Azərbaycan prezidenti Münhendə İsrailin müdafiə naziri ilə danışıb

Prezident İlham Əliyevin fevralın 17-də Münhendə İsrailin müdafiə naziri Yoav Qallant ilə də görüşü olub.

AZƏRTAC-ın xəbərinə görə, Əliyev Azərbaycanla İsrail arasında münasibətlərin dostluq, tərəfdaşlıq xarakteri daşıdığını, müxtəlif sahələrdə, o cümlədən müdafiə və hərbi-texniki əməkdaşlığın inkişaf etdiyini bildirib.

O, Azərbaycanın İsraildə səfirliyinin tezliklə fəaliyyətə başlamasının əlaqələrin inkişafına daha böyük töhfə verəcəyinə əminliyini ifadə edib.

Məlumata görə, görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ötən il sentyabrın 18-də Azərbaycan Milli Məclisi İsraildə (Tel-Əviv şəhərində) Azərbaycan səfirliyinin təsis edilməsi haqqında qanun layihəsini qəbul edib.

Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən bir il sonra İsrailin Bakıda səfirliyi açılıb. Amma bu müddət ərzində Azərbaycanın İsraildə səfirliyi olmayıb.

Rəsmilər bunun səbəbi barədə danışmasalar da, yerli mediada bu Azərbaycanın İranla münasibətləri gərginləşdirmək istəməməsi ilə izah edilirdi.

Son illər Azərbaycanla İran arasında tez-tez qarşılıqlı ittihamlar eşidilir.

Bu il yanvarın 27-də isə Azərbaycanın Tehrandakı səfirliyinə bir şəxsin silahlı basqını olub. Nəticədə səfirliyin bir mühafizə əməkdaşı həlak olub, ikisi yaralanıb. İran rəsmiləri silahlı basqının araşdırıldığını açıqlayıblar.

İlham Əliyev Almaniya Federativ Respublikasında səfərdədir. O, fevralın 17-də başlayan 59-cu Münhen Təhlükəsizlik Konfransında iştirak edir.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button