Azərbaycan İrana 500 milyon dollar kredit ayıracaq
“Hazırda İranın Rəşt şəhərindən Astara şəhərinə dəmir yolu xətti çəkilir. Burada isə Azərbaycan və İranın dəmir yolu xətləri birləşir. Tikinti işləri başa çatdıqdan Azərbaycan və İran Şimal-Cənub Nəqliyyat Dəhlizində ən mühüm tranzit ölkələrdən olacaq”.
İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib ki, “Fars körfəzindən Astaraya qədər dəmir yolu xətti yoxdur, amma nəzərdə tutmuşuq ki, ora qədər gələcəyik. Nəticədə körfəzdən dəmir yolu ilə İran və Azərbaycan vasitəsilə Rusiyaya və digər ölkələrə yük daşınacaq. Bunun hesabına Azərbaycanla İran arasında dəmir yolu ilə daşınan yüklərin illik həcmini 2 milyon tona çatdırmaqla bağlı qarşımıza məqsəd qoymuşuq”.
İran səfiri Rəşt-Astara dəmir yolunun inşası üçün Azərbaycanın ölkəsinə 500 milyon ABŞ dolları kredit ayırmaq barədə qərarından da danışıb və bu məsələyə aid müzakirələr getdiyini bildirib: “Kredit məsələsi Prezident İlham Əliyevlə son görüşümüzdə müzakirə edilib. Hazırda bu istiqamətdə bir sıra texniki problemlər var və onların aradan qaldırılmasında çalışırıq”.
Xatırladaq ki, bir müddət əvvəl Abbas Musəvi bildirmişdi ki, Azərbaycan və İran həm də iki ölkənin sərhədində yerləşən Astaraçayın üzərində yeni körpünün tikintisini planlaşdırır:
“İranın yol və şəhərsalma naziri Məhəmməd İslaminin Azərbaycana səfəri çərçivəsində protokol imzalanıb. Tərəflər arasındakı razılığa əsasən körpü bir il ərzində tikilməlidir. Bu körpü Şimal-Cənub nəqliyyat dəhlizində İranla Azərbaycanın yol inrafstruktununu birləşdirən ən mühüm nöqtədir. Hazırda Astaraçay üzərində dəmir körpü var. Həmin körpü ikinci dünya müharibəsi dövründə tikilib. Bu körpü iki ölkə arasında yük mübadiləsi və tranziti üçün yetərli deyil. İranla Azərbaycan arasında ticarət dövriyyəsi getdikcə artır. Şimal-Cənub nəqliyyat dəhlizində Azərbaycanla İran böyük rol oynayır. Bu baxımdan yeni bir körpünün tikilməsinə ehtiyac var”.
O deyib ki, əsas məqsəd iki ölkə arasında nəqliyyat infrastrukturunun bir neçə növündən, o cümlədən dəmir, avtomobil yolu və dəniz nəqliyyatından daha yüksək səviyyədə istifadə edilməsidir.
“İranda Prezident seçkilərindən əvvəl istədik ki, ölkə başçısının Həsən Ruhaninin dövründə olan iqtisadi fəaliyyəti yekunlaşdıraq və hansı nəticələrin əldə edilməsi ilə bağlı yekun nəticəyə gələk. Bununla bağlı Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Tehrana səfərə getdi. Tehranda bir sıra rəsmi görüşlər keçirilib. Daha sonra isə İranın üç naziri Azərbaycana səfərə gəldi”, – səfir xatırladıb.
Qeyd edək ki, bu ilin yanvar-may ayları ərzində İranla Azərbaycan arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 27 % artaraq 164 milyon 429 min ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsində Azərbaycanın ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,4 % azalaraq 8 milyon 404 min ABŞ dolları, İrandan Azərbaycana idxal isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 34 % artaraq 155 milyon 891 min ABŞ dolları təşkil edib.