Azərbaycan Qazaxın dörd kəndinə nəzarəti bərpa etdi

Mayın 24-də Azərbaycan sərhədçiləri Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərini nəzarətə götürüb.

Bu barədə baş nazirin müavini Şahin Mustafayevin xidməti məlumat yayıb.

Ötən əsrin 90-cı illərində işğal olunan bu kəndlərin bu il aprelin 19-da dövlət sərhədlərinin delimitasiyası üzrə komissiyaların 8-ci görüşündə Azərbaycanın nəzarətinə keçəcəyi ilə bağlı razılıq əldə edildiyi açıqlanmışdı. Həmin vaxt Azərbaycan və Ermənistan öz aralarında sərhədin 1991-ci il Almatı bəyannaməsi əsasında müəyyən edilməsini də razılaşdırmışdılar,

“Delimitasiya işləri nəticəsində 12.7 km uzunluğunda sərhəd xətti müəyyən edilmiş və bununla Azərbaycan Respublikasının Qazax rayonunun dörd kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6.5 kv.km) Azərbaycana qaytarılması təmin edilib”, – Mustafayevin xidməti vurğulayır.

Buna qədər Azərbaycan ümumilikdə səkkiz, Ermənistan isə 31 kəndinin ərazilərinin işğal edildiyini acılayıb.

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu.

Azərbaycan təqribən 20 faiz ərazisinin, Ermənistan isə bəzi kəndlərinin işğal edildiyini bildirirdi.

2020-ci ildə 44 günlük müharibə və ötən il sentyabrında bir günlük hərbi əməliyyat nəticəsində rəsmi Bakı bütün ölkədə suverenliyini bərpa etdiyini açıqladı.

Bakı Qarabağda bir günlük əməliyyatı “lokal antiterror tədbirlər”i, Yerevan isə “etnik təmizlənmə” kimi dəyərləndirib.

Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button