Azərbaycan Avropaya getmirsə, bəs hara gedir – Rusiyaya?

Siyasi şərhçi: “Avropanın ən islamafob dövlət başçısı Əliyevin müdafiə etdiyi Viktor Orbandır”

Azərbaycanın Prezidenti İlham Əliyev iyunun 6-da Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TÜRKPA) nümayəndə heyəti ilə görüşdə xarici siyasətin prioritetlərinə toxunaraq deyib ki, rəsmi Bakının Avropaya getmək fikri yoxdur:

Biz Avropa deyilik, necə deyərlər, Avropa ailəsinə girmək də istəmirik, istəsəydik də, heç kim bizi oraya buraxmazdı. Ona görə biz burada yaşayırıq, heç kimin, necə deyərlər, sözü ilə oturub-durmuruq, heç kimə imkan vermirik ki, gəlsin buraya bizim işimizə müdaxilə etsin. Mənə dəymə, mən də sənə dəymərəm. Sən mənə dəyəcəksənsə, onda gözlə, sənin də başın ağrıyacaq”.

Foto: Azərtac

Sual yaranır: bəs Azərbaycan Avropaya getmirsə, hara gedir – Rusiyaya?

Siyasi şərhçi Rauf Mirqədirov suala əvvəlcə dövlət başçısının cavab verməli olduğunu vurğulayıb.

Rauf Mirqədirov deyir ki, 10 il əvvəl Azərbaycan hakimiyyəti insan hüquqlarının pozulmasını inkar edirdi, amma bununla yanaşı Avropa Şurasına üzv olması seçiminə də könüllü getdiyini gizlətmirdi:

“Yəni hakimiyyət təbliğatçıları Avropanın insan haqları dəyərlərinin ölkə üçün önəm kəsb etdiklərini bildirirdilər. Artıq belə bəyanatlar səslənmir. Bir müddət əvvəl isə Prezident Qərbi islamafobiyada ittiham edərək dedi ki, müsəlman ölkəsi olduğundan Azərbaycanı Avropa İttifaqına qəbul da etməyəcəklər, hətta bütün şərtlərini yerinə yetirsə də. Əliyev buna görə Türkiyəni misal gətirdi. Mən Qərbdə islamafobiyanın olub-olmamasını mübahisəyə çevirmək istəmirəm. Bəli, ifrat sağçı partiyalar var. Çox maraqlıdır ki, Prezident İlham Əliyev Macarıstanın Avropa Birliyi tərəfindən təzyiqlərə məruz qalmasından narazılığını ifadə edir. Amma Avropanın ən islamafob dövlət başçısı Viktor Orbandır. Brüssell və Budapeşt arasında çoxlu mübahisələrdən biri də məhz ikincinin müsəlman miqrantlara münasibətidir. Orban sağçı kimi xristian dəyərlərinin müdafiəçisi kimi müsəlmanların Qərb ölkələrinə buraxmamağa çağırış edir. Nədənsə İlham Əliyev bu faktları görmür. Unutmayaq ki, Şolts və Makron Orbanın bu çıxışlarının əleyhinədir. Nəhayət, Macarıstan Avropa İttifaqından yardımlar alır, amma dəyərləri qəbul etmək istəmir. Əgər belədirsə, maliyyədən də bəhrələnməsin, ittifaqdan çıxsın. Çox əcaib mənzərə yaranır, xeyrini görür, lakin qaydalarına riayət etmək istəmir, ümumi siyasətə tabe olmur”.

Foto: Rauf Mirqədirovun şəxsi arxivindən

Rauf Mirqədirovun fikrincə, Əliyevin Türkiyəni misal çəkməsi də doğru deyil, çünki Ankara heç vaxt Avropanın demokratik standartlarına uyğun siyasət aparmayıb:

Dəfələrlə dövlət çevrilişinə cəhd olub, hazırda regionda ən çox jurnalistlərin həbs olunduğu ölkələr sırasında Türkiyə ilk yerlərdədir. Azərbaycan isə Avropa İttifaqına üzvlüyə cəhd də etməyib. Məsələ ondadır ki, Azərbaycan hakimiyyəti həmin dəyərlərlə yaşamaq istəmir. Əgər istəsəydi, heç olmasa bələdiyyə seçkilərini normal keçirərdi, azlıqların hüquqlarını tanıyardı. Amma ada dövlətlərinin müdafiəsi üçün fond yaradırlar. Bilirsiniz, dünya dəyişirsə, öz yerini müəyyənləşdirməlisən. Əgər ikinci əldən alınan məhsullarla qane olmaq istəyiriksə, o zaman seçim məlumdur”.

