Azərbaycan hökuməti azadlıq.org və başqa saytları bloklamağa görə təzminat ödəyəcək

azadlıq.org, anaxeber.az, az24saat.org və xural.com xəbər portallarına Azərbaycan daxilindən girişin bloklanması Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsində (İfadə azadlığı) nəzərdə tutulmuş hüquq pozuntusu sayılıb.

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, iyunun 13-də açıqladığı qərarda bir neçə məzmuna görə bütün saytın blok edilməsini ifadə azadlığı hüququnun pozuntusu kimi tanıyıb.

Məhkəmənin qərarında bildirilir ki, Konvensiyanın 10-cu maddəsi hər kəsin məlumat və ideyaları almaq, habelə yaymaq azadlığına təminat verir. O, təkcə məlumatın məzmununa deyil, həm də onun yayılma vasitələrinə şamil edilir, çünki sonuncuya qoyulan hər hansı məhdudiyyət mütləq həmin azadlığa müdaxiləni ehtiva edir.

Qərara əsasən, hökumət dörd ərizəçinin hər birinə 5 min avro mənəvi zərər əvəzi ödəməlidir. Bununla yanaşı, ərizəçilərdən anaxeber.az, az24saat.org və xural.com saytlarının rəhbərlərinə hüquqi xərclər əvəzi 1000 avro verilməlidir.

Ərizəçilər AİHM-ə şikayətləniblər ki, bloklama hansısa qanunsuz məzmunun yayılmasının önlənməsi yox, hökuməti tənqid edən məzmunların qarşısının alınması məqsədi daşıyıb.

Hələlik, qərara Məhkəmə-Hüquq Şurası və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

2017-18-ci illərdə Azərbaycanda “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna və İnzibati Xətalar Məcəlləsinə informasiyaların yayılması ilə bağlı tənzimləmələri dəyişdirən dəyişikliklər edilmişdi. Həmin dəyişikliklərdən sonra ərizəçi olan dörd onlayn mediaya Azərbaycan daxilindən giriş tamamilə blok edilmişdi. Yerli məhkəmələr qərarlarını qanunvericiliyə edilmiş dəyişikliklərlə əsaslandırmışdılar. Rəsmi qurumların iddiasına görə, həmin saytlarda dərc edilən bəzi yazılar dövlətin təhlükəsizlik maraqları və qanunvericiliklə ziddiyyət təşkil edib.

Sonradan daha bir çox saytlara da Azərbaycandan giriş məhdudlaşdırıldı.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button