Azərbaycan Qarabağda ‘mühəndis işləri’nin qarşısını aldığını deyir

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Qarabağda “mühəndis işləri”nin qarşısı alınıb.

Nazirliyin açıqlamasına görə, mayın 29-da “Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ağdam, Xocavənd, Şuşa, Laçın və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər”.

Vurğulandığına görə, Azərbaycan ordusunun gördüyü “təxirəsalınmaz tədbirlər nəticəsində aparılan mühəndis işləri dərhal dayandırılıb”.

Amma bu məlumata, hələlik, Rusiya sülhməramlıları kontingentinin rəhbərliyi və digər maraqlı tərəflərin münasibətləri bəlli deyil.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Son illər Azərbaycan və Ermənistan arasında fasilələrlə sülh danışıqları aparılır.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button