Azərbaycan-Ermənistan xarici işlər nazirləri yenidən Vaşinqtona gedir
“Turan” ABŞ-dakı diplomatik mənbəyə istinadla bildirir ki, sülh danışıqlarının növbəti raundunda Vaşinqton iki ölkə arasında fikir ayrılıqlarını aradan qaldırmaq üçün “yol xəritəsi” hazırlamağı planlaşdırır.
Xəbərdə əlavə detallarla bağlı məlumat verilmir, ancaq danışıqların bir-neçə gün davam edə biləcəyi qeyd olunur.
Bundan əvvəlki görüşlər
Ötən ilin dekabrından başlayaraq iki ölkə arasında sülh danışıqları Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə aparılırdı.
Azərbaycanla Ermənistan liderlərinin həmin formatda sonuncu görüşü də oktyabrın 6-da Aİ Şurasının prezidenti və Fransa dövlət başçısının iştirakı ilə Praqada keçirilib.
Daha sonra iki ölkənin xarici işlər nazirləri noyabrın 7-də Vaşinqtonda bir araya gəliblər.
Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqının vasitəçiliyi ilə dekabrın 7-ə planlaşdırılan növbəti görüş isə baş tutmayıb.
Erməni tərəfi bu görüşdə də Fransa prezidenti Emmanuel Makronun iştirak etməsində israrlı olub.
Azərbaycan prezidenti İlham Əliyev bu təklifi qəbul etməyib və bildirib ki, Fransa bu məsələdə neytral deyil və Yerevana tərəfkeşlik edir.
Xatırlatma
2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.
1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının növbəti raundu planlaşdırılır.
Bu barədə “Turan” İnformasiya Agentliyinin ABŞ-dakı müxbiri diplomatik mənbələrdən məlumat əldə edib.
Rəsmi Yerevan artıq belə bir görüşün keçiriləcəyini təsdiqləyib. Azadtutyn Ermənistan xarici işlər nazirliyinə istinadla bildirir ki, nazir Ararat Mirzoyan Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsinə dair planlaşdırılan danışıqların növbəti raundunda iştirak etmək üçün aprelin 30-dan Vaşinqtonda olacaq.
Hələki bu məlumata Azərbaycanın xarici işlər nazirliyinin mövqeyi bəlli deyil.