Azərbaycan Prezidenti “Azərsu” ASC-yə 12 milyon manat ayırıb

Azersu1

Prezident İlham Əliyev istehlakçıların suölçən cihazlarla təmin edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, son illər Azərbaycan iqtisadiyyatının sürətli inkişafı infrastrukturun digər sahələrində olduğu kimi, içməli su təchizatı sahəsində də əsaslı inkişafa səbəb olub, müvafiq dövlət proqramlarına uyğun olaraq su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə bir sıra iri layihələr həyata keçirilib və hazırda icra olunan “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması kimi sosial yönümlü layihələrin icrası istiqamətində işlər davam etdirilir. Bu istiqamətdə həyata keçirilən islahatlar və layihələr birbaşa əhalinin rifahının, sağlamlığının və təhlükəsizliyinin qorunmasına yönəlib. Bu baxımdan əhaliyə verilən içməli suyun keyfiyyətinin yaxşılaşdırılması daim dövlətin prioritetləri sırasında olmuş və bu sahədə müntəzəm işlər həyata keçirilib.

İstehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin artırılması, əhalinin sağlamlığın başlıca meyarlarından biri olan dövlət standartlarına uyğun keyfiyyətli içməli su ilə fasiləsiz təmin edilməsi, habelə su təchizatı xidmətlərinə görə ödəniş səviyyəsinin yüksəldilməsi, istehlak edilən suyun uçotunun dəqiq aparılması və itkilərin qarşısının alınması məqsədilə müvafiq suölçən cihazların quraşdırılması işləri həyata keçirilməkdədir.

Dövlət başçısı həyata keçirilən su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri çərçivəsində su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə edən əhali qrupu istehlakçılarına suölçən cihazların quraşdırılması işlərinin daha da sürətləndirilməsi məqsədilə qərara alıb ki, əhali qrupu istehlakçılarının suölçən cihazlarla təmin edilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 12 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Report.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button