Azərbaycan insanların azadlıqdan məhrum edilmə sayına görə siyahıda 3-cüdür

Yayımlandı: 6 İyun 2024 18:37

Ölkədə məhbus sayı 13 faiz artıb

Azərbaycan məhkum sayına görə Avropa ölkələri arasında ilk üçlükdədir. Sıxlığa gəlincə, hər 100 nəfərlik yerə 96 nəfər məhbus düşür. Bu barədə Avropa Şurasının həbsxanalarla bağlı “2023 SPACE I” hesabatında bildirilir. Hesabatda qeyd edilir ki, Avropa həbsxana sistemində sıxlıq problemi var.

Avropa Şurasının məlumatında deyilir ki, 2022-ci il yanvarın 31-dən bir il müddətə Avropada 100 yerə düşən məhbusun sayı 2 faiz artıb – 91,7-dən 93,5-ə çatıb. Ümumi yeddi həbsxana administrasiyası isə 100 nəfərlik yerdə 105-dən çox məhbusun saxlanıldığını bildirib. Bu, ciddi sıxlıq sayılır.

Bir il ərzində ən çox məhbus artımı Moldovadadır – 52 faiz. Şimali Makedoniyada 26, Kiprdə 25, Türkiyə 15, Azərbaycanda 13, İrlandiyada 12, Monteneqro və Ermənistanda 11, Xorvatiyada isə məhbus sayında 10 faiz artım olub. Bəzi ölkələrdə isə faiz azalıb. Bu ölkələr Malta, Litva, Estoniya, Yunanıstandır.

İnsanların azadlıqdan məhrum edilmə sayının ən çox olduğu ölkələr isə Türkiyə, Gürcüstan və Azərbaycandır. Türkiyədə hər 100 min sakinə 400, Gürcüstanda 256, Azərbaycanda isə 244 məhbus düşür.

Ən çox mühakimə olunan cinayətlər narkotikdir. Ümumi məhkumların 19 faizi narkotikə görə həbs edilib. Qətl və sui-qəsdə görə həbs edilənlər 13, oğurluğa görə 12, seksual cinayətlərə görə 8,9, soyğunçuluğa görə 7,7, hücum və döyülmələrə görə 6,7 faiz şəxs həbs edilib. Qadın məhbusların ən az olduğu ölkə Albaniyadır 1,3 faiz. İkinci yerdə 1,9 faizlə Xorvatiya, Üçüncü yerdə 2,6 faizlə Ermənistan, növbəti yerdə isə Azərbaycandır – 2,9 faiz. Azərbaycan həbsxanalarında cəza çəkən əcnəbilərin də sayı azdır – ümumi məhbusların 1,9 faizini təşkil edir.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button