Azərbaycan məhkəmənin qərarından razı qalıb
Azərbaycan Xarici İşlər Nazirliyi Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) müvəqqəti tədbirlər haqqında qərarına münasibət bildirib.
Azərbaycan XİN-in saytında yer alan açıqlamada qeyd edilib ki, bu qərar üçtərəfli bəyanata uyğun olaraq “Laçın dəhlizi ilə hər iki istiqamətdə hərəkət edən şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsizliyi” ilə bağlı Azərbaycan tərəfindən verilən zəmanətləri təsdiq edir.
Habelə bildirilir ki, AİHM-in qərarı “Azərbaycan hökumətinin Laçın dəhlizindəki vəziyyətə nə dərəcədə nəzarət etdiyinin mübahisəli olduğunu və aydın olmadığını” qeyd edir:
“Müxtəlif kütləvi informasiya vasitələrində Beynəlxalq Qızıl Xaç Komitəsinin və erməni təcili yardım maşınlarının Laçın yolu ilə sərbəst, təhlükəsiz keçdiyinə dair video sübutlar yayımlanıb. Beləliklə, müvəqqəti tədbirlər haqqında qərarda göstərildiyi kimi, Ermənistanda tibbi müalicəyə ehtiyacı olan ağır xəstələrin təhlükəsiz keçidi təmin edilib.”
XİN vurğulayır kiu, Azərbaycan hökuməti, ölkə ərazilərində hərəkət azadlığı ilə yanaşı, “Ermənistan tərəfindən Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarı, onların daşınmasına etiraz etmək məqsədilə Laçın yolunda toplaşmış dinc etirazçıların hüquqlarına da zəmanət verir”.
XİN qeyd edir ki, Azərbaycan beynəlxalq hüquq öhdəliklərinə əməl etməyə davam edəcək.