Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində kütləvi ixtisarlar
Yayımlandı: 26 Oktyabr 2024 23:35
Ümumilikdə minə yaxın şəxsin işdən çıxarıldığı bildirilir
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin bölgələrdəki idarə və şöbələrində, o cümlədən agentliyə tabe qurumlarda kütləvi ixtisarların aparıldığı bildirilir.
İşdən çıxarılan bir neçə əməkdaş Meydan TV-yə deyib ki, hələ iki-üç ay əvvəldən ixtisarlarla bağlı xəbərdarlıq edilib, işçilərə seçim haqqı verilməyib. Bəziləri isə ümumiyyətlə, xəbərdarlıq bildirişindən məlumatsız olduğunu iddia edirlər.
Agentliyin Ağdam, İmişli, Kürdəmir, Biləsuvar, Saatlı, Şəmkir, Ağdaş da daxil olmaqla əksər bölgəsində minə yaxın işçinin işdən çıxarıldığı bildirilir.
İşçilər deyiblər ki, neçə gündür keçmiş “Azərsu” ASC, eləcə də Melorasiya və Su Təsərrüfatı ASC-yə ayaq döyürlər, yüzlərlə teleqram vurulub. Lakin onların müraciətinə baxılmır. Əksinə hamıya müavinət ödənilməklə birdəfəlik qapıları üzlərinə bağlayıblar.
Kürdəmir sakini Ruhiyyə Əliyeva Meydan TV-yə deyib ki, 56 yaşı var, uzun illərdir suvarma sahəsində çalışır. Həyat yoldaşından ayrılıb, ailəni tək dolandırır. Təqaüd yaşına çıxmasına müddət var. Bu yaşında heç bir yerdə iş tapmaq şansı yoxdur:
“Mənim kimi yüzlərlə əməkdaş var, kimi ailədə yeganə işləyən olub, kimi kredit götürüb. Təqaüd yaşına 2-5 il qalanların iş tapması lap çətindir, rayonlarda, kəndlərdə xadimə, gözətçi işi də yoxdur ki, əlacsızlıqdan işləyək”.
Suvarma sistemində ümumilikdə, struktur dəyişikliyinə başlanılıb, bəzi vəzifələr ləğv edilib, bir neçə şöbələr birləşdirilib. İşçilər deyirlər ki, onlara DOST iş mərkəzlərinə müraciət etmələri məsləhət görülüb. Çünki bəziləri yenidən başqa vəzifəyə, yaxud aşağı işlərə təkrar qəbul edilə bilərlər. İşçilərdən biri deyib ki, ali təhsillidir, diplomla birgə mərkəzə yaxınlaşıb. Onu peşə kursuna yönləndiriblər. Kursu tamamlayıb, indi iş gözləyir.
Şəmkirdən olan işçi isə danşıb ki, suvarma sistemində elektrik işləyib, ona bildiriş təqdim etmədən işdən çıxarıldığını öyrənib: “1200 manat kreditim var, onu necə verəcəyimi düşünürəm. Evdə heç kim işləmir, heç olmasa qaziləri, tənha qadınları, pensiya yaşına çatmağa az qalanları nəzərə alaydılar”.
Ağdaşda isə 200 nəfərlə müqaviləyə xitam verildiyi deyilir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən isə bildiriblər ki, Prezidenti İlham Əliyevin “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 noyabr 2023-cü il tarixli fərmanına əsasən “Azərsu” ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Publik Hüqüqi Şəxsi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə Regional Su Meliorasiya Xidməti Publik Hüqüqi Şəxsi yaradılıb.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 29 may 2024-cü il tarixli əmri ilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Publik Hüqüqi Şəxsi və Regional Su Meliorasiya Xidməti Publik Hüqüqi Şəxsinin strukturu və ştat cədvəli təsdiq edilib.
Aparılan islahatlar idarəetmə sistemini təkmilləşdirmək, qurumların və heyətin fəaliyyətini optimallaşdırmaq, əmək resurslarından səmərəli istifadə etmək məqsədi daşıyır:
“İslahatlar çərçivəsində yeni struktur bölmələri formalaşdırılır, bəzi şöbələr birləşdirilir ki, bu da müasir tələblərə uyğun idarəetmə sisteminin qurulması ilə səmərəliliyin artırılmasına xidmət edir. Qanunvericiliyin tələblərinə əsasən bu müddətdə bütün işçilərə xəbərdarlıq məktubları təqdim olunur, ştat cədvəli, işçilərin ixtisasları və təcrübələri nəzərə alınmaqla onlar müsabiqə əsasında yenidən işə qəbul olunur. İşçilərin bir qisminin Agentliyin tabeliyindəki digər sturktur bölmələrində işlə təmin olunması nəzərdə tutulur”.