Azərbaycan və Aİ arasında vizalar və readmissiya haqqında saziş layihələri təsdiqlənib

Stefano Manservisi30.07.2013

İyulun 29-da  Brüsseldə Aİ və Azərbaycan arasında viza rəsmiləşdirilməsinin sadələşdirilməsi və readmissiya haqqında saziş layihələri paraflanıb.

Layihələr Azərbaycanın Aİ nümayəndəliyinin rəhbəri, səfir Fuad İsgəndərov və Avropa Komissiyasının daxili siyasət üzrə baş direktoru Stefano Manservisi tərəfindən paraflanıb. 

Paraflanmış sazişlərin bu ilin noyabrında Vilnyusda “Şərq Tərəfdaşlığı” proqramının iştirakçısı olan dövlət başçılarının sammiti çərçivəsində imzalanması nəzərdə tutulur, xəbəri Azərbaycan XİN-in mətbuat xidməti yayıb.

Viza rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında Saziş Azərbaycan vətəndaşlarının Avropaya asanlaşdırılmış qaydalarla səfərlərinə geniş imkanlar açır. Xüsusilə elm adamları, təhsil məqsədilə səfər edən tələbələrimiz, müalicə məqsədilə Avropa ölkələrinə səfər etmək zərurəti duyan vətəndaşlarımız, dövlət və hökumət əhəmiyyətli səfərlər, eyni zamanda, idman, mədəniyyət və humanitar tədbirlərdə iştirak etmək məqsədilə səfər edən şəxslər bu sazişin müddəalarından irəli gələn sadələşdirilmiş üsulla viza almaq imkanı əldə edəcəklər.

Viza rəsmiləşdirilməsinin sadələşdirilməsi Sazişinin imzalanmasının digər bir üstünlüyü isə vizanın əldə edilməsi üçün tələb olunan sənədlərin sayının əsaslı şəkildə azaldılması, viza rüsumlarının qarşılıqlı şəkildə iki dəfə azaldılması, uzunmüddətli və çoxdəfəli vizaların əldə edilməsi imkanıdır. Eyni zamanda, xaricdə yaşayan ailə üzvlərini ziyarət etmək məqsədilə Avropaya səfər edən vətəndaşlar bu Sazişin yaradacağı güzəştlərdən faydalana biləcəklər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button