Azərbaycan: neft dollarlarının şəffaflığı

Çingiz Sultansoy

 Birinci hissə

 Azərbaycanda hakimiyyətin öz xalqına və ya xalqın hakimiyyət nümayəndələrinə münasibətinə qıraqdan baxanda adama elə gəlir ki, xalq və hakimiyyət tamaşaçılar və aktyorlardır. Xalq, yəni vətəndaşlar –  qıfıllanmış, rahatsız, səhnə ilə şəffaf, lakin möhkəm arakəsmə ilə bağlanmış zalda tamaşaçı qismində əyləşmişdir. Tamaşaçılar səhnədə siyasi rəhbərliyin oynadığı inanılması mümkün olmayan bir pyesə, ya da foksçuya daha çox yaraşan tamaşanı seyr edirlər. Zalda olanların çoxu öz həyat şərtlərindən və səhnədə gördükləri hərəkətlərdən narazıdırlar. Lakin onların nəsə deməyə və xüsusən də baş verənlərə necəsə təsir etməyə imkanları yoxdur. Onlar öz etirazlarını çox süst göstərirlər. Səhnədə olanlar isə zaldakıları eşitmirlər və eşitmək belə istəmirlər.

 Cavablar və arqumentlər

 İdarəetmədə şəffaflığın olmaması – müxalifətin, yerli ekspertlərin və beynəlxalq hüquq müdafiə təşkilatlarının əsas ittihamıdır. Hakimiyyətin cavabında xüsusi arqumentlər nəzərə çarpmır. Çünki onlar müxalifətə, müstəqil və tənqidi KİV-lərə faktlarla və məntiqlə deyil, dəyənək, məhkəmə və həbsxanalarla, KİV-lərin çapına və yayımına maneələrlə cavab verirlər. Xaricdə isə onlar terrorizmlə mübarizədə köməklərini və daxildə islamla mübarizələrini önə çəkirlər. Bütün bunlara baxmayaraq, Qərb üçün nə zamansa, haradasa, nəsə demək lazımdır. Ona görə, Azərbaycan hökuməti sübut etməyə çalışır ki, onun idarəetmə metodu tam şəffafdır, ictimayyət üçün açıqdır və onun siyasi səhnədə atdığı addımlar başadüşüləndir, xalqın rifahına yönəlib.

 Demokratiyaya və biliyə hazırlıqsızlıq

 Başa düşülməyən, hətta ekspertlərin belə tapa bilmədiyi sual odur ki, Azərbaycanın neft və təbii qazdan əldə etdiyi gəlirləri necə formalaşır və hara gedir? Sadə Azərbaycan vətəndaşlarından isə danışmağa dəyməz. Məsələ burada orta statistik Azərbaycan vətəndaşı və ziyalısının təhsilinin aşağı səviyyəsi, onun «anadangəlmə başadüşən olmaması» ilə bağlı deyil. Baxmayaraq ki, məmurların istinad etdiyi əsasən bu və xalqın «demokratiyaya hazır olmaması», «bizim öz inkşaf yolumuz var» nəzəriyyəsidir. Ali təhsilin Misir Mərdanov stilində aparılması sayəsində Azərbaycanda təhsilin planlı şəkildə sürətlə aşağı düşməsi və bu göstəricilərə baxmayaraq, təhsil naziri Misir Mərdanovun «Şöhrət» ordeni almasının əsl mənası bu kontekstdə daha çox başadüşüləndir. Qəbul imtahanlarında qəbul ballarının aşağı salınması fonunda təhsilimizin necə aşağı düşməyini görə bilərik. Korrupsiya, müəllimlərin simvolik maaşları, mənfi saldolu menecment –  bunlar təhsil faciəmizin əsas faktorlarından bəziləridir.

 Xalqın sərvəti və ya ailənin xüsusi əmlakı

 Azərbaycan neftinin dünya bazarlarına çıxarılması 1997-ci ildən başladı. Deyildiyi kimi, əgər bu sahənin keçən zaman ərzində şəffaflığı təmin olunsaydı, ixrac olunan neftdən ölkəyə gələn gəlirlərin tam sxemini öyrənmək olmasa da, heç olmasa, bu gəlirlərin necə və nə qədər gəlməsi haqqında təsəvvür yaranardı. Əslində isə çox şey hələ də məxfi olaraq saxlanılır.

