmədiyi də vurğulanıb.
Parlamentarilər 2024-cü il noyabrın 11-dən 22-dək keçirilməsi planlaşdırılan BMT-nin İqlim Dəyişikliyi üzrə 29-cu Konfransı (COP29) üçün məkan kimi Azərbaycanın paytaxtı Bakının seçilməsi məsələsinə də toxunublar.
Bildiriblər ki, bu tədbir Azərbaycanda insan haqlarının vəziyyətinin pisləşməsi ilə əlaqədar mübahisələrə səbəb olub.