Azərbaycan bir olsun!!!

Gənclər  Güney Azərbaycanda 22 May hadisələrinin ildönümü”nü qeyd etdilər…

Dünya Azərbaycanlılarının vətəndə təhsil alması üçün güzəştlərin tətbiqi ilə bağlı işçi qrup yaradıldı

Dünya Azərbaycanlıları Konqresi (DAK) Gənclər Təşkilatı “Atatürk Mərkəzi”də “Güney Azərbaycanda 22 May hadisələrinin ildönümü” adlı tədbir keçirdi. 2006-cı il İran adlı ölkədə Azərbaycan türklərinin rəsmi qəzetdə təhqir olunmasına etiraz əlaməti olaraq başlayan milli hərəkat Güney Azərbaycan milli hərəkatında dərin izlər buraxmışdır. Həmin milli hərakatın ildönümünü qeyd etmək məqsədilə ictimai-siyasi xadimlərin, gənclərin iştirakı ilə keçirilmiş tədbirdə İran adlı ölkədə hazırkı durum da müzakirə müstəvisinə qaldırılmışdır.

Tədbiri açıq elan edən DAK Gənclər Təşkilatının sədri Seymur Həsənli 2006-cı il 22 may tarixində Güney Azərtbaycanda baş qaldırmış hərəkatın təsadüfi olmadığını, bunun illərdən bəri hazırlandığını diqqətə çatdırdı. “Azərbaycan bölünəndən onun birləşdirilməsi uğrunda mücadilə gedib. Mücadilə bu gün də davam edir. Amma qürurverici hal bütün Azərbaycan türklərinin dayaq nöqtəsi olan müstəqil Azərbaycan Respublikasının varlığıdır. Azərbaycan Respublikasının vətəndaşları olaraq güneyli soydaşlarımızın daim yanındayıq. Bu kimi tədbirlər onlara dəstək üçün təşkil olunur.”

Söz «İnkişafa Baxış» Araşdırmalar Mərkəzinin sədri, politoloq Niyaz Qaraöynəliyə verildi. O, daha çox regionda və ümumilikdə regiona dünya baxışında yanlışlıqların olduğunu bildirdi. “Türk varlığına qarşı baxışda həm Tehran, həm də də Qərb ölkələri eyni mövqedən çıxış edir. Azərbaycan türkləri tarixən bu haqsızlığın ağrı-acısnı yaşayıb. Öz etirazını bildirib. 22 may 2006-cı ildə İran adlı ölkədə baş qaldıran hərəkat Güney Azərbaycan milli azadlıq hərakatının tərkib hissəsi idi. Bəlkə də fars rejimi hadisələrin belə məcrada istiqamətlənəcəyini hesablamamışdı. Amma “Xordat hadisələri” onu göstərdi ki, güneyli soydaşlar öz hüquqlarını çox gözəl bilirlər.”

Ümid Partiyasının İdeoloji və Gənclər məsələləri üzrə sədr müavini, politoloq Taleh Əliyev İran coğrafiyası məsələsinə toxundu. “Bu gün İran adlı ölkə Səfəvi imperiyasının varisi hesab olunur. Bunu İran prezidentinin çıxışlarından aydın edə bilərik. Əhmədinejad çalışır ki, müsəlman ölkələrinin birliyi yaransın və bu birlik fars mədəniyyətini dünyaya təbliğ etsin. Amma bu kimi cəhdlər Güney Azərbaycan türklərinin əzmkarlığını heç də qıra bilməyəcək.”

Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin eksperti, araşdırmaçı Ənvər Börüsoy molla hakimiyyətinin reallıqlarından danışdı və məsələyə Türk dünyası konteksindən toxundu. “Regionda türk varlığına qarşı bir savaş açılıb. Bu savaşda İran və ABŞ eyni mövqe sərgiləyirlər. Dünyada iki fərqli qütbdə dayanmış Çin və ABŞ da türk toplumuna qarşı planda yaxın dostdurlar. Bunun qarşılığında ilkin model kimi Azərtbaycan-Türkiyə-Türkmənistan dövlətlərinin mədəni-iqtisadi əməkdaşlığı Güney Azərbaycan hadislərinə öz müsbət təsirini göstərə bilər.”

Turan İnformasiya Agentliyinin əməkdaşı Tofiq Türkel isə vurğuladı ki, Güney Azərbaycandan Quzeyə gələn gənclərin güclü təhsil almasına, onlara tarixi həqiqətlərin çatdırılmasına çalışmaq lazımdır.

“Borçalı” Cəmiyyəti Gənclər Təşkilatının sədri Alı Adıgözəl də daha çox təhsil sahəsinə toxundu. “Güney Azərbaycan türkləri hər zaman bizim dəstəyimizi hiss etməlidirlər. Biz Gürcüstandakı soydaşlarımızın təhsili ilə bağlı həm Azərbaycan, həm də Gürcüstan dövlət orqanlarına layihə hazırlayıb təqdim etmişik. Gürcüstan iqtidarı artıq təhsil siyasətində müəyyən addımlar atıb. Eyni tipli layihəni Güney Azərbaycandan gələn soydaşlarımıza da təqdim etmək olar”.

“Sayokan” döyüş növləri mərkəzinin prezidenti Vasif Namazlı da qaldırılan məsələyə dəstək verdi. Beləliklə, müzakirə açıldı. Qeyd olundu ki, hətta düşmən ermənilərin belə öz dövlətlərində gəlib təhsil almasına geniş imkanlar yaradılıb. O da vurğulandı ki, 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayında qəbul olunan qərarlarda təhsil probleminə toxunulmuşdu. Dünyada yaşayan soydaşlarımızın vətəndə təhsil alması üçün 5 faizlik yer ayrılmağı qərarına gəlinmişdi. Amma sonradan icra olunmadı. Beləliklə, qarşıda Dünya Azərbaycanlılarının III Qurultayının keçiriləcəyini nəzərə alan tədbir iştirakçıları problemin həlli ilə bağlı işçi qrupunun yaradılmasını təklif etdi və təklif hər kəs tərəfindən dəyərləndirildi.

İşçi qrupunun tərkibi:
– “İnkişafa Baxış” Araşdırmalar Mərkəzinin sədri, politoloq Niyaz Qaraöynəli;
– Ümid Partiyasının sədr müavini, politoloq Taleh Əliyev;
– Milli Strateji Təhqiqatlar Mərkəzinin eksperti, araşdırmaçı Ənvər Börüsoy;
– Diaspor və Lobbi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Zaur Əliyev;
– Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatının sədri Seymur Həsənli;
– “Borçalı” Cəmiyyəti Gənclər Təşkilatının sədri Alı Adıgözəl;
– “Sayokan” döyüş növləri mərkəzinin prezidenti Vasif Namazlı.

Qeyd olunan siyahı işçi qrupunun ilkin quruluşudur. Bir neçə ictimai xadimlər və təşkilat rəhbərləri də dəvət olunacaq. İyun ayından etibarən qrup öz fəaliyyətinə başlayacaq.

Sübhan Həmidli

“Xural” qəzeti,

İl: 9, sayı: 020 (428), 22 may-04 iyun 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button