Axı bu satılan neftdən gələn gəlir hara daxil olur? Onların başına nə və necə gəlir? Görəsən, bu gün niyə Azərbaycan Dövlət Neft Fondunun aktivləri 30 milyarddır, niyə az deyil və ya niyə çox deyil? Suallar çoxdur və bu suallar nəinki verilməlidir, bu sualları verən adamların tam və inandırıcı cavab almağa ixtiyarları var. Axı, söhbət konkret olaraq Azərbaycan rəhbərliyində kimlərinsə vicdanlılığından, bacarıqlılığından və kompitentliyindən, ələlxüsus da Əliyevlər ailəsinin özəl mülkiyyətindən belə getmir; söhbət Azərbaycanın milli sərvətlərindən gedir. Lakin vətəndaşlar ancaq səhnəni seyr edənlərdir, onların öz fikir və arzularını səhnəyə çatdırmaq imkanları sıfıra bərabərdir…

Daxil olan neft gəlirləri belə bölünür: dörddə birindən artıq olmayaraq xarici operatorlar – alyans şirkətlərinə çatır, bu, 20-25% eləyir; təxminən 75-80% Azərbaycana, yəni birbaşa Dövlət Neft Fonduna çatır. ARDNŞ-ə isə lap kiçik, alyans kompaniyalarının ümumi paylarının (yəni  25-30%-in ) onda biri çatır. ARDNŞ bütün şirkətlər kimi dövlətin büdcəsinə gəlirdən vergi verir. Bu xərclərdən sonra qalan məbləğ ARDNŞ-in gəliri hesab olunur, bu pulla o nə istəsə, edə bilər.

 Nə qədər girir, nə qədər çıxır?

 Maraqlıdır ki, ARDNŞ-in şəffaflıqla bağlı heç bir öhdəliyi yoxdur və heç kim onu yoxlamır. Bu fakta xüsusi diqqət yetirmək lazımdır, çünki ondan fərqli olaraq Neft Fondunun şəffaflıqla bağlı öhdəliyi var. İkisi də dövlət müəssisəsi olmalarına baxmayaraq, münasibətlər ayrıdır. Fond ayrı-ayrı dövlətlərin fondlarını özündə birləşdirən beynəlxalq strukturun üzvüdür və öz fəalliyyətini də bu təşkilatın tələblərinə uyğun qurmalıdır. Bu tələblərin ən əsası şəffaflıqdır. Bu öhdəliyi Dövlət Neft Fondu dəqiq yerinə yetirir, Fondun gəlirləri və xərcləri dəqiq bilinir. Bu pullardan hər il müəyyən məbləğlərin dövlət büdcəsinə keçirilməsi və büdcədən böyük məbləğlərin infrastruktur layihələrə xərclənməsi ayrı və çox maraqlı bir məsələdir. Daha dəqiq desək, bu, neft pullarının xərclənməsinin məqsədəuyğunluğudur və bu xərclərin Neft Fondunun şəffaflığına heç bir aidiyyatı yoxdur. Lakin bunun büdcə xərclərinin şəffaflığına və bu xərclərin effektivliyinə dəxli var, bu isə ayrı mövzudur.

Beləliklə, üzdə Azərbaycan rəhbərliyi guya öz xalqının qarşısında götürdüyü öhdəlikləri yerinə yetirir. Lakin bu ancaq səthi baxanda belə görünür. Biz sözarası daha bir mühüm məsələni də qeyd etmək istəyirik: Neft Şirkətindən Neft Fonduna nə qədər pul keçdiyi bilinir. Lakin bu, neft satışından əldə edilən gəlirin hamısıdırmı? Satışdan əldə edilən gəlirin hamısını Neft Fonduna keçirirlərmi?

Təkrar edirəm, bu heç də adi sual deyil: ARDNŞ-dən çıxan bütün pullar ARDNF-ə girirmi? Yoxsa, bu pulların kiçik, ya böyük hissəsi haradasa, hansısa bizə məlum olmayan hesablara yatırılır?

Bu, əsas, çox mühüm və dəhşətli dərəcədə üstü dumanla örtülmüş məsələdir.

 İkinci yazı sabahkı sayımızda

 

 

“Xural” qəzeti,

il 9, sayı: 058 (467), 12 oktyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button