“Rusiya bu gün də dünyanın ən böyük müstəmləkə imperiyasıdır”

Milli Şuranın sədri, professor Cəmil Həsənli İlham Əliyevin çıxışını “qəribə” adlandıraraq deyib ki, YAP hakimiyyətinin müttəfiqi olduğu ölkə 200 il Azərbaycanı müstəmləkədə saxlayıb:

XIX əsrin əvvəllərində Rusiya silah gücünə qan tökməklə Azərbaycanı işğal edib, burada işğal rejimi qurub, yerli əhalini assimilyasiya etmək üçün min bir oyundan çıxıb. Rusiya faktiki olaraq 30 il Qarabağı işğal altında saxlayıb, amma İlham Əliyev Avropanın keçmişində və bu günündə müstəmləçilikdən söz açır. Eyni zamanda, Rusiya bu gün də dünyanın ən böyük müstəmləkə imperiyası, “xalqlar həbsxanası”dır. Həm də Rusiya müstəmləkəsində olan xalqların böyük bir hissəsi azərbaycanlılarla eyni irqdən, eyni dindən olan xalqlardır. Və belə bir sual yaranır: İlham Əliyev nədən bizimlə sərhəd olan ölkədə kök etibarı ilə qan qardaşlarımızı, eyni iman sahibi olan din qardaşlarımızı görmür, ancaq Avropanın keçmişində qan izləri, müstəmləkəçilik, xalqlara zülm etmək axtarır? Bəlkə, Rusiya Tatarıstanı, Başqırdstanı, Kalmıkyanı, Şimali Qafqazı, Dağıstanı, Orta Asiyanın türk-müsəlman xalqlarını gül-çiçəklə işğal edib, bizim xəbərimiz yoxdur. Son 300 ilin xalqları əzmək siyasətinin nəticəsi olaraq Sibir xalqları arasında hətta insanların ad və soyadları belə ruslaşdırılıb”.

Cəmil Həsənli
Foto: Meydan TV

Hakim ailə, hakim elita gizli yolla ölkədən çıxardığı bütün pulları, sərvəti Avropa ölkələrinə daşıyanda onların keçmişinin qanla dolu olduğundan, onların keçmişinin xalqlara əzab vermək olduğundan bixəbər olublar? Bütün bunları indi başa düşüblər? Avropada hansı korrupsiya əməlini axtarırlar içindən Əliyevlər, hakim elita çıxır. Avropanın keçmişi qanla doludursa və bu gün müstəmləkəçiliklə məşğuldursa, nədən Azərbaycandan çıxarılan korrupsiya pulları ilə Qərb ölkələrinin paytaxtlarını, məsələn, Londonu məhəllə-məhəllə almısınız? Gedin müstəmləkəçiliyin qurbanı olan Seneqalda, Kinşasada, Nigeriyada, Cibutidə alın da bu oğurluq mülkləri”, – deyə Həsənli əlavə edib.

“Azərbaycan nə şimala, nə qərbə, nə şərqə inteqrasiya etmək fikrindədir…”

Politoloq Fərhad Məmmədov ölkə başçısının çıxışının yeni olmadığını söyləyərək əlavə edib ki, son zamanlar oxşar münasibətlər sərgilənib:

“Prezident deyib ki, Azərbaycan qütbləşmələrdə iştirak etməyəcək, hamı ilə əməkdaşlıqda maraqlıdır, amma türk dünyasından başqa heç bir quruma inteqrasiya etməyəcək. Əməkdaşlıqla inteqrasiya arasında çox böyük fərq var, əməkdaşlıq bərabər hüquqludur, qarşılıqlı mənfəətlidir və hər hansısa bir məhdudedici öhdəlik nəzərdə tutmur. İnteqrasiya isə bu və ya digər formada dövlət üstü təşkilatlara suverenlikdən bir parça vermək deməkdir. Yəni artıq formalaşmış qaydalara riayət etməkdir ki, bu da öz növbəsində müəyyən məhdudiyyətlərə gətirir. Belə olduğu halda sualınızın qoyuluşu düzgün deyil”.

Fərhad Məmmədov. Foto: Meydan TV

Fərhad Məmmədov hesab edir ki, hazırda dünyanı ağ-qara görmək kiçik dövlətlər üçün təhlükəlidir:

Çünki böyük güclər arasında müharibələr kiçik ölkələrin ərazisində olur. Yəni Azərbaycan hamıyla əməkdalıq edir, türk dünyasından başqa da heç yerə inteqrasiya etmək niyyətində də deyil. Hazırda türk dünyasında yeni mərhələ başlayıb, həm də təşkilatın birlik səviyyəsinə çatmaq üçün uzun zaman lazımdır və bu, təkamül yoluyla inkişaf edir. Beləliklə, Azərbaycan nə şimala, nə qərbə, nə şərqə inteqrasiya etmək fikrindədir, ölkəmiz ancaq qarşılıqlı münasibətlərin inkişafında maraqlıdır”.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button